Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə1/33
tarix17.04.2017
ölçüsü66,66 Kb.
#14258
  1   2   3   4   5   6   7   8   9   ...   33

Ə.H.Əliyev, F.Ə.Əliyeva, V.M.Mədətova 
 
 
 
 
İNSAN VƏ HEYVAN  
FİZİOLOGİYASI
 
 
I hissə 
 
Bakalavr hazırlığı üçün dərslik 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 
28.06.2005-ci il 522 saylı əmri ilə dərslik 
kimi təsdiq edilmişdir. 
 
 
 
 
 
BAKI - 2007 
 
 

 
Redaktorlar: 
ADPU-nin insan və heyvan fiziologiyası kafedrasının 
müdiri, b.e.d., prof. Ə.N.Fərəcov 
  
AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun 
böyük elmi işçisi, b.e.n. Ş.M.Hacıyev 
 
Rəyçilər: Rusiya 
EA-nın üzvü, Beynəlxalq Noosfer Akademiya-
sının həqiqi üzvü, b.e.d., prof. M.S.Babayev 
 AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun 
«Analizatorların müqayisəli və yaş fiziologiyası» labora-
toriyasının rəhbəri, b.e.n. A.Q.Qazıyev 
 
Gəncə Dövlət Universitetinin biologiya fakültəsinin 
dekanı, anatomiya, fiziologiya, zoologiya kafedrasının 
dosenti A.M.Rüstəmov  
  
Əliyev Ə.H., Əliyeva F.Ə., Mədətova V.M. İnsan və heyvan fizio-
logiyası  (bakalavr hazırlığı üçün dərslik). Bakı, «Bakı Universiteti» 
nəşriyyatı, 2007, 416 s. 
 
Dərslikdə insan və heyvan fiziologiyasının aşağıda adları verilmiş  əsas bölmələrinə aid 
müasir məlumatlar verilmişdir.  
Bakalavr pilləsində oxuyan tələbələr üçün biologiyanın əsas bölmələrindən biri hesab edilən 
«İnsan və heyvan fiziologiyası» üzrə  nəzərdə tutulan mühazirə materialları ikicildlik dərslik 
kimi təqdim edilir. Dərsliyin birinci hissəsində fiziologiya sahəsində son nailiyyətlər Avropa 
standartları  nəzərə alınmaqla fiziologiyanın inkişaf tarixi (giriş),  əsas anlayış  və prinsiplər, 
hüceyrə fiziologiyasının  əsasları, oyanan toxumaların fiziologiyası  və ya elektrik oyanması ilə 
məlumatların nəql olunması,  əzələnin fiziologiyası, sinir sisteminin ümumi və xüsusi fiziolo-
giyası, analizatorların fiziologiyası  və daxili sekresiya vəziləri haqqında məlumat verilir. 
Dərsliyin ikinci hissəsində isə qan, ürək-damar, qan dövranı, tənəffüs, həzm, sidik-ifrazat, 
maddələr və enerji mübadiləsi, bədən temperaturu və  tənzimi,  əməyin fiziologiyası, ekoloji 
fiziologiya, qocalıq və qocalma, ali sinir fəaliyyəti bəhsləri və fizioloji göstərici, termin 
göstəricisi, müəllif arayışı, kafedranın tanınmış alimləri, terminlər lüğəti, testlər verilmişdir 
Dərsliyin əsas üstün cəhəti odur ki, ayrı-ayrı fəsillərdə orqanizmin orqan və toxumalarının 
fəaliyyət mexanizminin avropa təhsil standartlarına uyğun  şəkildə izah edilməsi və  əvvəlki 
dərsliklərdən fərqli olaraq burada hüceyrə fiziologiyası, əmək və ekoloji fiziologiya, qocalma və 
qocalıq, bioloji qocalma haqqında ilk dəfə məlumat verilirməsidir. 
Proqrama uyğun yazılmış  dərslik dövlət universitetlərinin bakalavr pilləsində  təhsil alan 
tələbələri, eləcə  də fizioloq magistrantlar, nəzəri və  təcrübi biologiyanın müxtəlif sahələrində 
çalışan bioloqlar üçün faydalı mənbə ola bilər. 
 
2007
062
062
07
658
29
1903000000





)
(
M
Ə
 
 
© «Bakı Universiteti» nəşriyyatı2007. 
downloaded from KitabYurdu.org

 
 

 
 

MÜQƏDDİMƏ 
 
Tibb və psixologiya elmlərinin nəzəri və təcrübi əsasını təşkil 
edən, digər bioloji elmlərin açarı olan fiziologiya elminin XXI 
əsrdə  də çox sürətlə inkişaf etdiyini nəzərə alsaq, bu sahədə 
günün tələbinə cavab verən fundamental dərslik yazmaq son 
dərəcə  çətin və  məsuliyyət tələb edir. Ona görə  də XXI əsrin 
əvvəlində fiziologiya elminin real vəziyyətinə əsaslanaraq kitabda 
olan materialları Azərbaycan təhsil sisteminin tələbini nəzərə 
alaraq, Avropa ölkələrinin universitetlərində  tədris olunan insan 
fiziologiyası kursuna uyğun yazmağa çalışdıq. 
İnsan və heyvan fiziologiyası – tarixən orqanizmin quru-
luşunu öyrənən anatomiya elminə əsaslanmış və onun bir bölməsi 
kimi meydana gəlmişdir. Bu elm XVII əsrdən müstəqil bir elm 
kimi tədris olunmağa başlamış, sonralar biokimya və tibbi 
fiziologiyanın inkişafı üçün zəmin yaratmışdır. 
Bakı Dövlət Universitetinin, digər dövlət və özəl 
universitetlərinin bakalavr və magistrant tələbələrinin baloniya 
təhsil sistemi nəzərə alınmaqla insan və heyvan fiziologiyasına 
dair Avropa standartlarına cavab verən Azərbaycan dilində 
yazılmış dərsliyə böyük ehtiyac olduğunu nəzərə alıb, hazırkı ki-
tabı nəşrə hazırladıq. 
Dərsliyin tərtibatında müxtəlif dillərdə yazılmış elmi 
ədəbiyyatlardan və  dərsliklərdən istifadə edilmişdir. Bu kitabın 
tərtib olunmasında AMEA-nın müxbir üzvi, prof. F.İ.Cəfərovun, 
prof. M.A.Qarayevin və prof. O.M.İsmayılovun Azərbaycan 
dilində olan, Rusiyanın REA-nın  İ.M.Seçenov adına Təkamülün 
Fiziologiyası və Biokimyası İnstitutunun professoru, tibb elmləri 
doktoru, akademik P.S.Orlovun, Sankt-Peterburq Universitetinin 
insan və heyvan fiziologiyası kafedrasının müdiri, REA-nın 
akademiki, professor P.S.Nozdraçevin, R.F.Smidt və Q.Tevesin 
redaktorluğu ilə ingilis dilindən rus dilinə tərcümə edilən «İnsan 
fiziologiyası» kitabından, bir sıra digər elmi əsərlərdən və onlarda 
olan cədvəl və  şəkillərdən istifadə edilmişdir. Dərsliyin işıq üzü 
görməsində BDU-nun insan və heyvan fiziologiyası kafedrasının 
və biostimulyatorlar ETL-nin əməkdaşlarından dos. Ş.Məhərrə-
mov, dos. V.Mədətova, dos. M.Nəsibov, biologiya elmləri 
namizədləri F.Əliyeva, R.Babayeva, N.Məmmədova, 
S.İbrahimova, S.Məmmədova, F.Zamanova, aspirantlardan 
F.Rəhimova, Y.Firudinbəyov, elmi işçilərdən A.Musayev, 
Q.Həsənova, S.Miriyeva, S.Quliyeva, M.Qasımzadə, 
X.Rizvanova və b. öz bacarıqlarını  əsirgəməmişlər. Onlara, 
rəyçilərə, redaktorlara minnətdarlığımı bildirirəm. 
Kitabın baloniya təhsil sisteminin tələblərinə uyğun olaraq 
hər 2-3 ildən bir yeniləşdirilməsi nəzərdə tutulmuşdur. Ona görə 
də kitab haqqında fikirlərini bildirənlərə, həm də gələcək nəşrlərin 
hazırlanmasında yaxından iştirak etmək istəyənlərə  əvvəlcədən 
minnətdarlığımızı bildiririk. 
Müəlliflərdən 
downloaded from KitabYurdu.org

 
 

I FƏSİL 
 
İNSAN VƏ HEYVAN  
FİZİOLOGİYASINA GİRİŞ 
 
 
İnsan və heyvan fiziologiyası bioloji elmlərin bölmələrindən 
biridir və digər bioloji elmlər kimi canlı  təbiət aləminin dinami-
kasını öyrənir. Fiziologiya yunan dilində  hərfi tərcümədə  fizio – 
təbiət, loqos – elm deməkdir.  
Fiziologiya – canlı orqanizmin və onu təşkil edən orqan, hü-
ceyrə  və molekulların funksiyalarının dinamik öyrənilməsi haq-
qında elmdir. Bu elm daima tibb elmi ilə yanaşı, inkişaf etmişdir. 
Əsrlər boyu, elə indi də insan fiziologiyası (tibbi fiziologiya) 
məqsəd və vəzifələri, hər şeydən əvvəl, insanların və heyvanların 
sağlamlığını öyrənməyə yönəlmişdir. O, orqanizmin quruluşunu 
öyrənən anatomiya elminə  əsaslanır və öz tarixi mənşəyini 
anatomiya elmindən götürür. Bizim yüzillikdə biokimya elminin 
(fizioloji kimya) fiziologiyadan ayrılıb müstəqil bir elm kimi 
fəaliyyət göstərməsinə  zəmin yaratmışdır. Məsələn, fiziologiya 
elmi canlı orqanizmin onu əhatə edən xarici mühitlə mübadilə 
prosesində  əlaqəsini təmin edən fizioloji prosesləri öyrənməklə 
yanaşı, orqanizmin xarici təsirlərə cavab reaksiyalarını və öz növ-
bəsində orqanizmin özünün də xarici mühitə  təsir yollarını 
öyrənir. 
Beləliklə, fiziologiya orqanizmin funksional prosesləri və 
fəaliyyəti arasında qarşılıqlı əlaqəni bir bütöv – tam kimi öyrənir. 
Fiziologiyanın son məqsədi funksiyanın mexanizmini elə 
dərindən dərk etməkdir ki, bu ona funksiyaya istənilən 
istiqamətdə fəal təsir etməyi təmin edə bilsin. 
Tibb elminin nəzəri  əsasını  təşkil edən fiziologiya klinik 
təbabətin inkişafında əsas rol oynayır.  
 
1.1.Fiziologiyanın tədqiqat obyekti 
 
 
 

İnsan və heyvan fiziologiyası canlı orqanizmin dəyişkən hə-
yat şəraitinə uyğunlaşması, hüceyrələrin, toxumaların, orqanların 
və sistemlərin funksional mexanizmləri haqqında elmdir. İnsan və 
heyvan orqanizminin varlığını  təmin edən fizioloji proseslər 
qıcıqlanma, oyanma, maddələr və enerji mübadiləsi, sinir və psixi 
proseslər fiziologiyanın tədqiqat obyekti hesab olunur.  
 
1.2.Fiziologiyanın əsas bölmələri 
 
Fiziologiya iki sərbəst elm sahəsindən ibarətdir:  
1. Bitki fiziologiyası;  
2. İnsan və heyvan fiziologiyası.  
İnsan və heyvan fiziologiyası müxtəlif istiqamətlərdə inkişaf 
edərək sərbəst  əhəmiyyət kəsb edən və bir-birilə  əlaqəsi olan 
bölmələr əmələ gətirmişdir: 
1.
 
Ümumi fiziologiya – bütün canlı varlıqlara xas olan 
fizioloji funksiyaları  tədqiq edir. O canlı varlığın  əsasını  təşkil 
edən maddələr və enerji mübadiləsinin ümumi termodinamik 
qanunauyğunluqlarını, qıcıqlanma formalarının təbiətini və 
təkamülünü, doğum, qocalma və ölüm problemlərini, orqanizmin 
ətraf mühitə münasibətini və  həyat fəaliyyətinin digər ümumi 
təzahürlərini nəzərdən keçirir. Orqanizmin xarici mühitin təsirinə 
qarşı reaksiyasının ümumi qanunauyğunluqlarını izah edir. 
Hüceyrə fiziologiyası da ümumi fiziologiyanın sahələrindən 
biridir. 
2.
 
Müqayisəli fiziologiya – fərdi inkişafın müxtəlif 
mərhələlərində olan növlərin və eyni növ fərdlərin 
orqanizmlərinin funksiyasının spesifik xüsusiyyətlərini postnatal 
inkişafın müxtəlif dövrlərində öyrənir. Müqayisəli fiziologiyanın 
son pilləsi olan təkamül fiziologiyası bir və çoxhüceyrəli 
heyvanların müxtəlif sistematik qruplarına aid olan canlıların 
həyat fəaliyyətinin qanunauyğunluqlarını öyrənir.  
3.
 
Müxtəlif həyati prosesləri və onlar arasında qarşılıqlı 
əlaqəni öyrənən xüsusi fiziologiya sahəsi: 
1)
 
Ayrı-ayrı sinif və heyvan qruplarının (kənd təsərrüfatı 
downloaded from KitabYurdu.org

 
 

 
 

heyvanları, quşlar, həşəratlar); 
2)
 
Ayrı-ayrı heyvan növlərinin (qoyun, inək, keçi); 
3)
 
Ayrı-ayrı orqanların fiziologiyasını (qaraciyər, ürək, 
böyrək və s. toxumalar (sinir və əzələ)); 
4)
 
Müxtəlif sistemlərin (ürək-damar, həzm, tənəffüs sistemi 
və s.) funksiyalarını öyrənir. 
Fiziologiyanın xüsusi sahələrindən daha çox insan və heyvan 
fiziologiyası  və tibbi fiziologiya öyrənilir.  İnsan fiziologiyasının 
(tibbi fıziologiya) daha çox əmək, idman, yaş, qida rasionu, 
aviasiya və yeni sahəsi olan kosmik fiziologiya sahələri inkişaf 
etmişdir. Kosmik fiziologiya insan və heyvanların orqanizminin 
həyat fəaliyyətini yerdən fərqli olaraq kosmosda havasız şəraitdə 
öyrənir. Həyati prosesləri normal insan və heyvanların 
orqanizmində öyrənən normal fıziologiyadan fərqli olaraq, 
patoloji fiziologiya xəstə orqanizmlərdə  həyati proseslərin 
əmələgəlmə mexanizmini öyrənir.  
Bioloji elmlər təkamül islahatlarını, ekologiyanı, növ 
xüsusiyyətlərinin məhsuldarlığını, davranışını nəzərdən keçirərək, 
bioloji varlıqların canlı mühitə uyğunlaşmalarını öyrənir. Lakin 
fiziologiya – maddələr mübadiləsi, qan dövranı, tənəffüs, 
əzələlərin, sinir sisteminin fəaliyyəti kimi proseslərin və 
orqanizmin digər funksiyalarının qanuna uyğunlaşmalarının 
mexanizmini aydınlaşdırır. 
Sosial varlıq olan insanın fəaliyyətini humanitar elmlərlə 
öyrəndikləri halda, fiziologiya bu fəaliyyətin canlı orqanizmdə nə 
cür icra olunduğunu və bu zaman orqanizmdə nə baş verdiyini tə-
yin edir. Məsələn, uşaqlar məktəbdə təhsil alırlar. Müəllimin təd-
ris prosesini didaktikanın (təlim prosesinin) tələblərinə 
müvafiqliyi baxımdan nəzərdən keçirərək, davamiyyətin tərbiyə 
prosesində effektliyini qiymətləndirir. Psixoloq şagirdlərin 
gündəlik dərs prosesi ərzində yaddaşlarını, diqqətlərini, fərdi psixi 
xüsusiyyətlərini, mücərrəd təfəkkürün inkişafını öyrəndiyi halda, 
fizioloq A.A.Uxtomskinin mülahizəsinə  əsasən, «beyində fikrin, 
ideyanın nə cür istehsal olunduğunu» öyrənir. 
Yaş fiziologiyası ilk növbədə  uşaqlarda, yeniyetmələrdə  və 
yaşlı insanlarda fizioloji funksiyaların xüsusiyyətlərini tədqiq edir. 
Bu məlumatlar pedaqogikanın praktiki məsələlərinin həllində, 
yeniyetmənin  əmək  şəraitini nizama salan qaydaların işlənib 
hazırlanmasında, yaşlı insanlarda qocalma prosesinin təbiətini 
öyrənmək və insan ömrünü uzatmaq kimi məqsədlərə xidmət edir. 
Əmək və idman fiziologiyası sürətli hərəkətlər yerinə 
yetirməyə dair bacarıqların formalaşması üçün, optimal qərarların 
qəbul olunması  və  dəqiq hərəkətlər kompleksinin yerinə 
yetirilməsi ilə  sıx  şəkildə  əlaqədardır.  İdmançıya funksional 
imkanlarının maksimal hərəkətliyinə nail olmağa imkan verən 
orqanizmin ehtiyatlarını tədqiq edir. 
Qidalanma fiziologiyası insanın müxtəlif həyat  şəraitində 
qida rasionlarının işlənib hazırlanması üçün elmi əsaslar təqdim 
edir. 
Ekstremal  şəraitdəki fiziologiyanı süni və  təbii mühitin 
fövqəladə  şəraitlərində insan orqanizminin funksiyalarının 
uyğunlaşmalarının yenidən qurulmasının öyrənilməsi 
adlandırmaq olar. Belə ki, aviasiya və kosmik fiziologiya 
yüklənmə, sürətləndirmə, çəkisizlik və psixoloji streslər kimi 
eksperimental amillər ilə  sıx  şəkildə  əlaqədar olur. İnsan 
fiziologiyası xüsusi iqlim-coğrafi şəraitlərdə insanın Arktikada və 
Antarktidada, yüksək dağlıq rayonlarda, susuz səhralarda və 
rütubətli tropiklərdə mövcud olan həyat şəraitinə uyğunlaşmasının 
fizioloji mexanizmlərini nəzərdən keçirir.  
Kənd təsərrüfatı heyvanlarının fiziologiyası diqqətini 
heyvanın təsərrüfat məhsuldarlığını öyrənməyə yönəldir. Həzm 
və maddələr mübadiləsinin xüsusiyyətlərini nəzərə almaqla 
müxtəlif heyvanlar və quşlar üçün ət, süd və digər qida 
məhsullarının daha yüksək məhsuldarlığını  təmin edən qida 
rasionlarını  işləyib hazırlayırlar. Heyvanların davranışının idarə 
olunmasına  əsas etibarilə qidalandırıcı  və müdafiəedici  şərti 
reflekslərin təşkilinə  əsaslanan metodlar vasitəsilə nail olunur. 
Belə ki, müəyyən gündəlik rejimə riayət olunması sürüdə 
inəklərin, quşçuluq fermasında toyuqların və ördəklərin davranış 
stereotipinin işlənib hazırlanmasına yardım edir. Təlim prosesi 
downloaded from KitabYurdu.org

 
 

 
 

xüsusi itlərin yetişdirilməsi müəssisəsində itlərin 
hazırlaşdırılmasının, atların qaçışa çıxması üçün məşq 
etdirilməsinin əsasını təşkil edir. Çiçəklərin ətrinə dair şərti qida 
reflekslərinin işlənib hazırlanması yolu ilə yem otlarının, 
tərəvəzlərin və meyvə  ağaclarının çiçəklərinin arılar tərəfindən 
tozlandırılmasına dair yeni tədris proqramı da praktiki olaraq 
tətbiq olunur. Balıq zavodlarında xırda balıqların yırtıcı 
balıqlardan xilas olmalarına dair eksperimentlər keçirsələr də, bu 
baxımdan müdafiəedici  şərti reflekslər hələ  də  işlənib 
hazırlanmamışdır. 
Bionik fiziologiya – fizioloji funksiyaların bəzi xassələrini 
tədqiq edən bionik sistemlərin  əsasını qoyan fiziologiyanın 
kibernetika ilə  əlaqəsinin nəticələrindən biridir. İdarəetmə 
proseslərinin avtomatlaşdırılması elmi-texniki proqressin aparıcı 
tələblərindən biri kimi bionikanın inkişafının ilk növbədə beynin 
fəaliyyətinin imitasiya etməyə qadir olan informasiya-idarəetmə 
sistemlərinin işlənib hazırlanmasına doğru istiqamətləndirir. 
Robot texnikası EHM-da idarəetmə sistemləri,  şəbəkələrdə  də 
neyrona oxşar elementlər vasitəsilə təchiz olunmuşdurlar. Bu cür 
sistemlərə qarşı maraq sənayedə, iqtisadiyyatda, nəqliyyatda, 
tibbdə  və xalq təsərrüfatının bir çox digər sahələrində  də 
mövcuddur. 
Müasir tibb elminin əsası – tibbi fiziologiya – insan 
orqanizminin funksiyalarını onun ətraf mühitlə qarşılıqlı təsiri ilə 
birlikdə – orqanizmi vahid bir tam kimi öyrənməklə molekul, 
hüceyrə  və orqan səviyyəsində baş verən prosesləri birləşmiş 
şəkildə başa düşülməsinə imkan yaradır. 
  
1.3. Fizioloji tədqiqatların üsulları 
 
Fiziologiya eksperimental elmdir. Bu elm bütün məlumatları 
heyvanlar və insan üzərində aparılmış  təcrübələrdən alır. 
Eksperimental fiziologiyanın ilk banilərindən biri ingilis alimi 
V.Harvey (1578-1657) olmuşdur.  İ.P.Pavlov göstərmişdir ki, 
V.Harvey  ən çətin bir dövrdə – qan dövranının qapalı olduğunu 
kəşf etmişdir. Lakin qan dövranı  kəşf olunduqdan 200 il sonra 
belə fiziologiyanın inkişafı çox zəif olmuşdur. 
Eksperiment vasitəsilə fiziologiya insan və heyvan orqaniz-
minin sistemlərinin və orqanlarının həyat fəaliyyətləri haqqında 
məlumatları əldə edir. 
Eksperiment aparmağın üsulları  və vasitələri. Orqanizmin 
funksiyalarının öyrənilməsi üçün onların fəaliyyətlərinin tədqiq 
olunmasının müxtəlif üsullarından istifadə edirlər: 
1.
 
Funksiyaların dayandırılması; 
2.
 
Funksiyaların stimullaşdırılması; 
3.
 
Elektrik fəallığının qeydiyyata alınması; 
4.
 
Modelləşdirmə. 
Fəaliyyət dayandırılana kimi eksperimentator mütləq orqanın 
və yaxud onun hissələrinin vəziyyətini müəyyənləşdirmək üçün 
cərrahiyyə müdaxiləsi vasitəsilə  təcrübə qoymalı, müşahidə 
etməli, fizioloji prosesləri yadda saxlamalıdır. 
Həyat hadisələrini müşahidə etməklə, öyrənməklə fizioloq 
onu keyfiyyət və  kəmiyyətcə xarakterizə edir, ölçür, yazır, sayır 
və müşahidənin nəticələrini sənədləşdirir, protokollaşdırır, 
kinofilmə  çəkir, maqnit lentinə yazır və s. Lakin müşahidə 
üsulunun çoxlu çatışmazlıqları var və bu üsulla düzgün nəticələr 
almaq çətindir. Çünki fizioloq çalışır ki, orqanın daxilində nə baş 
verdiyini öyrənsin. Buna isə eksperimentator tərəfindən yaradılan 
və idarə olunan mühit şəraitində aparılan təcrübənin nəticələrinə 
əsasən nail olmaq olar. 
İ.P.Pavlova qədər fiziologiyada analitik – kəskin təcrübə 
üsulundan istifadə edilirdi. Bu zaman xarici təsirləri maksimal 
surətdə aradan qaldırmaqla, heyvanı  hərəkətsizləşdirmək, narkoz 
vermək, orqanların yarılması  və  təcrid olunması yolu ilə nail 
olurdular. Təcrübədən sonra heyvanlar tələf olurdular. Bunun 
qarşısını almaq üçün İ.P.Pavlov yeni sintetik – xroniki üsuldan 
istifadə etmişdir. Xroniki istiqamətli təcrübələrin aparılması 
zamanı, kəskin təcrübədən fərqli olaraq, tədqiq olunan orqanın 
orqanizmi ilə bütün əlaqələrini qoruyurlar. Bu cür təcrübələr 
narkoz altına salınmış,  əksər hallarda isə  sərbəst davranış 
downloaded from KitabYurdu.org

 
 
10 
 
 
11 
şəraitində  həyata keçirilir. İ.P.Pavlov analitik üsulu inkar 
etməyərək onun əsasında vahid analitik-sintetik üsulu yaratmışdır. 
Hazırda istifadə olunan fizioloji eksperiment üsulları çox 
müxtəlifdir. Onlardan aşağıdakıları qeyd etmək olar. 
1.
 
Qıcıqlandırma üsulu – mexaniki, kimyəvi, termiki, 
elektrik, işıq, səs və s. üsullarla orqan və toxumaya təsir edərək 
onda baş verən fizioloji prosesləri öyrənirlər. 
2.
 
Biviseksiya və ya kəskin təcrübə üsulu – cərrahi yolla 
orqanın üstü açılır və müşahidə aparılır. 
3.
 
Deinnervasiya üsulu – orqan sinirsizləşdirilir, üz və sinir 
sisteminin təsirini öyrənmək üçün bu üsuldan istifadə edilir. 
4.
 
Kateterizatsiya üsulu – ürəyə, damara, vəzin axarına, sidik 
kisəsinə qoyulur. 
5.
 
Perfuziya üsulu – orqanizmdən, təcrid – kənar edilmiş 
orqanı müəyyən məhluldan keçirib, fəaliyyətini öyrənirlər. 
6.
 
Fistula üsulu – mədə, bağırsaq, sidik kisəsi və s. qoyulur. 
7.
 
Damar anastomozu üsulu – damarlar bir-birilə birləşdirilir. 
8.
 
Ekstripasiya üsulu – orqan kəsilib bədəndən çıxarılır, 
onun funksiyası müəyyən edilir. 
9.
 
Transplantasiya və ya köçürmə üsulu – orqanı bədənə kö-
çürməklə onun funksiyası öyrənilir. 
10.
 
Bu üsul 4 istiqamətlə aparılır: autotrasplantasiya orqaniz-
min özündən-özünə köçürmək, homotransplantasiya – eyni 
cinsdən-cinsə (məsələn, itdən-itə), hetrotransplantasiya – müxtəlif 
cinsli (insandan-insana) orqanizmlərdən orqanlar bir-birinə kö-
çürülür və allotransplantasiya – yad cismin (süni böyrək, ürək, sti-
mulyator və s.) bədənə birləşdirilməsi. 
11.
 
 Şərti refleks üsulu – insan və heyvanların ali sinir 
fəaliyyəti öyrənilir. 
12.
 
Radiotelemetrik üsulu – uzaq məsafədən fizioloji 
məlumatların qəbul edilməsinə əsaslanır. 
13.
 
Endoskopiya üsulu – optik cihazın köməkliyi ilə funk-
siyanı öyrənir
14.
 
Ultrasəs (UZİ) üsulu – UZİ cihazlarının köməkliyi ilə 
orqanın vəziyyəti, öd kisəsində daşın olması və s. öyrənilir.  
15.
 
Elektrofizioloji üsul – beyində, ürəkdə  və neyronda, 
sinapsda meydana çıxan biocərəyanı qeyd etməklə funksiyanı 
öyrənir.  
Fiziologiya elmi bu üsulların köməkliyi ilə heyvanlar 
üzərində aparılmış  təcrübələrin nəticələrinə  əsasən funksiyanı 
öyrənərək, həkimlərə müxtəlif patoloji hallarda müalicənin 
düzgün aparılmasında və sonda insan həyatının xilas edilməsində 
kömək edir.  
Üzərində  təcrübə aparılan heyvanlar. Dünya miqyasında 
mövcud olan təcrübi hesablamalara görə  təcrübə aparan alimlər 
tərəfindən hər il təxminən 200 milyona qədər heyvanlar tələf olur. 
Bu rəqəmi fizioloji təcrübələrdə istifadə olunan maşınların və ma-
terialların vəziyyətinə nəzarət edən metod vasitəsilə istifadə olu-
nan xroniki eksperimentin işlənib hazırlanmış analoji metodların-
dan daha intensiv və məqsədyönlü şəkildə istifadə etmək yolu ilə 
əhəmiyyətli şəkildə azaltmaq mümkündür. 
Fizioloq eksperimentlərdə istifadə olunan heyvanların həddən 
artıq müxtəlifliyi ilə qarşılaşır. Söhbət müqayisəli fiziologiyadan 
getdikdə tədqiqatın tapşırıqlarından asılı olaraq heyvanat aləminin 
bütün siniflərindən, dəstələrindən və cinslərindən olan (qurbağa, 
siçovul, dovşan, dəniz donuzu, dovşan, it, pişik, qoyun, keçi və 
digər iribuynuzlu heyvanlar, meymunlar və s.) antenatal və post-
natal inkişafın müxtəlif mərhələsindəki növləri təcrübəyə  məruz 
qalırlar. 
Təcrübələrdə daha çox qurbağalardan, siçovullardan, 
dovşanlardan, dəniz donuzlarından, pişiklərdən və itlərdən geniş 
şəkildə istifadə edirlər. Fizioloji funksiyaların təkamülünün 
öyrənilməsi zamanı  təcrübələr ibtidailər, bağırsaq boşluqlularda, 
soxulcanlar, molyuskalar, xərçəngkimilər, həşəratlar üzərində 
aparılır. Beynin ali funksiyalarının tədqiq olunması, eləcə  də in-
sanın müvafiq funksiyalarının xassələrini modelləşdirən 
təcrübələri meymunlar üzərində aparırlar. 
Heyvanların səhhəti onların fizioloji funksiyalarının normal 
vəziyyətini təmin etməli və xüsusilə insanın xəstəliyə yoluxması 
təhlükəsi yaradan xəstəliklərin yayılmasını istisna etməlidir. Yük-
downloaded from KitabYurdu.org

 
 

Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin