Qızılgül, bağü bustanım, nə dersən,
Fəda olsun sənə canım, nə dersən?
Qərarü səbrü aramım tükəndi,
Kəsildi küllü fərmanım, nə dersən?
(Ş.İ.Xətai)
Təbrizim, Təbrizim, aman Təbrizim!
Yox olsun başından duman, Təbrizim! (S.R.)
Dəli könül, nə divanə gəzirsən,
Bivəfa dilbərdən sənə yar olmaz! (X.Qasım)
Həyat, sən nə şirinsən,kim səndən doydu getdi!?
(B.Vahabzadə)
Fəqət nə Cəlal var, nə Humay,
Nə ömrə acıyır, nə yaşa dünya. (S.Vurğun) (ellipsis)
Bəzənirəm ağam döyür, bəzənmirəm xanım.
Dost üzə baxar, düşmən ayağa. (Atalar sözü).
Haydı, irəli! Ana, telofona! (ellipsis)
Beləliklə, bu qısa məlumatdan da aydın olur ki, sintaksis bölməsində elə bir mövzu ola bilməz ki, ədəbiyyat fənni ilə əlaqə yaratmaq mümkün olmasın. Bu əlaqə zəruri tələbdən yaranır. Çünki sintaksis bölməsinin əsas predmeti, fikrin, nitqin özü cümlələrlə reallaşır.
Əvvəlki sətirlərdə qeyd etmişdik ki, ünsiyyət vasitəsinə və fikir mübadiləsinə xidmət edən cümlə ayrı-ayrı sözlərdən və onların qanunauyğun şəkildə yaratdığı söz birləşmələrindən təşkil olunur. Cümləyə daxil olan sözlər müəyyən sintaktik normalara əsasən funksiya daşıyır, özünəməxsus mövqedə dayanır. Belə ki, təyin olunan sözün yanında işlənərək əşyanı müxtəlif cəhətdən izah edir, aydınlaşdırır. Zərflik feli xəbərdən əvvəl gələrək onun zamanını, yerini, tərzini, səbəbini və. s bildirir. Cümləyə daxil olan sözlərin belə qanunauyğunluq əsasında qurulması aralarındakı əlaqədən, birinin digərinə tabe olmasından irəli gəlir. Beləliklə, cümləni əmələ gətirən sözlər və söz birləşmələri arasında məna və qrammatik cəhətdən əlaqə olur ki, buna da sintaktik əlaqə deyilir.
Məna əlaqəsi obyektiv gerçəklikdə əşyalar, əlamət və hadisələr, proseslər arasındakı əlaqənin dildəki ifadəsidir. Məna əlaqəsi sözlər arasında əsasən 4 şəkildə: 1) predikativ (Həyat gözəldir, Təbiət gülür, Uşaq yatır, Mən yazıram, Biz söhbət edirik və s.); 2) obyekt (insanı sevmək, dərsi oxumaq, şəkli göndərmək, sənədləri imzalamaq və s.); 3)atributiv ( sıx meşə, dərin dərələr, göy çəmən, mavi dəniz, saf dilək və s.); 4) relyativ ( dağlara qalxmaq, kəndə getmək, sürətlə getmək, asta-asta danışmaq, sevincdən ağlamaq və s.) əlaqə şəklində təzahür edir.
Sözlərin nitqdə morfoloji cəhətdən dəyişməsi və birləşməsi isə əlaqənin 2-ci cəhəti, yəni ifadə formasıdır. Bu cür əlaqə qrammatik və ya sintaktik əlaqə adlanır. Sintaktik əlaqənin 2 növü var: 1) Tabesizlik; 2) Tabelilik.
Tabesizlik əlaqəsi. Tabesizlik əlaqəsi ilə bağlanan sözlər bərabərhüquqlu olur və buna görə də biri digərinə tabe və ya biri digərindən asılı olmur. Bu əlaqə tipində sözlər biri digərini aydınlaşdırmır. Tabesizlik əlaqəsi özünü həmcins üzvlər və tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında göstərir. Tabesizlik əlaqəsinin göstəricisi sadalama intonasiyası və tabesizlik bağlayıcılarıdır. Məsələn, 1) Onlar yamacdan aşağı endilər, cığıra çıxdılar, kəhərə tərəf addımladılar. 2) Cahandar ağa nə dinir, nə də etiraz edirdi. 3) Qərib-qərib, qəmgin-qəmgin ötərsiz, Üz tutubsuz nə məkana, durnalar?!
3. Tabelilik əlaqəsi. Tabelilik əlaqəsi Azərbaycan dilində ən geniş fəaliyyət dairəsinə malikdir. Belə ki, cümlə üzvləri (həmcinsdən başqa ), tabeli mürəkkəb cümlənin tərkib hissələri_baş və budaq cümlələr arasındakı əlaqə tabelilik əlaqəsidir. Tabelilik əlaqəsi, asılılıq prinsipi əsasında qurulur. Bu əlaqə əsasında bağlanan sözlərdən və cümlələrdən biri əsas, digəri isə tabe olur, tabe olan söz və ya cümlə digərini aydınlaşdırır, izah edir, onun hansısa xüsusiyyətini üzə çıxarır. Məhz buna görə də müstəqil olan tərəf tabeedici, asılı söz isə tabe söz adlanır. Tabelilik əlaqəsi cümlə üzvlərindən mübtəda ilə xəbər, təyinlə təyin olunan, tamamlıq və zərfliklə xəbər arasında, feli sifət, feli bağlama, məsdər tərkiblərini, II, III növ təyini söz birləşmələrini əmələ gətirən sözlər arasında olur. Həmçinin qoşmalarla onun qoşulduğu sözlər də bir-birinə tabelilik əlaqəsi ilə bağlanır. Azərbaycan dilində tabelilik əlaqəsinin 3 növü işlənir: 1) uzlaşma; 2) idarə; 3) yanaşma.
Uzlaşma. Uzlaşma əlaqəsində tabeedici sözün tələbi ilə asılı söz şəxsə və kəmiyyətə görə əsas sözlə uyğunlaşır. Əsas söz hansı şəxsdədirsə, tabe söz həmin şəxsə mənsub qrammatik formanı qəbul edir. Uzlaşma əlaqəsi Azərbaycan dilində həm predikativ, həm də atributiv birləşmələrdə özünü göstərir. Müasir Azərbaycan dilində uzlaşma əlaqəsinin 2 tipini göstərmək olar: a) şəxsə görə uzlaşma; b) kəmiy-yətə görə uzlaşma.
Uzlaşma əlaqəsi, adətən, mübtəda ilə xəbər arasında özünü göstərir. Əsas tərəf mübtəda olmaqla neçənci şəxsə aiddirsə, asılı tərəf (xəbər) də həmin şəxsə mənsub şəxs sonluğunu qəbul edir. Azərbaycan dilində şəxsə görə uzlaşma, demək olar ki, pozulmur. Məsələn, Siz aldınız, Biz aldıq, Mən gəldim, Sən gəldin... Lakin kəmiyyətə görə uzlaşma, əsasən, III şəxsin cəmində pozulur. Bu aşağıdakı hallarda, yəni tabe edən tərəfin müxtəlif əşyalara aid olması ilə meydana çıxır: 1) Əgər mübtəda insanlara aid olub, onları fərdi şəkildə nəzərə çatdırırsa, onda xəbər də cəmdə olmalıdır. Məsələn, Fəhlələr mitinqdə necə qəzəblə danışırdılarsa, sahibkarlarla da o cür rəftar edirdilər.
2) Əgər insanlar toplu halda verilərsə, uzlaşma vacib sayılmır. Məsələn, Qadınlar elə həyat yoldaşı istər ki, ona dost, qardaş, arxa, dayaq olsun.
3) Mübtəda heyvanlara aid olan sözlərlə ifadə olunarsa, onda xəbər yenə də mübtəda ilə uzlaşa da bilər, uzlaşmaya da. Məsələn, Durnalar qatarlaşıb uçurlar (uçur).
4) Cansızlara aid olan mübtədalar cəm olarsa, xəbər adətən təkdə olur. Məsələn, Əsərlər yazılır; Yarpaqlar tökülür; Ocaqlar sönür və s. Qeyd etmək lazımdır ki, bəzən cansız əşya adlarını ifadə edən mübtəda canlı varlıq kimi təsəvvür edildikdə onun xəbəri cəmdə ola bilər. Məsələn, Bir dəqiqə keçmədi ki, binaların başına qoyulmuş radiolar ağız-ağıza verib, var gücləri ilə danışdılar, şəhəri oyatdılar.
5) Mübtəda nəsil, ailə, həmfikir bir qrupu bildirən -gil şəkilçisi ilə işlənərsə, xəbər tək də ola bilər, cəm də. Məsələn, Bir azdan Zeynəbgil meşədə güllə səsləri eşitdilər.
6) Var, lazım, gərək, yox kimi sözlərlə ifadə olunan xəbərlər III şəxs cəmdə olan mübtəda ilə uzlaşmır. Məsələn, Adriatik dənizin sahillərində böyük partizan dəstələri vardır.
7) Azərbaycan dilində, bir qayda olaraq, mübtədadan əvvəl kəmiyyət təyini olarsa, onda həm mübtəda, həm də xəbər tək olur. Məsələn, Topxana meşəsindən kəndə tərəf xeyli atlı gəlirdi.
8) Toplu isimlərlə ifadə olunan mübtəda ilə xəbər həmişə uzlaşaraq qrammatik cəhətdən tək olur. Məsələn, Xalq üsyan bayrağını qaldırdı.
Xəbərin həmcins mübtədalarla və həmcins xəbərlərin mübtəda ilə uzlaşması
Dostları ilə paylaş: |