Mövzu : Azərbaycan ərazisində ibtidai icma quruluşu. (Mühazirə №1)
Dünyanın mədəni xalqları içərisində öz qədimliyi ilə seçilən Azərbaycan xalqı çox zəngin tarixə malikdir. Tarix hər bir xalqın, o cümlədən Azərbaycan xalqının da milli özünüdərkinin əsas sütunlarından birini təşkil edir. Tarix bəşəriyyətin, o cümlədən ayrı-ayrı xalqların həyatında qədim zamanlardan bu günə qədər baş vermiş ən mühüm hadisələri öyrənən elm hesab olunur. Azərbaycanda yetişməkdə olan gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsində, onlarda vətənə, torpağa, vətənpərvərlik hisslərinin tərbiyyəsində, həmçinin Azərbaycanı sevən, onu hər an müdafiə etməyə hazır olan bir vətəndaş kimi formalaşmasında “Azərbaycan tarixi” fənninin rolu əvəzsizdir. Azərbaycan xalqı qədim və zəngin tarixə malikdir.
Mövcud maddi və mənəvi dəyərlər sübut edir ki, Azərbaycan xalqı qədim və zəngin tarixə malikdir. Dünyanın ilk sivilizasiyalarının yarandığı məkanlardan biri də Azərbaycan olmuşdur.
Azərbaycan ərazisi dünyanın ən qədim mədəni ocaqlarından biridir. Əlverişli təbii-coğrafi şəraitə, zəngin flora və fauna aləminə, mülayim iqlimə malik olan Azərbaycan yer kürəsində İbtidai insanın formalaşdığı rayonlar sırasına daxildir. Aparılmış tədqiqatlarla müəyyən olunmuşdur.
Bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi İbtidai icma cəmiyyəti adlanır. İbtidai-icma cəmiyyəti başqa dövrlərə nisbətən uzun müddət davam etmişdir. İbtidai icma cəmiyyəti ilk insanların yaranması ilə başlamış və uzun inkişaf yolu keçmişdir. İbtidai-icma cəmiyyətinin inkişafı və dağılması hər bir ölkənin təbii-coğrafi şəraiti, təbii ehtiyatları və başqa amillərlə bağlı olmuşdur.
İbtidai-icma cəmiyyəti şərti olaraq üç dövrə ayrılır: Daş dövrü, Tunc dövrü, Dəmir dövrü. Əlverişli təbii-coğrafi mühit olan yerlərdə (şirin su qaynaqlarının, bitki və heyvanlar aləmi zəngin olan, təbii mülayim iqlim və sığınacaqların olduğu yerlər) qədim insanlar məskən salaraq həyat sürmüşlər. Azərbaycan belə ərazilərdən biri olmuşdur.
Dünyada ən qədim insan tiplərinin qalıqları Şərqi Afrikada (Keniya, Tanzaniya) tapılmışdır. Alimlər bu qalıqlara əsasən belə müəyyən etmişlər ki, ən qədim insanlar 2,5 milyon ilbundan əvvəl yaşamışlar.
Azərbaycanda isə ilk insanlar 2,1 - 2,4 milyon il bundan əvvəl yaşamışlar. Arxeoloqlar Azərbaycan ərazisində - Qarabağ (Azıx, Tağlar, Zar) Naxzıvan (Qazma), Qazax (Daşsalahlı, Damcılı), Lerikdə (Buzeyir) qədim insanların yaşadığı məskənləri öyrənmişlər.
Daş dövrü bir neçə mərhələdən ibarət olmuşdur. Qədim daş dövrü – paleolit, orta daş dövrü – mezolit, yeni daş dövrü – neolit, mis daş dövrü – eneolit adlanır.
İbtidai icma cəmiyyətinin ilkin pilləsi olan Paleolit dövrü üç mərhələyə bölünür: Alt Paleolit, Orta Paleolit və Üst Paleolit.