Yerdən səslər: Qismən veririk.
Heydər Əliyev: Amma siz bilməlisiniz ki, Azərbaycan üzrə bütün əhali işıq və qaz
pulu, su pulu vermədiyinə görə, hökumət məcbur olur ki, büdcədən 350 milyon dolları
həmin elektrik enerjisini istehsal etmək, qaz almaq üçün, - biz qazı Rusiyadan da alırıq, -
su üçün vəsait ayırır. Gələn il üçün bizim büdcəmizin ümumi həcmi 1 milyard 200 milyon
dollar nəzərdə tutulur. İndi təsəvvür edin, əgər biz qaz, işıq, su pulunu əhalidən ala
bilsəydik, bu 350 milyon dolları biz ora xərcləməzdik, camaatın vəziyyətinin
yaxşılaşdırılmasına yönəldə bilərdik. Siz bilməlisiniz, biz elektrik enerjisini istehsal
edirik, onun dəyərinin əksər hissəsini ala bilmirik. Təbii qazı Rusiyadan da alırıq,
paylayırıq, pulunu yığa bilmirik. Keçid dövrünün bu cür çətinlikləri var. Sizin kəndə qaz
gəlir, yoxsa yox?