15
"Mafiyalar vesterni"
İtalyan dilindən tərcümə edəni: Cəmşid Cəmşidov
XX əsr italyan ədəbiyyatında özünəməxsus yeri olan Leonardo Şaşa (1921-1989)
maraqlı esselər və gözəl hekayələr müəllifi olmaqla yanaşı, həm də mahir detektiv ustası
kimi tanınır. Yazıçının 1961-ci ildə işıq üzü görmüş "Bayquşun günü" romanı indiyədək
onun ən geniş yayılmış, ən çox satılan və xaricdə çap olunmuş ilk əsəri kimi, böyük ədəbi
uğuru sayılır. Romanda ilk dəfə olaraq italyan mafiyasının kəndlərdəki hökmranlığının
şəhərlərə sirayət etməsindən bəhs olunur. Həmin ildə L.Şaşa
görkəmli həmyerlisi
L.Pirandelloya həsr olunmuş "Pirandello və Siciliya" adlı elmi-tənqidi esselər toplusunu
da çap etdirir. Daha sonra XVIII əsr Palermo tarixindən götürülmüş "Misir xartiyası"
(1964) tarixi romanı, XVIII əsrdə yaşamış bir rahibin həyatından bəhs edən "İnkvizitorun
ölümü" (1964), 1862-ci ildə Palermoda baş vermiş dövlət çevirilişini təsvir edən "Xəncər
gəzdirənlər" (1966) və artıq tam siyasiləşmiş şəhər mafiyasının fəaliyyətini açıqlayan
"Hər kəsin öz qisməti" (1966) romanları çap olunur. 1973-cü ildə L.Şaşanın "Şərab rəngli
dəniz"
hekayələr toplusu, 1974-cü ildə isə məşhur "Kontekst" romanı işıq üzü görür.
Detektiv yazı texnikasından parodiya kimi istifadə edən yazıçı "Kontekst"də cərəyan
edən hadisələri uydurulmuş bir məkanda təsvir etsə də, ölkənin bilavasitə İtaliya olduğu
açıq-aydın göz qabağındadır: hakimiyyət məqsədilə aparılan
prinsipsiz siyasi oyunlar,
pulla ələ alınmış manyak tərəfindan icra olunan sifarişli qətllər, satqın dövlət məmurları
və "fövqəladə mimikriya qabiliyyətinə malik olan,
siyasi rejimlərin bütün
dəyişkənliklərində öz mövcudluğunu qoruyub saxlamağı bacaran məşum mafiya
təşkilatı"... 1970-80-ci illərdə yaradıclığının zirvəsində olan L.Şaşa "Nə yolla olur-olsun"
(1975), "Mayorananın yoxa çıxması" (1975), "Moronun işi" (1978), "Yaddaş teatrı"
(1981) kimi maraqlı roman və povestlərlə çıxış edir. 1989 -cu ildə,
ölümündən bir qədər
əvvəl, o, son hekayəsini - "Sadə bir hekayət"i çap etdirir...
Leonardo Şaşa ziddiyyətli şəxsiyyət idi. Ötən əsrin 60-80-ci illərində İtaliyanın mürəkkəb
ictimai-siyasi həyatında fəal iştirak edən bütün yaradıcı ziyalılar kimi, o da siyasi seçim
dilemmalarından, mənəvi böhranlardan azad deyildi. Bu baxımdan, yazıçının 1979-cu
ildə çap olunmuş gündəlikləri onun bir sənətkar kimi formalaşması, şəxsi həyatı, ədəbi-
ictimai kredosu və siyasi baxışları ilə daha da yaxından tanış olmağa imkan verir. L.Şaşa
tez-tez qeyd edərdi: "Boynuma alıram ki,
mənə yersiz görünməmək, münasib olmaq,
müdriklik göstərmək qabiliyyəti verilməyib,
ancaq hər şey necə olubsa, necə
varsa,elədir."
Yazıçının "Şərab rəngli dəniz" kitabından götürülmüş "Mafiyalar vesterni" hekayəsini
"Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.
Dostları ilə paylaş: