176
Poeziya
Rus poeziyasından seçmələr
Şeirlər
Gəl əyləşək, qardaşım,
Gəl dərdləşək bir qədər
Şair-tərcüməçi Mahir Qarayev birinci və sonuncu kitab rubrikasıyla uzun illərdən bəri
qələmə aldığı və dilimizə çevirdiyi əsərlərdən ibarət toplunu oxuculara təqdim etmişdir.
Həmin kitabdakı tərcümələrdən bir qismini «Mədəniyyət»in oxucularının diqqətinə
yetirir və şair-tərcüməçi Mahir Qarayevə sözünə xilaf çıxıb yeni kitablar yaratmağı
arzulayırıq. Çünki onun yazıb-yaratmaq haqqı var.
Mixail Yuryeviç Lermontov
Vəsiyyət
Gəl əyləşək, qardaşım,
Gəl dərdləşək bir qədər:
Mən ömrümü yaşadım,
Lap az qalıb deyirlər!
Evə gedirsən, ancaq
Nə deyim... bir sözüm yox;
Mənə canı yanacaq
Orda bircə kəsim yox.
İşdir, əgər bir adam
Gəlsə, soruşsa məni…
De ki, yaralanmışam,
Güllə dəlib sinəmi;
Qurban getmişəm çara,
Həkimlər də xamdı de,
Bir də doğma diyara
Məndən çoxlu salam de.
İnanmıram indiyə
Atam, anam sağ olsun…
Sağ olsalar da, niyə
Dərdim təzə dağ olsun;
De ki, işdə-gücdədir,
Çox tənbəldi yazmağa,
Alay da yürüşdədir -
177
Gözləməsinlər daha…
Bir də qonşu qız ancaq
Biz ayrılan nə vaxtdır!..
Məni soruşmayacaq,
Yox, gözləmə, nahaqdır…
Rayner Maria Rilke
Qayışı-qaytanı atıb qurağa
o kənddən-kəsəkdən qaçırdı bu at;
uçurdu axşamın qaranlığına -
üzü tənhalığa çapırdı bu at.
Çapırdı, hər şeyi unudub artıq -
yalı yellənirdi, başı əsirdi,
yaman tələsirdi… və budur artıq
gemgeniş talada o tək gəzirdi!
Qulaq kəsilirdi, oxuyurdu at…
Atın bu surəti məndən amanat!
Ciddi an
Bu anda bu cahanda
səbəbsiz-filansız ağlayan hər kəs -
məni ağlayır.
Bu gecə kim eləcə
səbəbsiz-filansız deyib-gülürsə
məni dağlayır.
Bu anda bu cahanda
səbəbsiz-filansız gəzən hər kəsin
yolları yönəlir mənim üstümə.
Bu anda bu cahanda
səbəbsiz-filansız ötən hər kəsin
gözləri dikilir mənim üzümə.
Anna Axmatova
* * *
Niyə murdarlayıb içdiyim suyu,
Yediyim çörəyə ağı qatdınız?
Niyə olan-qalan azadlığımın
Ağzına daş basıb tıxatdırdınız?
178
Əzabla can verən dostun-sirdaşın
Acı qismətinə gülmədim deyə?
Bu dərdli vətənə dönük çıxmadım,
Dar gündə atmadım, getmədim deyə?
Neyləyək.
Bu dünyada şair olan kəs
Cəlladsız, edamsız keçinə bilməz.
Alın yazımızdır - əlimizdə şam
zarımaq, ulamaq hər səhər-axşam.
1935
* * *
Mən qəddi bükülən,
əlləri əsən,
Solğun sifətini qırışlar kəsən
Acıdil, tündməcaz qarıyam artıq.
Öz zərgər işindən razı cəlladım
Süzür dərimdəki qamçı yerini,
Şallaq izlərini məmnun baxışla…
Bağışla, ilahi, özün bağışla!
1919
Boris Pasternak
Qış gecəsi
(Yuri Jivaqonun şeirlərindən)
Külək sovururdu, şırımlayırdı
Qarı bu axşam.
Masanın üstündə bir şam yanırdı,
Yanırdı bir şam.
Yay günü mığmığa, hünü topası
Oda cumantək,
Sovurub çırpırdı qar lopasını
Şüşəyə külək.
Ox-ürək rəsmiylə naxışlanırdı
Şüşə durmadan.
Masanın üstündə bir şam yanırdı,
Yanırdı bir şam.
Tavanda kölgələr solğun təlaşla
179
Titrəşirdilər,
Qol, qıç və talelər çarpazlaşıb da
Cütləşirdilər.
Və bir cüt başmaq da necə düşdüsə
Taqqatan yerə,
Damdı göz yaşığək paltarın üstə
Mumdan bir gilə.
Sovrulub gedirdi hər nə ki vardı
Bu qarda tamam.
Masanın üstündə bir şam yanırdı,
Yanırdı bir şam.
Və ehtiras odu, bucaqdan şamı
Vurduqca külək
Sanki xaçabənzər qoşa qanadı
Gərdi mələk tək.
Keçdi bütün fevral qarlı-boranlı,
Tam bir ay müdam
Masanın üstündə bir şam yanırdı,
Yanırdı bir şam.
1945
Osip Mandelştam
* * *
İlahi, bu gecədən çıxart məni birtəhər:
Öz quluna rəhm elə - qoyma ölə, ilahi!
Peterburqda yaşamaq - ölümdən də betərdi!
Yanvar, 1931
* * *
Nəhəng fil qulağında yaşayırıq sanki biz,
Onca addım o yanda eşidilmir səsimiz.
Qulaqları dəng edən o qaniçən, o alçaq -
Kreml dağlısının səsi-sözüdür ancaq.
Soxulcantək yağlıdır qapqara barmaqları,
Qupquru kəlmələri pudluq çəki daşıdır.
Tarakan bığlarının hey qımışır ucları,
Par-par yanır, işarır çəkməsinin quncları.
Boynuyoğun, heyvərə bir yığın vəkil, vəzir
180
Gəzir həndəvərində hər əmrinə müntəzir.
Fərman dalınca fərman, yollayır sola-sağa -
Nallayır gah alına, gah gözə, gah qaşığa.
Ürəyinə yağ kimi
yayılır edam səsi,
Və qabarır dağ kimi
gen osetin sinəsi.
1934
Marina Svetayeva
* * *
Gedirsən, mənim oxşarım,
Gedirsən - gözünü yerə dikərək.
Mən də yeriyəndə yerə baxardım!
Sən ey yoldan ötən, bir əylən görək!
Bir az gül-çiçək dər, nəfəs dər bir an,
Bir azca dinclik ver ayaqlarına;
Bu qara torpaqda kimdi gör yatan,
Nə qədər yaşadı bax ki Marina.
Qəbir torpağıdır - tutur adamı,
Unut qəbrimi də qəbir kimi sən…
Mən də çox sevərdim
sükut məqamı
Açılam ürəkdən, güləm ürəkdən!
Gün vardı, hər günüm yüz ilə təndi,
Qıvırcıq tellərim düzlə, dağla bir…
Mən də vardım,
mən də yoldan ötəndim!
Sən ey yoldan ötən, ayaq saxla, dur!
Qopar bu yerlərin gül-çiçəyindən,
Nə qədər istəsən moruq dər, apar -
Dünyada qəbristan çiyələyindən
İrisi, dadlısı çətin tapılar.
Sergey Yesenin
Anama məktub
Söylə, qarıcığım, salamatmısan?
Mən də salamatam. Salamlar sənə!
Süzülüb qoy sirli axşam işığı
181
O yastı daxmanın axsın üstünə.
Yazırlar, gizlicə dolub dərd-sərə
Yanırsan həsrətdən korun-korun sən;
Nimdaş sırıxlında gündə yüz kərə
Yoluna çıxırsan mən nankorun sən.
Şər vaxtı gözlərin dolur təlaşla,
Axşamın toranı durur qəsdinə;
Guya meyxanada, dava-dalaşda
Saplayır bıçağı kimsə köksümə.
Əl çək, canım-gözüm, qəlbini didən
Belə qarış-quruş xəyal-xülyadan.
O qədər də əyyaş deyiləm ki, mən
Səni görməyincə köçəm dünyadan.
Mən dəyişməmişəm heç bir tikə də,
Elə həminkiyəm - mehriban, həlim.
Tək bircə arzum var - bitsin bu kədər,
Yenə evimizə qayıdım, gəlim.
Gələrəm, bağımız baharsayağı
Ağappaq gül açıb çiçəkləyincə.
Amma oyatma ha məni sübh çağı
Oyatdığın kimi səkkiz il öncə.
Rafael Alberti
* * *
Bilsəm də aclıq
arzunu, istəyi udur, aparır -
yenə əvvəlkitək oxuyam gərək;
Bilsəm də məhbəs
arzunu, istəyi didir, qoparır -
yenə əvvəlkitək oxuyam gərək;
Bilsəm də ölüm
arzunu, istəyi puça çıxarır -
mən yenə,
yenə əvvəlkitək oxuyam gərək!
* * *
182
Bilirəm,
hardasa savaşdır yenə.
Bilirəm dünyanın harasındasa
insanlar al qana bulaşır yenə.
Susun!
Bir anlığa susun, siz allah!
Qoysanız unudam olub-keçəni?!
Və qoy uzaqlara, lap uzaqlara
aparsın, aparsın bu külək məni.…
Andrey Voznesenski
Qoyya
Mən - Qoyyayam!
Quzğun tək
çılpaq çölə enərək
mərmilərlə düşmənim
gözlərimi yenidən didib çıxarmış mənim.
Mən - dərdəm, müsibətəm.
Mən - davanın, qırğının,
qırx birin qarı üstdə
kösövü tüstüləyən şəhərlərin səsiyəm.
Mən - aclığam, qıtlığam.
Mən - kimsəsiz meydanda
kilsə zəngindən betər
cəsədi yırğalanan
o dardakı arvadın dartılan boğazıyam…
Mən - Qoyyayam!
Qisas dağarcıqları!
Mən - qərbə sarı
nalə-şivən kimi
qəfil püskürən
bir vaxtsız qonağın külüyəm, külü!
Xatirə səmasına
ən sərt ulduzları çaldım mıx kimi…
Mən - Qoyyayam!
183
Şandor Petefi
YANMAQ ÜCÜN DOĞULAN
Yerlə Göy arasında ruhları ağrı çəkən, güllə yarasından, qılınc zərbəsindən şəhidliyin
zirvəsində bağrıqan olanların səsi, harayı bəşəriyyətin, xüsusilə mənəvi aləmin sarsıntıları
içərisində yaşayanların qəlbində hər gün əks-səda verir, ürəklərdəki min-min ocağın
külünü, odunu yenidən közərdir, yenidən alovlandırır.
Ürəyini əbədi məşələ döndərənlərin, əfsanəvi səməndər quşu kimi özünü oda vuranların,
yanıb kül olanların od qığılcımları həmişəlik sönmüş olsaydı, Qiyamət lap çoxdan qopar,
Tanrının ümid qapıları yaratdıqlarının üzünə birdəfəlik bağlanardı.
İnsanlığı bəlalardan qurtarmağa, zülmətləri idrak işığı ilə boğmağa çalışanlara qəsd
olunanda Yer də, Göy də təngnəfəs olur, qara buludlar qatılaşır, sıxlaşır, seçilmişlərini
xilas etməyə Tanrının da əli çatmır, bütün yaratdıqlarının başı üstündə dayanır, gözündən
gildir-gildir yaş gilələnir...
On illər, yüz illər axıb əbədiyyətə qovuşur. Xeyir Şərə qalib gələndə külə dönmüş ocaqlar
ruhların qayıdış yerinə çevrilir, şəhidlərin ruhu işığa çıxır, alınlardakı çarpaz qırışlar
nurlu zolaqlara çevrilir.
Dar ağacına aparılarkən daşqalaq olunan Həllac Mənsurun, sərpa soyulanda Günəş kimi
qürub edən İmadəddin Nəsiminin işığı düşür üstümüzə bu gün...
Bənzəyir kündə ayağımda dəyirman daşına,
Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim! -
deyən Əfzələddin Xaqaninin fəryadı eşidilir zindan dünyanın göylərindən...
Dahilər heç vaxt bir ölkənin, bir xalqın sərhədlərinə, hüdudlarına sığmır...
Belə hüdud-sərhəd sığnağı olmayan dahilərdən biri də macar xalqının cəngavər şairi
Şandor Petefidir.
Cəmi iyirmi altı il ömür sürmüş Şandor Petefi (1823-1849) dünyada bir işıq zolağı qoyub
getmişdir.
Yaradıcılığı ilə ilk tanışlığımdan həmişə Şandor Petefini qəlbimdə Mikayıl Müşfiqlə
müqayisə etmişəm, əbədiyyət üfüqlərində onların ulduzlarını yanaşı yanan görmüşəm.
Mərhum ustad Əkrəm Cəfərdən eşitmişəm, Hüseyn Cavid əfəndi deyirmiş: "Müşfiq elə
bir oddur ki, özü özünü yandıracaq..."
Şandor Petefidə də belə bir misra var:
Məni yandıracaq içimdəki od!
İçindən yanıb-odlananların taleyi nə qədər oxşar olurmuş...
Şandor Petefi də həyatın dibindən qalxıb ayaq tutmuş, yoxsulluq, maddi ehtiyac ucundan
təhsilini alayarımçıq qoyub, taleyin hökmü ilə həyatın burulğanlarına atılmış və son
nəfəsinə, son anına qədər mübarizələrdə olmuş, rahatlıq, dinclik nə olduğunu
bilməmişdir. Ağlı kəsən kimi könüllü olaraq əsgər paltarı geymiş, gəzərgi aktyor dəstələri
ilə ölkəni gəzib-dolaşmış, əlacı kəsiləndə, bəd ayaqda bir müddət canını dişinə tutub
dəftərxana məmuru işləmiş, fəqət təbiətinə uyğun gəlməyən işdə davam gətirməmişdir.
O, ruhən, təbiətən üsyançı idi. Onun bütün əsərlərində barışmazlıq, başəyməzlik, insani,
bəşəri mənəmlik var. Bu mənəmlik lovğalıqdan, təkəbbürdən, insana kölə kimi
184
baxmaqdan yox, insana insan kimi yanaşmaqdan doğur. İnsanın insana qul kimi baş
əyməyini günah sayır.
Məsləki, məramı vətəni, xalqı, ümumən bəşəriyyəti buxovlardan, zəncirlərdən, qan-
qadadan, əsirlikdən-yesirlikdən uzaqda görməkdir. Başıaşağı, müti şairləri qınağa çəkir,
qanına çəkilmişləri xalqa həyan olmağa çağırır, bir əlində qələm, bir əlində silah, özünü
oda vurur. Döyüşdə məğlub olub geri çəkiləndə belə ruhdan düşmür, mərdlik
göstərənləri, Vətən şəhidlərini sözün sehri ilə sanki ayağa qaldırır, haqqın dərgahına
üzüağ aparır.
Ş.Petefi Vətənin müdafiəsinə qalxan "Gənc Macarıstan" təşkilatına başçılıq edirdi. 1848-
ci il martın 15-də Peşt və Budada gənclərin üsyanında başçı kimi öndə addımlamış, əldə
silah, ölüm-dirim savaşına girmişdi.
P.Petefinin ömür yolu Macarıstanın taleyi uğrunda rus ordusu ilə qanlı savaşda başa
çatmışdır. Son damla qanı qalana qədər, son nəfəsə qədər vuruşub... Yüzlərlə əsgərin
sırasında şəhid olub. Məzarı olmayanlardandır.
Neçə illər bundan öncə "Literaturnaya qazeta"da bir yazıya da rast gəldim. Bir fərziyyə
də vardı o yazıda. Güman edilirdi ki, Petefi ruslara əsir düşüb, sürgündə vəfat edib.
İnanmadım, çünki o qəlbin, o ürəyin yiyəsi zəncirə, qandala bir gün də davam gətirməzdi.
Onun mübarizəsi bəşəriyyətə ərməğan olan şeirlərində, poemalarında davam edir...
AĞASƏFA
Şandor Petefi
DÖYÜŞƏ
Torpaq qəzəb püskürür,
Göy kinlidir döyüşdə,
Qan axır su yerinə,
Od ələyir Günəş də.
Qızarıb qürub çağı,
Üfüq qalıb sərili...
İrəli, macarlar, döyüşə!
İrəli, ordumuz, irəli!
Qürub çağı buludlar
Görünür qan içində,
Nizələr parıldayır
Tüstü-duman içində.
Qara bir pərdə çəkir,
Göyə yerin bir əli...
İrəli, macarlar, döyüşə!
İrəli, ordumuz, irəli!
Tüfənglər şaqqıldayır,
Aləmi götürüb səs,
Silah gurultusundan
Titrəyir ərz, əsir ərz.
Torpaq uçur, dağılır,
185
Göyün gözü bərəli...
İrəli, macarlar, döyüşə!
İrəli, ordumuz, irəli!
Döyüşdəki hünərlə,
Qəzəblənib coşmusan,
Tüstüsündən sərxoşsan,
Al qanından çaşmısan.
Salamat çıxarammı,
Ya qalaram sərili?..
İrəli, macarlar, döyüşə!
İrəli, ordumuz, irəli!
Meddeş, 1849
MART GÜNLƏRİNİN GƏNCLƏRİ
Qul olanda azadlıqdan,
Kim xoşlamaz danışmağı?
İlkin-əvvəl xalqa çoxdan,
Biz demişik bunu, axı.
Qaldırıb haqq bayrağını,
Yurda bahar gətirmişik.
Azadlığın sorağını,
Bu xalqa biz yetirmişik.
Bu torpağa əl vur görək,
Ölmüş xalqın dalğalanar.
Düz on iki milyon ürək,
Silkələnər, yırğalanar.
Bizi - bütün macarları,
Ağrı, arzu birləşdirir.
Hamı, hamı bu diyarı,
Ürəyində yerləşdirir.
Yarım əsr ötüşəndə,
Qocalanda bu yer üzü.
Bu günlərdən söz düşəndə,
Xatırlasın ellər bizi.
Ölüb, məğlub olmayıbdır,
Macar-əsgər sinə gərib.
Şöhrətimiz solmayıbdır,
Bir az dava ara verib.
Döyüş vaxtı mürgüləyən,
Yarpaq kimi tir-tir əsən.
İndi igid çıxıb deyən,
Çələngi var, işə bax sən.
Kim gəlmirdi heç yaxına,
Unutmuşdu hər vədəni.
186
Macarların sağlığına,
O qaldırır ilk badəni.
Çənə vurun indi yay-qış,
Diliniz də uzun olsun.
Qanımızla qızardılmış,
Çələnglər də sizin olsun.
Çələnglərin bircəsini,
Qoparmarıq boynumuzdan.
Döyüşlərdə təzəsini,
Qazanarıq biz bir azdan.
Çələng sizin olsun artıq,
Başınızı bəzəyin siz.
Şöhrət üçün çarpışmadıq,
Vətən üçün döyüşdük biz!
Peşt, 1848
YENƏ BAŞIM ÜSTƏ UÇUR TORAĞAY...
Yenə başım üstə uçur torağay,
Bu quş az qalmışdı çıxsın yadımdan.
Bahar müjdəçisi, oxu, sal haray,
Şənlən ki, açıqdı, genişdi meydan.
İlahi, dünyada belə səs hanı?
Döyüş səslərindən aldı, qopardı.
Mənim əllərimin qızıl qanını,
Təmiz nəfəsiylə yudu, apardı.
Oxu, ey əzizim, eşitsin aləm,
Yadıma saldın ki, burda mən varam.
Anladım, yox, təkcə əsgər deyiləm,
Mən də sənin kimi bir nəğməkaram.
Cingiltin, cəh-cəhin bürüyüb göyü,
Məhəbbət naminə, sənət eşqinə.
Dilləndir qəlbində sızlayan neyi,
Bu iki ilahi qüvvət eşqinə.
Şirin xatirəli, gözəl arzulu,
Günlər cana gəlir xoş nəfəsinlə.
İki al-qırmızı qızılgül kolu,
Açılır sinəndə sənin səsinlə.
Burdan sevdiyimin yanına uçun -
Budur ilk istəyim, əzəl niyyətim.
Bu xoşbəxtlik üçün qol-qanad açın,
Sevinci hamıyla bölüşün dedim.
Açım həqiqəti, deyim nədir sirr,
Bu sirri Allah da etiraf edir:
Cənnət yuxarıda - göydə deyildir,
187
Burda, aşağıda - yer üstündədir.
Oxu, ey torağay... harayla, çağır,
Qaldırsın gülləri yerin qatları.
Oxu, xoşxəbər quş, oyansın axır,
Qəlbimin uyumuş, yatmış qatları.
Betlen, 1849
15 mart, 1848
Bu macar xalqının sənət pərisi,
Şövqə gəl, əlinə götür tişəni.
Qeydə al, həkk elə bu böyük günü:
Axır biz nə gördük böyük nəşəni!
Yüz il cəhd elədi ata-babalar,
Çalışdı, canını atəşə yaxdı.
Onu bircə gündə həll elədik biz,
Bu böyük bayramın heç misli yoxdu!
Oyna, pərvaz elə, qanadlan indi,
Daha qul deyilsən, ey ağıl, kamal!
Haranı istəsən, ora sənindi,
Azadsan, dayanma, ucal... hey ucal...
Qanadlan üstündə doğma Vətənin...
Çəkdin əsrlərlə acı qəmi sən.
Qolunu qırdıqca ağır zəncirlər,
Gözdən yaş tökmüsən, ağı demisən.
Mətbuat azaddır! Bu millət üçün,
Daha könlüm dinib fəqanə gəlməz.
Daha oyanıbdır... vurur ürəyi...
Daha inanıram: Vətənim ölməz!
Bu cəsur, bu məğrur, dönməz, əyilməz,
Peştin gənclərinə alqış deyirəm!
Vətənin dərdinə əlac etdilər,
Onlara mən yenə alqış deyirəm!
Seymdə, o ali dairələrdə,
Boş-boş uzandıqca söhbət, məşvərət.
Cavanlar hökm etdi burda - şəhərdə,
Həqiqət yerini tapdı, nəhayət!
İndi bərk yapışın, cavanlar, işdən!
Günahkar əliylə allahsızların,
Haqqın qapısına haqsız vurulan,
Paslı qıfılları qırın, qoparın!
Birdən nökər-düşmən şığısa əgər?
Şığısın! Bilirik neylərik onda!
Təzə zəncirdənsə, köksümüz üstə,
Qoy xəncər saplansın haqqın uğrunda!
188
Azadlıq əzizdir hamımız üçün!
Döyüşə, ey Peştin igid gəncləri!
Biz haqq döyüşündə məğlub olmarıq,
Bizim gücümüzə çatmaz gücləri!
Biz yıxdıq, dağıtdıq bütün sədləri,
Bu ağır döyüşdə min-min idik biz.
Bizim üzümüzdə alov yanırdı,
Gözümüz qığılcım saçırdı köz-köz!
Dedik, haray saldıq: "Sözə azadlıq!"
Kim bizi susdurar? Daşdı səbrimiz!
Qırdıq aşkarlığın qandallarını,
Tamam azad etdik mətbuatı biz!
Sonra Buda tərəf getdik axınla:
Orda zindandadır sənətkar, heyif.
Nə var ki... Vətənin dərdi-sərindən,
Cəsarət eyləyib, bir yol söz deyib.
Budur, qədim Budun yüksəkliyinə,
Cavanlar qalxırlar qartallar kimi.
Bizim həmləmizdən qayalar əsir,
Titrəyir, canında qorxu var kimi.
Məhbusu götürdük, aldıq qol üstə,
Geniş azadlığa çıxardıq onu.
Yəqin, Matyuşanın dövründən bəri,
Belə şən görməyib bu xalq yurdunu!
Macar sənətinin bu tarixini
Gərəkdir daşlara həkk edək, yazaq.
Bizim nəvələrin nəvələri də,
Gərək bu şənlikdən düşməsin uzaq.
Bir qədər öyünə bilsəydim əgər,
Qürurla anırdım o anları da.
Axı, mən başçılıq etdim bu işə,
Çağırdım, apardım cavanları da.
Bütün həyatımın ziynəti olan,
Bu gündən heç zaman gen düşmərəm mən.
Napoleon, bugünkü şöhrətimi, bil,
Sənin şöhrətinə dəyişmərəm mən!
Peşt, 1848
MƏN DEYİRƏM: QALİB GƏLƏCƏK MACAR
Mən deyirəm: qalib gələcək macar,
Verməz yerə, göyə zərbəmiz macal.
Bizdən uzaq idi qələbə, uğur,
Çünki ayrılmışdı qəlb ilə ağıl.
İndi hər şey birdir, ey macar, inan!
Qalib gələcəyik, söylə, bəs haçan?
189
Birik - döyüşlərdə vermək üçün can!
Ey xalq, ona görə yaşayacaqsan!
Nura qərq edəndə öz ömrümüzü,
Həsəd çəkəcəkdir bizə yer üzü.
Girmişəm alova cəsarətlə mən,
Qorxub-çəkinmirəm qəfil güllədən.
Tale qoruyacaq, qıymaz ki, öləm,
Bilir ki, lazımam, gərəyəm hələm.
Düşmənlər məhv olub, ölən gündə mən,
Şeir deməliyəm el önündə mən.
Azadlıq uğrunda gərərək sinə,
Ər tək ölənlərin xatirəsinə.
Gərək nəğmə deyəm... Çünki, ey Vətən,
Onların qanına boyanmısan sən!
Yaşayıb, o günü görməliyəm mən,
Azadlığa könül verməliyəm mən.
O murdar illərin məkrini siləm,
Gərək şadlığımdan ağlayam, güləm.
Zəncirlər qırılsın, qatım səsimi,
Onlara Vətənin duası kimi.
Yox, gərək yaşayım o günəcən mən,
Qılıncım, qələmim düşməsin əldən!
Maroş-Vaşarhey, 1849
TOPLAR GUR-GUR GURLADI
Toplar gur-gur gurladı,
Dörd gün dindi dalbadal.
Vizakno-Devo boyu,
Torpaq qıpqırmızı - al.
Təmiz, ağappaq idi
Dünya, qar sovuranda.
Qalaqlanmış qalın qar,
İsindi isti qanda.
Keçdik həyatımızdan,
Can qoyduq bu döyüşdə.
Belə dörd günlük savaş,
Görməmişdi Günəş də!
Verdik var qüvvəmizi,
Vicdanımızla bir də.
Tən deyildi qüvvələr,
Biz uduzduq bu yerdə.
Allah da, səadət də,
Atdı bizi dəmbədəm.
Sən qaldın bizə rəhbər,
190
Sən qaldın, ey şanlı Ben!
Bizi heyrətdə qoydun,
Böyüklüyünlə dərhal.
Ey Ben, cəsur sərkərdə,
Bizim qorxmaz general!
Səni vəsf eləməkçin,
Söz tapmıram, yox sözüm.
Lal olmuşam, heyrətlə
Sənə dikilib gözüm.
İnsanı Allah saymaq,
Mümkün olsaydı... hökmən
Qatlayıb dizlərimi,
Baş əyərdim sənə mən.
Fəxr edirəm, öyürəm,
Ucaldıram şanını,
Səninlə bir gəzirəm,
Bu döyüş meydanını.
At belində yanaşı,
Ağır döyüş çağında.
Qarşıladıq ölümü,
Çöllərin qucağında.
Çoxu tərk etdi səni,
Ey igid, məğrur qoca.
Mən səni tək qoymadım,
Səninləyəm burdaca!
Bilsinlər: axıracan,
Vuruşmuşuq bir yerdə.
Ey qorxmaz generalım!
Ey Ben, cəsur sərkərdə!
Debretsen, 1849
Rus dilindən tərcümə edəni: Ağasəfa
E-mənbə / link: http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=1158
Dostları ilə paylaş: |