Azərbaycanlıların müharibədə iştirakı. Etibarsızlıq üzündən çarizm Rusiyada yaşayan müsəlmanlardan, o cümlədən azərbaycanlıları orduya rəsmən çağırmırdı. Azərbaycandan rus ordusuna xidmətə yalnız ali müsəlman silkinə məxsus olanlar qəbul edilirdilər. Birinci Dünya müharibəsi illərində rus ordusu sıralarında 200 nəfərdən çox azərbaycanlı zabit qulluq edirdi. Artilleriya generalları Səməd bəy Mehmandarov (1857-1931), Əliağa Şıxlinski, general Hüseynxan Naxçıvanski (1863-1919), general İbrahim ağa Vəkilov, onun oğlu polkovnik Qalib Vəkilov, ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qaibov və başqaları bu qəbildən idilər. General - leytenant rütbəsinə qədər yüksəlmiş Əliağa Şıxlinski müharibə illərində bir sıra məsul ali komandanlıq vəzifələrini yerinə yetirmiş, Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, sonra isə 10-cu ordunun komandanı olmuşdu, “Rus artilleriyasının allahı” kimi yüksək ada layiq görülmüşdü.
General-leytenant Səməd ağa Mehmandarov I Dünya müharibəsi dövründə 21-ci diviziyaya komandanlıq etmişdi. O, Lodz (Polşa) əməliyyatı zamanı göstərdiyi sərkərdəlik məharəti və şəxsi igidliyinə görə artilleriya generalı rütbəsinə layiq görülmüşdü. 1915-ci ildə O, 2-ci Qafqaz ordu korpusunun komandanı təyin edilmişdi.General-leytenant Hüseynxan Naxçıvanski Qərb cəbhəsində süvari diviziyasına komandanlıq etmişdi.
General İbrahim ağa Vəkilov ordu qərargahında qulluq etmişdi. Onun oğlu polkovnik Qalib Vəkilov Qərb cəbhəsində mühəndis polkunda göstərdiyi igidliyə görə Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu. Nijeqorod alayında rotmistr olan Teymur Novruzov qeyri-adi igidliyinə görə Müqəddəs Georgi ordeninin dörd dərəcəsi ilə təltif edilmişdi. Kapitan Tərlan Əliyarovbəyov da döyüşlərdə göstərdiyi rəşadətə görə, o zaman çox adama nəsib olmayan Müqəddəs Georgi ordeninin dörd dərəcəsinə layiq görülmüşdü.
İlk azərbaycanlı hərbi təyyarəçi, poruçik Fərrux ağa Qayibov müharibə dövründə «İlya Muromets -16» təyyarəsi ilə dəfələrlə döyüşlərdə iştirak etmişdi. O, Neman çayı üzərindəki körpünü dağıtmaqda böyük şücaət göstərmişdi. F.A.Qayibov 1916-cı ilin sentyabrında Vilnüs səmasında qarşılaşdığı dörd düşmən təyyarəsindən üçünü məhv etmiş və özü də qəhrəmancasına həlak olmuşdu. O, ölümündən sonra Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu.
Müharibə illərində Qafqaz xalqlarından ibarət “Qafqaz yadelli süvari diviziyası” yaradılmışdı. Qorxmaz döyüşçülərdən ibarət olan bu alayı ruslar həqarətlə «Vəhşi diviziya» adlandırmışdılar. 1915-ci ildə Şuşada azərbaycanlı gənclərdən təşkil edilən «Tatar süvari alayı» da bu diviziyanın tərkibinə daxil idi. Qərb cəbhəsində Almaniyaya qarşı vuruşan «Tatar süvari alayı»nın 1500-2000 döyüşçüsü vardı.
Dostları ilə paylaş: |