Alt Paleolit dövrünün sonunda əmək alətlərinin yeni növləri meydana gəlmişdir. Alətlər daha çox çaxmaqdaşından, bazalt və obsidiandan (vulkanik şüşədəvəgüzü) hazırlanırdı. Çünki insanlar onları asanlıqla qəlpələyir və ucu iti, dişlikəzli, oymalı kəsici alətlər hazırlayırdılar.
Orta Paleolit təxminən 100 min il bundan əvvəl başlanmış, e.ə. 40-cı minilliyə qədər davam etmişdir. Bu dövrdə insanların fiziki və zehni inkişafı səviyyəsi artmış, əmək alətləri və əmək vərdişləri təkmilləşdirilmişdi.
Orta Paleolit dövründə yeni insan tipi yaranmışdır. Həmin insanlar neandertal adamı adlanır (Neandertal – Almaniyada yer adıdır. Burada İbtidai insanın kəllə sümüyü tapılmışdır). Onlar əsasən ovçuluqla – Qafqaz maralı, mağara ayısı, boz ayı, tur, dağkeçisi, vəhşi at (gur) və s. ovlamaqla, həmçinin yem toplamaqla (yığıcılıqla) məşğul olmuşlar. Azərbaycanda bu dövr Azıx mağarasının müəyyən təbəqəsi, Tağlar, Daşsalahlı, Qazma, Zar, Qədirdərə, Marallı kimi yaşayış düşərgələri əsasında öyrənilmişdi. Orta Paleolit dövründə qədim insanların ətraf mühitə münasibətində, dini görüşlərində dəyişikliklər yaranmışdır. Axirət dünyasına inam ilk dəfə bu dövrdə yaranmışdı. Ovsun, heyvanlara (totemlərə), təbiət qüvvələrinə inamla bağlı dini təsəvvür formaları meydana gəlmişdir. Orta Paleolit dövründən başlayaraq ulu icma yavaş-yavaş sıradan çıxmış, qəbilə icması yaranmağa başlamışdır.
Üst paleolit. Ağıllı insan. Paleolitin son mərhələsi üst paleolitdir. Üst paleolit təxminən 40 min il bundan əvvəl başlanmış, e.ə. 12-ci minilliyə qədər davam etmişdir. Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində, habelə ictimai həyatda çoxsaylı dəyişikliklər baş vermişdir. Azərbaycanın bir sıra bölgələrində Üst Paleolit dövrünün mağara düşərgələri öyrənilmişdir. İbtidai insanlar bu mağaralarda yaşamış və özlərini təbiətin təhlükəli hadisələrindən və vəhşi heyvanların hücumlarından qorumuşlar. Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrinin Paleolit düşərgələrində daha çox rast gəlinmişdir. Üst Paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayısının və s. nəsli kəsilmişdir. İnsanlar Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və s. ovlamışlar. İnsanların istifadə etdikləri uclu qaşovlar, biz, dairəvi, yarımdairəvi və uzun qaşovlar, gəzli (yəni kənara dişəkli) və üçbucaq əmək alətləri geniş yayılmışdır.
Üst Paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin, yəni ağıllı insanın («Homo Sapiyens») yaranması başa çatmışdı. İnsan fiziki və əqli inkişafın yüksək mərhələsinə çatmışdır. Təfəkkür və nitq inkişaf tapmışdır. İbtidai cəmiyyətin bu mərhələsində ilk vaxtlar insanlar bir-birini adi hərəkətlərlə (kinetik dillə-əl, dodaq hərəkətləri və s. hərəkətlərlə) başa salırdılar. Lakin onlar bu üsulla uzaq məsafədə və qaranlıqda ünsiyyət yarada bilmirdilər. Əmək fəaliyətinin artması şüurun, düşüncənin inkişafı tədricən səsli nitqin yaranmasına səbəb olmuşdu. Səsli nitq ilk vaxtlar İbtidai insanların yaratdığı və tələffüz etdiyi ilk sözlərdən, təsərrüfat həyatı ilə bağlı tək-tək sadə ifadələrdən ibarət olmuşdur.