Gecə, gündüz, sabah, axşam, səhər kimi sözlərin əslində isim olduğuna heç bir şübhə yoxdur. Təklikdə götürüldükdə isimlərə xas olan bütün xüsusiyyətlərə cavab verir. Bu sözlər hallanır, mənsubiyyətə görə dəyişir, cəm şəkilçisi qəbul edir. Məs.: Gecə çox sakit və qaranlıq idi. Səhərin açılmasını gözləməli olduq. (İ.M.)
Lakin bunların həm də zərf olduğunu, hərəkətin icra olunduğu zamanı bildirdiyini göstərmək üçün sintaksisə _ cümləyə müraciət etməliyik. Çünki hər bir söz öz həqiqi leksik və qrammatik mənasını cümlədə reallaşdırır: Axşam sizi gətirmək üçün fayton göndərəcəyəm. (Ü.H.) Sabah karvan yola düşəcək. (F.K.)
Deməli, həmin sözləri morfologiyada həm isim, həm də zərflərə daxil etmək lazım gəlir. Onların əlaqəyə girdiyi, aid olduğu sözü də müəyyənləşdirmək vacibdir. Beləliklə, nümunə kimi verilmiş sözlərin qrammatik mənalarını aydınlaşdırmaq üçün qrammatik məna haqqında verilmiş tərifə yenidən nəzər salmaq gərəkdir: “Sözün qrammatik mənası hər cür konkretlikdən məhrum, olduqca mücərrəd və sözlərin cümlə daxilində başqa sözlərlə əlaqəyə girərək kəsb etdiyi əlavə mənalara deyilir”.
İstər sözün leksik mənası, istərsə də qrammatik mənası cümlə daxilində öz həqiqi sübutunu tapır. Bunlardan belə nəticə çıxır ki, zərf müstəqil nitq hissəsi kimi həm özünün morfoloji əlamətinə, həm də sintaktik vəzifəsinə görə başqa nitq hissələrindən fərqlənir. Bu fərqləri nəzərə almadan onları müəyyənləşdirmək çətindir.
Ədəbi dilimizdə zərfləşmiş sözlər də mühüm əhəmiyyət daşıyır. İsmin yerlik, çıxışlıq hal şəkilçilərini qəbul edən yazda, payızda, yayda, qışda, həvəsdən, sevincdən, ürəkdən, qorxudan və s. kimi sözlər zərfləşmiş sözlərdir. Bəzən gah bağlayıcısı da zərfləşə bilir. Məs.: Gahdan çiskin tökər, gah duman eylər, Gah gəlib-gedəni peşiman eylər. Gahdan qeyzə gələr, nahaq qan eylər... (A.Ə.)
Zərfin quruluşca növləri Digər əsas nitq hissələri kimi zərflər də quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə zərflər çox qədim tarixə malikdir. Onların bəziləri etimoloji baxımdan təhlil edilsə, arxaikləşmiş söz və tərkib hissələrdən ibarət olduğu aydınlaşar: ertə, irəli, içəri və s. Lakin müasir ədəbi dilimiz üçün bu sözlər sadə zərflərdir. Yavaş, cəld, asta, az, çox, xeyli, indi, tez, gec, əvvəl, sonra, yuxarı, aşağı, geri, irəli, bəri və s. zərflər quruluşca sadədir. Məs.: Dirili Qurbani, götür, din indi, Boynundakı məhəbbətin kəməndi! (Qurbani) Asta yeri, ay oğul, qoy birini də deyim. (A.S.) Qaraltı cəld tərpəndi və bir anda yox oldu. (danışıqdan)
Düzəltmə zərflər sadə zərflərin və ya başqa nitq hissələrinin üzərinə müxtəlif leksik şəkilçilərin artırılması ilə düzəlir.
* -la, -lə. Məhsuldar şəkilçidir. Müxtəlif mənalı isimlərdən zərf yaradır: güclə, zorla, həvəslə, sürətlə, sevinclə və s.