Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Fakültə: Magistratura Mərkəzi
Kafedra: Azərbaycan dili və pedaqogika
Fənnin adı: Ali məktəb pedaqogikası və psixologiyası
Mühazirəçi: baş müəllim İmaməliyev Elçin Qalib oğlu
4-cü mühazirə: Ali məktəb didaktikası.
Təlimin mahiyyəti, qanun və prinsipləri. Ali məktəbdə təhsilin məzmunu
Ali məktəb didaktikası (yunanca, didaktikos - öyrədən, didasko - öyrənən deməkdir) ali məktəbdə təhsil və təlim haqqında elmdir. Akademik pedaqogikanın müstəqil bir sahəsini təşkil edən ali məktəb didaktikası müasir dövrdə sürətlə inkişaf edən nəzəri və eyni zamanda normativ-tətbiqi elmdir. Onun tədqiqat predmeti - ali məktəbdə təhsil prosesidir.
Hər bir konkret elm kimi ali məktəb didaktikasının da müəyyən funksiyaları var. Onları şərti olaraq iki qrupa bölmək olar;
• ali məktəb didaktikasının elmi-nəzəri funksiyaları;
• ali məktəb didaktikasının konstruktiv funksiyaları.
Ali məktəb didaktikasının elmi-nəzəri funksiyaları deyilərkən, ali təhsil prosesinin struktur və məzmun elementlərinin xarakteristikalarının öyrənilməsi, təhsil-təlim prosesinin müxtəlif cəhətləri arasında mövcud olan qanunauyğun əlaqələrin müəyyənləşdirilməsi, didaktik münasibətlərin (öyrədən-vasitə-öyrənən) tədqiqi nəzərdə tutulur.
Ali məktəb didaktikasının konstruktiv (normativ-tətbiqi) funksiyaları deyilərkən, dövrün tələblərinə və dövlətin mənafeyinə uyğun olaraq təhsilin məzmununu yeniləşdirmək, təlim vasitələri və metodlarının səmərəliliyini artırmaq, yeni təlim texnologiyaları hazırlamaq nəzərdə tutulur.
Ali məktəb didaktikasının nəzəri-elmi və konstruktiv funksiyaları biri-birilə qarşılıqlı əlaqədə özünü göstərir.
Ali məktəb didaktikasının məzmunu aşağıdakı komponentlərdən ibarətdir:
• ali məktəbin qarşısında duran sosial funksiyaların müəyyənləşdirilməsi və əsaslandırılması;
• ali təhsilin spesifik məqsədlərinin əsaslandırılması;
• ali məktəbdə təhsilin məzmununun müəyyənləşdirilməsi:
• ali məktəbdə təlim prosesinin reallaşdırılması yollarının müəyyənləşdirilməsi;
• ali məktəbdə təlim prosesinin özünəməxsus xüsusiyyətlərinin aşkarlanması;
• ali məktəbdə təlim metodları və formalarının optimallaşdırılması;
• ali məktəbdə müasir təlim texnologiyalarının hazırlanması və tətbiqi.
Ali məktəb didaktikası ümumİ pedaqogikanın «pedaqoji proses», «tərbiyə», «təhsil», «təlim», «pedaqoji fəaliyyət», «pedaqoji texnologiya» və digər kateqoriyalarından istifadə edir. Bununla yanaşı, ali məktəb didaktikası təhsil və təlim nəzəriyyəsi kimi özünün spesifik kateqoriyalarına malikdir. Bu kateqoriyalar aşağıdakılardır:
Təhsil - ümumi və geniş mənada - bəşəriyyətin yaratmış olduğu bilik, bacarıq və vərdişlər sisteminə yiyələnmək prosesidir. Dar mənada isə təhsil təlimin həm zəruri şərti, həm də nəticəsidir.
Öyrətmə fəaliyyəti - öyrədənin təlimi idarə etməsi prosesidir. Müasir informasiya bolluğu şəraitində ən zəruri olanı seçməyi, müvafiq məzmuna uyğun vasitə və metodları müəyyənləşdirməyi, lazımi texnologiyaları hazırlamağı, diaqnostlaşdırma (pedaqoji prosesin vəziyyətini aşkarlamaq, səmərəliliyini təmin edən şəraiti və səbəbləri üzə çıxarmaq) və proqnozlaşdırmanı (pedaqoji gerçəkliyi dəyişdirməyi və bu əsasda təhsil praktikasını qabaqlayan təhsil-tərbiyə nəzəriyyələrini, pedaqoji sistemlərin modelini hazırlamaq) həyata keçirməyi, yoxlamaq, qiymətləndirmək, korreksiya etmək kimi məqsədləri əhatə edir.
Öyrənmə fəaliyyəti - təhsilalanın müəllimin tapşırıqlarını icra etməsi, təlim materialı üzərində müstəqil çalışması, intellektual qabiliyyətlərini və potensial imkanlarını inkişaf etdirməsi, özünütəhsil və özünütəkmilləşdirmə kimi digər vəzifələri əhatə edir.
Təlim - öyrədən və öyrənənlərin məqsədli və idarə olunan qarşılıqlı fəaliyyətidir. Təlim - təhsil almaq prosesidir. Təlim - öyrətmə və öyrənmə fəaliyyətlərinin vəhdətindən yaranan birgə fəaliyyətdir.
Təlim öyrədən və öyrənənlərin birgə fəaliyyəti prosesində iddiaçıların konkret fəaliyyət növünə hazırlığını təmin edir, onları müvafiq bilik, bacarıq və vərdişlərlə silahlandırır, idrak qabiliyyətlərini və ümumi inkişafını təmin edir.
Təhsilin məzmunu - bəşəriyyətin qazanmış olduğu obyektiv elmi-praktiki təcrübənin cəmiyyət və dövlət tərəfindən qəbul edilmiş xüsusi sistemini özündə birləşdirir. Bu sistemlərin mənimsənilməsi insanın müəyyən əmək sahəsində müvəffəqiyyətli fəaliyyətini təmin edir. Müvafiq bilik, bacarıq və vərdişlərdə təzahür edən təhsilin məzmununun mənimsənilməsi tədris müəssisələrinin qarşısında duran əsas məqsəddir.
İntensiv inteqrasiya proseslərinin genişlənməsi ilə əlaqədar olaraq didaktika digər elmlərin «sistem», «element», «slruktur», “funksiya”, «formallaşdırma» və başqa anlayışlarından da istifadə edir. Didaktik tədqiqatlarda psixologiyanın «qavrayış», «mənimsəmə», «anlama», «əqli inkişaf», «təfəkkür əməliyyatları», «yaddasaxlama», «hafizə», «diqqət» və digər anlayışlarından da geniş istifadə olunur. Kibernetikadan didaktik anlayışlar sisteminə «əks əlaqə», «dinamik sistem» və s. daxil olmuşdur.
Digər elmlərdən əxz edilmiş anlayışlar təlim prosesinin ayrı-ayrı struktur elementlərini əks etdirərək didaktikanın predmelinin nəzəri cəhətdən zənginləşməsi üçün şərait yaradır. Bu anlayışlar didaktikanın öyrətmə və öyrənmə məqsədinə müvafiq müəyyənləşdirilir. Didaktikanın əsas anlayışları onun nəzəri səviyyəsi və praktik vəziyyəti haqqında aydın təsəvvür yaradır. Didaktika - anlayışlar və terminlər vasitəsilə
didaktik prosesləri, hadisələri, didaktik münasibətləri təsvir və izah edir, elmi ümumiləşdirmələr aparır və özünün terminologiya sistemini daim təkmilləşdirir.
Dostları ilə paylaş: |