Mezolit dövrü. Ox və kamanın kəşfi. Mezolit - Orta Daş dövrü Azərbaycan ərazisində e.ə. 12-ci minillikdən e.ə. 8-ci minilliyə qədər bir dövrü əhatə edir. Mezolit dövründə yaşayış üçün daha əlverişli iqlim şəraiti olmuşdur. Qəbilələr halında birləşmiş insanların həyatında, dünyagörüşündə, ətraf aləmə münasibətlərində xeyli dəyişikliklər baş vermişdir. Yeni əmək alətləri yaratmış insanlar əsasən ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olmuşlar. Mezolit dövründə ox və kaman ixtira edilmişdir. Bu silahın köməyi ilə insanlar heyvanları daha uzaq məsafədən ovlaya bilirdilər. Onlar qida ehtiyatını artırmağa nail olmuş və tədricən heyvanları əhilləşdirməyə başlamışlar. İlk vaxtlar heyvanların balalarını qida ehtiyatı kimi saxlayırdılar. Beləliklə, İbtidai maldarlığın əsası qoyulurdu. Lakin heyvanların əhilləşdirilməsi çox uzun dövr ərzində mümkün olmuşdur. Mezolit dövründə ilk əkinçilik vərdişləri də yaranırdı. Ət ehtiyatının artması insanların ərzağa olan tələbatını qismən ödədiyinə görə, toplanmış yabanı bitki toxumlarının da bir hissəsini ehtiyat üçün saxlayırdılar. Bu isə İbtidai əkinçiliyin meydana gəlməsinə şərait yaradırdı. Toxumun yerə tökülərək yenidən cücərdiyini müşahidə edən insanlar onu təkrar edərək yenidən məhsul əldə edirdilər. Beləliklə, Mezolit dövründə mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdu. Lakin istehsal təsərrüfatının formalaşması bir qədər gec – Yeni Daş dövründəbaşa çatmışdır.
Azərbaycanda Mezolit dövrü əhalisinin yaşayışı, məşğuliyyəti Qobustan abidələri («Öküzlər», «Ana Zağa», «Firuz» və s.) əsasında öyrənilmişdir. Burada insanlar təxminən e.ə. 12-ci minillikdən yaşamışlar. Qobustanda insanlar ovçuluq, balıqçılıq və yığıcılıqla, zaman keçdikcə isə maldarlıq və əkinçiliklə məşğul olmuşlar. Qədim Qobustanlılar mikrolif (kiçik ölçülü) lövhələrdən iti uclu, gəzli, bıçaqvari, qaşov tipli kəsici alətlər hazırlamışlar. Alətlərin çoxusu həndəsi formalıdır (üçbucaqlı, dördbucaqlı və s.). Sümükdən biz, ox ucu, balıq torunun toxunulmasında istifadə olunan alətlər hazırlamışlar. Mezolit dövründə İbtidai incəsənət xeyli inkişaf etmişdir. Qobustan qayaları üzərində həkk olunmuş qayaüstü rəsmlər İbtidai insanların dini görüşlərini, ətraf aləmə münasibətlərini əks etdirir. O dövrün bitki və heyvanat aləmi haqqında məlumat verir. Bu rəsmlər əsasında mezolit dövrü insanlarının ovsun-totem (heyvanlara inam) inamlarını, dini ayinləri ilə tanış olmaq mümkündür. Mezolit dövründə insanlar axirət dünyasına inanmış, dəfn zamanı ölülərin yanına əmək alətləri, bəzək əşyaları qoymuşlar. Qobustanda «Firuz» düşərgəsindəki qəbirlərindən belə əşyalar tapılmışdır.
Eramızdan əvvəl VIII-VII minillikləri əhatə edən yeni daş dövrü – Neolit dövrü adlanır. Bu dövrdə insanlar daha hər şeyi təbiətdən hazır şəkildə almır, özləri yenisini istehsal edirdilər. Yəni insanlar təbiətdən asılılıqdan azad olmuş, özlərinə lazım olan məhsulların istehsalına başlamışlar. İnsanların məşğuliyyət sahələri içərisində maldarlıq və əkinçilik əsas yer tuturdu. Azərbaycanda bu iki təsərrüfat sahəsinin inkişafı üçün hər cür şərait var idi. Neolit dövründə insanlar saxsı qablar hazırlamış, daş alətləri cilalamağı və deşməyi öyrənmiş, toxuculuqla məşğul olmuşlar. Bəşər tarixindəki bu yeniliklər Neolit inqilabı adlandırılmışdır. Cənubi Qafqazda və Azərbaycan ərazisində neolit (yeni daş) dövrü e.ə.VIIIVII minillikləri əhatə edir. Bu mədəniyyətin formalaşması iki mərhələdən keçmişdir. Birinci mərhələ saxsı qabların yaranmasına qədər olan, əkinçiliyin, maldarlığın, toxuculuğun təşəkkülü dövrünü-təxminən e.ə.VIII minilliyi əhatə edir və erkən neolit adlanır. İkinci mərhələ ibtidai icma quruluşu insanlarının təfəkkürünün və istehsal sahələrin inkişafı, təsərrüfat həyatında köklü dəyişikliklərin yaranması, gil qabların hazırlanması və ümumilikdə yeni mədəniyyətin meydana çıxması ilə fərqlənir. Bu dövr e.ə.VII minilliyi əhatə edir.
Azərbaycan ərazisində bu dövrə aid Gəncə yaxınlığında Gillidağ, Qazaxda Damcılı mağarası, Qobustanda "Ovçular zağası", "Anazağa" və "Firuz" düşərgələri kimi abidələr öyrənilmişdir. Təbriz yaxınlığında yerləşən Yanıqtəpə (kiçik təpə) və Urmiya gölünün cənubundakı Hacı Firuz abidələrinin alt təbəqələri də neolit dövrünə aiddir.
Neolit dövründən başlayaraq əhali oturaq həyata keçmiş, əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla, balıqçılıqla da məşğul olmuşlar. Əmək alətləri, əsasən, çaxmaqdaşından və obsidiandan (vulkanik şüşə – dəvəgüzü) hazırlanırdı. Əkinçilik yeni əkin və biçin alətlərinin yaranmasına səbəb olmuşdur. Daş toxalar, oraq dişi hazırlanırdı. Daş baltalar, çəkiclər də bu dövrdə yaranmışdır.