157
vaxt belə hərəkət etməz... Qırmızı işıq yananda hamı səkinin
kənarında dayanıb gözləyir. Maşın gəlməsə də, keçid boş
olsa da, heç kəs yerindən tərpənmir... yaşıl işığın yanmasını
gözləyirlər...
Biz yenə də qəribə bir mənzərəni seyr etdik. Küçənin
hər iki tərəfindəki səkilərdə işıq dirəklərinə xırda bayraqlar
sancılmışdı. Məktəblilər, qocalar, evdar qadınlar bir səkidən
o biri səkiyə keçmək istəyəndə həmin bayraqlardan birin
əlinə alıb qaldırır, həmin saniyə bütün maşınlar dayanır.
Qadınlar, yaxud uşaqlar rahatca o biri səkiyə keçirlər.
Bayraqların üzərində «Biz gəlirik» sözləri yazılmışdır.
Həmin bayraqları o biri səkidəki dirəklərə sancırlar və
yollarına davam edirlər» (Bax: Həsən Seyidbəyli, «On beş
gün Yaponiyada» kitabı, səh 28-31).
Bayaq əsərindən misal gətirdiyim Uolt Şeldon
Tokiodakı adamların çoxluğunu obrazlı şəkildə belə
xarakterizə edir: «Tokioda o qədər çox adam yaşayır ki,
deyəsən hətta itlər quyruqlarını sağa-sola yox, yuxarı-aşağı
bulamağa məcbur olurlar» (Bax: Sakura budağı, səh.211).
«Yaponlar» kitabındasa Tokionun geniş və dolğun
təsviri belə verilmişdir: «Tokio – Yaponiyanın güzgüsüdür...
Yaponiya paytaxtının sərhədlərini təsəvvür etmək çətindir,
çünki, sadəcə olaraq, onlar yoxdur. Şəhər nəhəngdir: Oraya
23 rayon, 5 şəhər-peyk və bir kənd daxildir. Böyük Tokioda
28 milyon adam yaşayır, 2000-ci ildə bu rəqəmin 34 milyona
çatacağı gözlənilir.
Əhali sıxlığı böyükdür: Bir kvadrat-kilometrə beş min
adam düşür. Qonşu prefekturalardan və ətraf yerlərdən
Tokioya hər gün işləmək üçün beş-altı milyon adam gəlir...
Bu şəhər sentimental şəhər deyil, bu şəhər haqq-hesab
sevir və burada dolanmaq adi adam üçün böyük zəhmət tələb