Sintaksisin Leksika ilə qarşılıqlı əlaqəsi Dilçiliyin maraqlı bölmələrindən olan leksikologiyada dilin lüğət tərkibi öyrədilir. Leksikologiyanın əsas predmeti sözdür. Məlumdur ki, fikrin dəqiq ifadəsi üçün lüğət ehtiyatının, söz bazasının çoxluğunun böyük əhəmiyyəti vardır. Sözlərin mətn daxilindəki yerini, onun semantikasını dərk etmədən sözə həssas münasibət aşılamaq qeyri-mümkündür. Bu bölmədə dilimizdəki sözlər öyrənilir, tədqiq edilir . Bilirik ki, söz həm leksik , həm də qrammatik mənaya malik olur. Leksikologiyada sözün lüğəvi mənası, onun mahiyyəti, omonimliyi, antonimliyi, sinonimliyi, sözün mənşəyi, işlənmə dairəsi öyrənilir.
Söz dilin nominativ vahidləri sahəsinə daxildir . Sintaksisdə öyrənilən söz birləşmələri də dilin nominativ vahidləri sırasına daxildir. Söz cümlə üçün olduğu kimi, söz birləşmələri üçün də tikinti materialıdır. Əgər birləşməni əmələ gətirən sözün mənası aydın deyilsə, o zaman söz birləşməsinin də mənası aydın düşünülə bilməz. Leksikologiyada qazanılan bilikləri sintaksisdə asanlıqla müqayisəli şəkildə tətbiq etmək və inkişaf etdirmək mümkündür və vacibdir. Məsələn, leksika bölməsində frazeoloji vahidlər, onların quruluşu, semantikasının mənimsənilməsi, eləcə də dilimizdə bu birləşmələrin sabit söz birləşməsi adını qazanması, bununla yanaşı dilimizdə sərbəst söz birləşmələri adlanan vahidlərin olması, sabit və sərbəst birləşmələrinin müqayisəli şəkildə tədrisi həm əvvəlki mövzuların təkrar edilib möhkəmlənməsinə, həm də yeni elmi-nəzəri məlumatın şüurlu olaraq dərk edilməsinə kömək edir.
Bu məqsədlə, yəni sabit birləşmələrlə sərbəst birləşmələri fərqləndirmək üçün belə bir alqoritmik məsələ quraq:
1. Verilmiş birləşmələr dildən hazır şəkildəmi götürülüb?
Birləşmələr: ələ salmaq; insanın taleyi Cavab: hə yox
2. Birləşmə məcazi məna ifadə edirmi?
Cavab: hə yox
3. Birləşmə daxilindəki sözlər öz müstəqilliyini itirirmi?
Cavab: hə yox
Nəticə: frazeoloji birləşmə sərbəst birləşmə
leksik vahid sintaktik vahid
Beləliklə, alqoritmik məsələnin nəticəsi olaraq aydınlaşır ki, istər sərbəst söz birləşməsi, istər frazeoloji (sabit) söz birləşməsi iki sözün birləşməsindən formalaşsa da, ayrı-ayrı dil vahidləridir. Sərbəst söz birləşmələri bir neçə leksik vahiddən törəməsinə baxmayaraq, bütünlüklə leksik mənalı vahid deyildir, onlar sintaktik vahiddir. Frazeoloji vahidlər isə leksik vahidlərdir, çünki həmin sözlər bütövlükdə bir məna ifadə edir. Buna görə də ifadənin tərkibindəki sözləri ayrı-ayrı cümlə üzvü kimi təhlil etmək mümkün deyil.
Sərbəst söz birləşməsində sözlər öz müstəqilliyini saxlayır, lakin frazeoloji vahidlər leksik birləşmələr olduğundan bu vahidləri əmələ gətirən sözləri bir-birindən ayırmaq olmaz. Sabit söz birləşəsi dildə hazır şəkildə olur, lakin sərbəst birləşmə müəyyən ünsiyyət prosesində, tələbata uyğun qurulur.
Sabit söz birləşməsində sözlərin sırası, əsasən, sabit olur, bu sıranı dəyişmək və arasına söz daxil etmək mümkün deyildir. Lakin bədii dildə, xüsusilə lirik növdə frazeoloji birləşmələrdə söz sırasının dəyişməsi emosio-nallıq yaradan vasitə kimi çıxış edir: