-qır (-xır,-qur,-yür). Bu şəkilçilər yamsılamalara artırılaraq feil əmələ gətirir: hıçqırmaq, fınxırmaq, böyürmək, fısqırmaq və s.
- qun: udqunmq;
-xul: burxulmaq;
-ələ: səpələ, eşələ.
-an,-ən: İsimlərdən və təqlidi sözlərdən feil əmələ gətirir: dadanmaq, gücənmək, hıqqanmaq.
-ıq,-ik,-ıx,-ux,-ük: yoluxmaq, darıxmaq, birikmək, gecikmək, sınıxmaq.
-aş: yanaşmaq.
-ar,-ər: qoparmaq, çıxarmaq və s.
-t,-dır,-dir,-dur,-dür: əsnətmək, ucalltmaq, qocaltmaq, azaltmaq, güldürmək, öldürmək və s.
-ıt, -it,-ut,-üt: axıtmaq, hürkütmək, qorxutmaq və s.
-dar, -dər: qondarmaq, döndərmək və s.
-ırğa: yadırğa.
Mürəkkəb feillər öz zənginliyinə və cümlədə ifadə etdiyi rəngarəng mənalara görə çox mühüm əhəmiyyət daşıyır. Mürəkkəb feillər bir sıra üsullarla yaranır və müxtəlif xüsusiyyətlərə malikdir:
1. Bir neçə sözün birləşib bir məna bildirməsi yolu ilə yaranır: yaddan çıxmaq, qalib gəlmək və s.
2. Mürəkkəb feillərin tərkibindəki 1-ci tərəf, əsasən, qrammatik dəyişikliyə uğramır.
3. Mürəkkəb feillərin tərkib hissələri arasına başqa söz və ya sözlər daxil olur. 2-ci söz 1-ci sözdən qabaq da gələ bilər. Bu bədii əsərlərdə xüsusilə qabarıq nəzərə çarpır, obrazlılıq, emosional çalar yaratmağa xidmət edir. Məs.: Düşdüyenə dəli könlüm gözlərinin xəyalinə, Kim nə bilir bu könlümün fikri nədi, xəyali nə ? (İ. N) Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can! (M. Ə. S.)
Mürəkkəb feillərin böyük əksəriyyəti məcazi məna ifadə etdiyindən başqa dillərə hərfən tərcümə olunmur.
4. ol, et, eləköməkçi feilləri isim, bəzən də sifət, əvəzlik, zərfdən sonra işlənməklə mürəkkəb feil yaradır. Əgər olmaq felindən əvvəl işlənən söz onun obyekti olarsa, onda olmaq sözü köməkçi feil olur. Bu zaman əvvəlki sözlə birlikdə mürəkkəb feil əmələ gəlir. Məs.: Heç bilmirəm gözəllərin necoldu? Gələmmədim, ömür keçdi, gec oldu. (M. Şəhriyar) Car olur köksündən sellərin, dağlar! (A. Ələsgər)
Olmaq feli müstəqil işlənərkən heç bir daxili obyektə ehtiyacı olmur və müstəqil vəzifə daşıyır, özündən əvvəlki sözlə müxtəlif sintaktik əlaqədə (idarə, uzlaşma) olur. Olmaq felinin müstəqil işləndikdə ifadə etdiyi mənaları aşağıdakı kimi qruplaşdırmaq olar:
a) “yaşamaq” mənasında: Onlar məscidin yaxınlığında yan-yörəsi uçmuş bir daxmada olurdular. (M.H.)
b) “doğulmaq” mənasında: Ailə həyatının on səkkizinci ilində bu gördüyün qız olub.
c) “baş vermək” mənasında: Oğul, oğul, ay oğul, bilirsənmi nələr oldu? (KDQ)
ç) “var olmaq”, “mövcudiyyət” mənasında: Bizim yerdə ördək olur, qaz olur, Bizim yerdə söhbət olur, saz olur. (“Dastan və nağıllar”)
d) “gəlmək” mənasında: Axşam bizdə olarsan.
e) “çatmaq” mənasında: Hava qaralanda kənddə oldular.
ə) arzu şəklinin hekayəsində müstəqil işlənərək arzu, istək mənasını ifadə edir: Kababım olaydı, közüm olaydı, Yar yanında ötkəm sözüm olaydı. ( M. P.Vaqif )
f) “işin mütləq icra olunacağı” mənasında (bu zaman ol feli şühudi keçmiş zamanda işlənir): Oldu, baş üstə.