Sintaktik-morfoloji yolla yaranan mürəkkəb zərflər
* Tərəflərdən birincisi adlıq, ikincisi yönlük halda olanlar: üz-üzə, diz-dizə, göz-gözə, yan-yana, qabaq-qabağa və s
* Tərəflərdən birincisi ismin adlıq, ikincisi çıxışlıq halında olanlar: il-ildən, gün-gündən və s.
* Eyni sözün arasına -ba (-bə) ünsürünün artırılması ilə yarananlar: ilbəil, günbəgün və s.
* Tərəflərdən birincisi -lı, -li, -lu, -lü şəkilçisinin, ikincisi mənsubiyyət və yerlik hal şəkilçisinin köməyi ilə yarananlar: vaxtlı-vaxtında, yerli-yerində və s.
* tərəflərdən birincisinin mənsubiyyət şəkilçisinin köməyi ilə yarananlar: üzüaşağı, başıaşağı və s.
* Tərəflərdən birincisi qeyri-müəyyən yiyəlik hal, ikincisi mənsubiyyət şəkilçisi qəbul edərək yarananlar: gözucu, sinədolusu, addımbaşı, əlüstü, axşamüstü və s.
* Tərəflərdən birincisi yönlük halda olan saylardan ibarət olanlar: birə-beş, birə-on.
Zərflərin məna növləri
1) Tərzi-hərəkət zərfləri hərəkətin keyfiyyətini, hansı tərzdə icra edildiyini bildirir, necə?, nə cür?, nə tərzdə?, nə vəziyyətdə?, nə halda? suallarından birinə cavab verir. Tərzi-hərəkət zərfləri quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə zərflərə asta, yavaş, iti, sərrast, dürüst, gözəl, pis, yaxşı, yaman, tez, gec, bərk, sərt, düz, əyri, cəld və s. sözləri misal göstərmək olar. Məs.:Binadan gözəl olmayan
Telin qədrini nə bilər? (“Koroğlu”) Günlərlə qan-qan deyən dəli Kür indi çox sakit görünürdü. (İ. Ş.) Əyri otur, düz danış. (A.sözü) Ancaq bütün məhlə uşaqlarının heç bir sevincində, heç bir oyununda iştirak etmədiyimi gördükcə əsəbiləşib, məni daha da bərk danlayırdı. (İ. Ə.) Getməklərindən bir gün qabaq o, anamla görüşmək üçün bizə gəlmişdi, həmişəki kimi gözəl geyinmişdi. (İ. Ə.) Bunu deyib, cəld bayıra çıxdım və qapını daldan bağladım. (İ. Ə.)
Düzəltmə tərzi-hərəkət zərfləri. Düzəltmə tərzi-hərəkət zərfləri, əsasən, sifət və ya sadə tərzi-hərəkət zərflərinin, bəzən də isim və sayların üzərinə leksik şəkilçi, şəkilçiləşmiş qoşma və ya ədat artırmaqla düzəlir: güclə, sürətlə, dinməz, yavaşdan, astadan, qəflətən, zarafatyana, xaincəsinə, tələsik, sevincək, yüngülcə, rahatca , ruhən. Məs.: Sona “Yusif və Züleyxa” xalçasını bükdü və tələsik uzaqlaşdı. (M. C.) Rüstəm kişi dinməz oturmuşdu. (M. İ.) Qapı yavaşca açıldı, Maya başını qaldırıb Qaraşı yüngülcə süzdü. (M. İ.) O, ağayana hərəkət etdi, tez qalxıb stolun dalında oturdu. (F.X.) Bizi inandırırdı ki, onun köməyi ilə bütün silahları xatasız, əngəlsiz aparıb İran kürdlərinə sata bilərik. (İ. Ə.) Bayram bəy fikrini həmişə sözaltı deyirdi. (İ. Ə.) Özümə inamım olmadığı üçün uşaqlarla oynayanda hərəkətlərim yöndəmsiz, küt çıxırdı. (İ. Ə.) Səsi də batmışdı, danışanda güclə eşidilirdi (İ. Ə.)
Dostları ilə paylaş: |