İntonasiya. Hər hansı cümlənin formalaşmasında olduğu kimi, tabesiz mürəkkəb cümlənin formalaşmasında da intonasiyanın çox mühüm rolu vardır. Müxtəlif məna əlaqələrinin əmələ gəlməsində, komponentlərin qarşılıqlı münasibətlərini təmin etməkdə və məna əlaqələrini formalaşdırmaqda intonasiya xüsusi əhəmiyyət daşıyır. Yalnız intonasiya təklikdə komponentlər arasında əlaqə yaratmır, onunla bərabər digər bağlayıcı vasitələr də işlənir. Lakin bu əlaqə vasitələrindən əksəriyyəti dəyişkəndir. Cümlədəki intonasiya və komponentlərin sıralanması isə mütləq xarakter daşıyır.
Nümunələrə nəzər salaq: Dost üzə baxar, düşmən ayağa. (Ata.s.). Bəzənirəm, ağam döyür, bəzənmirəm, xanım (Ata.s.). Gözəl qadın gözə xoş gələr, xeyirxah qadın qəlbə. Biri gözəl əşyadır, biri əsl xəzinə (Aforizm). Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz (M.Ə.S.).
Göründüyü kimi, tabesiz mürəkkəb cümlələrin komponentlərində intonasiya və sıralanma mütləq bağlayıcı vasitələrdir.
Tabesizlik bağlayıcıları. Tabesiz mürəkkəb cümlənin komponentlərinin əlaqələnməsində bağlayıcıların da əhəmiyyəti vardır. Bunlar komponentlər arasında məna münasibətlərinə müvafiq olaraq işlədir. Bağlayıcılar aşağıdakılardır:
da, də bağlayıcısı: Dolu da ötüşdü, külək də keçdi (B.Bayramov). Axşamdan kəndin üstünə çökən duman çəkilmiş, səhərə yaxın yağış da çilənmişdi (İ.Şıxlı).
və bağlayıcısı. Qapı açıldı və ev sahibinin qulluqçusu içəri girdi (H.Nəzərli).
isə bağlayıcısı. Çərkəz kəndirdən tutub var gücü ilə dartır, balıq isə onu sürüyüb aparırdı (İ.Şıxlı).
amma, ancaq, lakin, leyk, və lakin, vəli, fəqət bağlayıcıları. Kamran dilə gəldi, amma çaldığı romans kədərdən çox məhəbbət, həyat eşqi, hörmət, ləyaqət ifadə edirdi.(B.Bayramov). Qafilə qala qapısını çoxdan tərk etmişdi, lakin hələ də ikiqat qalmış keşikçilər razılıq etməkdə idilər (Y.V.Çəmənzəminli).
gah, gah da bağlayıcısı. Buludlar karvan-karvan lap aşağıdan ötür, gah iri damcılar çadırları səsləndirib xal-xal naxışlayır, gah da çiskin yağış asta-asta yağır, şeh kimi yerə yatırdı (B.Bayramov).