2.Bədii təzad. Bədii əsərdə məzmunca bir – birinə zidd iki anlayış və ya vəziyyətin qarşılıqlı şəkildə verilməsinə bədii təzad deyilir. Təzad sözü zidd, əksinə deməkdir. Bədii təzada antiteza da deyilir. Bədii təzada aid nümunələr;
Deyirdi öz – özünə: - Ananın haqqı vardır,
Geniş dünya oğulsuz onun qəlbinə dardır… (S.Rüstəm)
Tutuşdu qəm oduna şad gördüyüm könlüm, (M.Füzuli)
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı? (M.Füzuli)
Bu nümunələrdə bir – birilə əks mənalı, antonim sözlər olmaqla bədii təzad işlənmişdir.
3.Təkrir. Eyni sözün və ya ifadənin təkrarlanmasına təkrir deyilir. Təkrar və təkrir ifadələrini eyniləşdirmək olmaz. Təkrar dili ağırlaşdıraraq nitqə xələl gətirdiyi halda, təkrir nitqi daha da qüvvətləndirərək, təsir gücünü artırır:
Demək gözəllərçin unutdun bizi?
Unutdun öz ana beşiyimizi? (S. Vurğun)
Təkrar olunan sözlər misranın başlanğıcında olduqda anafora, sonunda işləndikdə isə epifora adlanır. Məs:
Könül ilə dedim ona, könül ilə dinləmədi,
Könül eylədinsə eylə, könül ilə, könül ilə (Q.Bürhanəddin)
Birinci nümunədə hər iki misranın könül sözü ilə başlaması anaforadır. Beytin ikinci misrasının sonunda isə könül ilə sözünün təkrarı epiforadır.
4.Mübaliğə. Ərəb sözüdür, şişirtmək, artırmaq deməkdir. Mübaliğə əvəzinə bəzən hiperbola sözündən də istifadə olunur.
Məcnun ki xəbərdən oldu agah,
Suzi – cigərilə çəkdi bir ah.
Kim qülqüləsin həm ol zamanda
Cananı eşitdi ol cahanda.
M.Füzuli nin «Leyli və Məcnun» poemasından seçilmiş kiçik bir hissədir. Seçilmiş bu misralarda qüvvətli mübaliğədən istifadə olunmuşdur.
Mübaliğəyə aid basqa bir nümunə:
Eləmi düşən yeri,
Atlanıb düşən yeri.
Göz yaşım oda dönüb,
Yandırır düşən yeri. (M.Füzuli)
5.Litota. Bədii əsərdə mübaliğənin əksi litota adlanır. Yəni litotada bir hadisə həddindən artıq kiçildilir. Məsələn: «Kişi elə zəifləyib ki, üfürsən yıxılar» cümləsində litota işlənmişdir.
Eldarın dəstəsi gəlir irəli,
Qırır sərçə kimi bizimkiləri. (S. Vurğun) burada da litota dan istifadə olunmuşdur.
6.İnversiya. Nitqin bədii təsirini artırmaq üçün sözlərin sırasının qəsdən pozulmasına inversiya deyilir. İnversiya latın sözüdür, yerdəyişmə deməkdir. Məsələn:
Dəyişdi dünyanın əski səhnəsi,
Dəyişdi dünyanın əvvəlki səsi.
Bu misralarda həm inversiya, həm də anafora var.
İnversiya obrazlılığın qrammatik səviyyədə göstəricisidir.
7.Kinayə. Ərəb sözüdür, tənə etmək mənasına gəlir. Yunan sözü olan ironiya ilə də ifadə olunur. İroniya hiyləgərlik, istehza deməkdir. Kinayədə fikrin ifadə tərzi onun daxili məzmununa qarşı qoyularaq fikrə dolayı yolla münasibət bildirilir. Məsələn: savadsız adamı alim kimi qələmə vermək və ya qorxaq insanı qəhraman, igid adlandırmaq kinayəyə nümunə ola bilər. Başqa bir nümunə də çəkmək olar. Məsələn:
Təzə sövdəyər olubsan,
Sövdan da mübarək olsun!
Alış – veriş öyrənibsən,
Sövdan da mübarək olsun!
Bu bənd Koroğlu dastanından kiçik bir hissədir. Burada kinayədən istifadə olunmuşdur.
Kinayədə sözlər yüksək tonla yox, adi qaydada deyilir.
Kinayənin daha kəskin forması təriz (sarkazm) adlanır.
İmtahan qərargahının sədri :Sahilə Ağasiyeva sahile.agasiyeva.i.q@quba.adpu.edu.az (050) 755-06-32
İmtahan qərargahının üzvləri
Pərvanə Rzayeva pervane.rzayeva@quba.adpu.edu.az (055) 848-50-57 Elnarə Musayeva elnara.musayeva.t.sh@quba.adpu.edu.az (050)278-67-44
Hikmət Musayev hikmet.musayev@quba.adpu.edu.az (050) 295-69-95 Sərxan Ağasi serxan.agasi@quba.adpu.edu.az (077) 340-77-34
Dostları ilə paylaş: |