NEFTİN BENZİN FRAKSİYASINDAN KOMPLEKSƏMƏLƏGƏLMƏ VƏ REKTİFİKASİYA
ÜSULU İLƏ METİLTSİKLOPENTANIN ALINMA TEXNOLOGİYASININ İŞLƏNMƏSİ
Günel NƏCƏFOVA
Azərbaycan Dövlət Neft Akademiyası
gunel.necefova@inbox.ru
Neftdə olan hər bir karbohidrogen fərdi, yaxud qrup şəklində sintetik materialların istehsalı üçün ən dəyərli xammaldır.
Neft karbohidrogenlərinin maksimal istifadəsi kimya sənayesinin inkişafına böyük təkan vermişdir. Odur ki,
karbohidrogenlərin neftdən çıxarılması prosesinin işlənməsi aktual məsələdir.
Benzin fraksiyasının tərkibində olan kiçikmolekullu beşhəlqəli naftenlər böyük təcrübi əhəmiyyətə malikdir.
Tsiklopentan karbohidrogenlərini tsiklopentadien formasına saldıqda yüksək aktivliyi olan maddə alınır.
Azərbaycanın Abşeron zonasında çıxarılan neftlərin böyük əksəriyyətində yüngül naften karbohidrogenləri çoxluq
təşkil edir. Bunlar unikal neftlər adlanır. Belə ki, Balaxanı neftində külli miqdarda beşhəlqəli naften karbohidrogenləri
vardır. Naften karbohidrogenlərini neft fraksiyasından çıxarmaq üçün tədqiqatçılar, əsasən rektifikasiya üsulundan istifadə
edirlər. Bu isə çox az təmizlikli naften karbohidrogenlərinin alınmasına səbəb olur. Bundan başqa, potensialda çıxımı az
olur.Beşhəlqəli naften karbohidrogenlərini xüsusən, metiltsiklopentanı (potensialda 7,6%) tiokarbamidlə
kompleksəmələgəlmə və rektifikasiya üsulları ilə benzin fraksiyasının tərkibindən çıxarmaq və fərdi halda təmiz almaq olar.
İlk dəfə karbamidin kompleks əmələ gətirməsi parafin karbohidrogenləri üzərində öyrənilmişdir. Təcrübə dəlilləri
əsasında müəyyən edilmişdir ki, tiokarbamid naften karbohidrogenləri ilə mükəmməl kompleks verir.
Kompleksdə 6 molekul tiokarbamid spiral şəklində kükürd və qonşu aminoqrupla birləşir. Molekulların belə düzülüşün-də
kanal əmələ gəlir ki, bu kanala metiltsiklopentan daxil olaraq kompleks əmələ gətirir. Kompleks o molekullarda əmələ gəlir
ki, onların en kəsiklərinin ölçüsü kanalın en kəsiyinin ölçüsünə bərabər, yaxud ondan kiçik olsun (5,6Å).
Təmiz tiokarbamid kristalının strukturu ortorombikdir. Kompleksəmələgəlmə zamanı isə struktur kristallik triqonal
sistemə çevrilir. Bu zaman tiokarbamid öz şəffalığını itirir.
Neft fraksiyasından metiltsiklopentan kompleksi alındıqdan sonra kompleks ayrılıqda istiliklə parçalanır və
metiltsiklopentan ayrılır. Alınmış metiltsiklopentan konsentratı dəqiq rektifikasiya olunub təmiz metiltsiklopentan alınır və
proses zamanı kənar fraksiyaları resirkulyasiya etdikdə potensialda çıxımı 77% olur.
Benzin fraksiyasından çıxarılmış metiltsiklopentan kimya sənayesi üçün ən qiymətli xammaldır. Xüsusən, onu
katalizator üzərində dehidrogenləşdirib olefinə çevirəndə ən aktiv olefinə çevrilir ki, bu da müxtəlif birləşmələrin
alınmasına imkan yaradır.
Dostları ilə paylaş: |