5. Bilmək köməkçi felinin əsas feillərə qoşulması nəticəsində: oxuya bilmək, yaza bilmək, gülə bilmək və s.
6. 1-ci tərəfi isimlərdən, 2-ci tərəfi feillərdən ibarət olan mürəkkəb feillər: Bunlar da iki cür olur: a) 1-ci tərəfi sadə isim, 2-ci tərəfi həmin isimdən əmələ gəlmiş feildən yananmış mürəkkəb feillər: su sulamaq, sap saplamaq, ov ovlamaq, (quş quşlamaq, boy boylamaq, söy söyləmək kimi mürəkkəb feillər dilin passiv fonduna keçib).
b) 1-ci tərəfi düzəltmə isim, 2-ci tərəfi həmin ismi yaradan sadə feildən əmələ gəlmiş mürəkkəb feillər: tikiş tikmək, əkin əkmək, söyüş söymək, yazı yazmaq və s.). Belə feillərə daxili obyektli feillər deyilir.
7. 1-ci tərəfi feli bağlama (-ıb şəkilçili), 2-ci tərəfi feildən ibarət olanlar: aşıb-daşmaq, saralıb-solmaq, qurub-yaratmaq. Bunlar leksik-qrammatik vəhdət təşkil etməsə, mürəkkəb feil yaranmaz, cümlənin ya həmcins xəbəri, ya da zərfliyi olar. Məsələn, Lalə utanıb dinmədi.
8. Frazeoloji vahidlərdən ibarət mürəkkəb feillər. Bu cür mürəkkəb feillərdə 1-ci tərəf ismin adlıq, yönlük, təsirlik və çıxışlıq hallarında olur: ah çəkdi, ələ saldı, yola saldı, dilə düşdü, ruhdan düşdü və s. Məsələn, Yan, yan, tərlanların yaşıl yuvası, Ruhuma can verir ölüm havası. (S.V.) Ah çəkdim, başın üstə yarpaqlar əsdi, gülüm, sənin qəlbin əsmədi. (B.V.)
Feillərdə inkarlıq kateqoriyası: təsdiq və inkar feillər Feillərə xas olan kateqoriyalardan biri də inkarlıq kateqoriyasıdır. İnkarlıq kateqoriyası iş, hal və hərəkətin, prosesin bütün zamanlarda icra olunmamasını bildirir. İşin, hal-hərəkətin bütün zamanlarda icra olunduğunu bildirən feillər isə təsdiq feillər adlanır. Beləliklə, feillər işin icra edilib-edilməməsindən asılı olaraq, iki yerə ayrılır: təsdiq və inkar feillər.
Feillərdə inkarlıq kateqoriyası xüsusi şəkli əlamətlərlə ifadə olunur. Əsasən, feillərdə inkar mənası -ma,-mə şəkilçisi vasitəsi ilə yaradılır. Bu şəkilçi feil köklərinə leksik və qrammatik şəkilçilərdən əvvəl artırılır. Lakin felin qrammatik məna növlərinin şəkilçisi inkarlıq şəkilçisindən əvvəl gəlir. Məs.: yazılmadı, yazışmadıq, gülüşmədik və s.
Mənasına görə qrammatik şəkilçi olan inkarlıq şəkilçisi vurğu qəbul etmir. İnkarlıq şəkilçisi ilə omonimlik yaradan feildən isim və sifət düzəldən (süzmə, bölmə, hörmə paltar və s.) -ma,-mə şəkilçisi isə leksik şəkilçidir və vurğu qəbul edir. Deməli, məzmunca bu şəkilçilər fərqlidir. Məs.: Söyüddən bağ saldım, peyvəst eylədim, Almasın, heyvasın, narın görmədim (A.Ə.) Keçmə namərd körpüsündən, qoy aparsın sel səni, Yatma tülkü kölgəsində, qoy yesin aslan səni. (A.sözü) Nəbinin bığları eşmə-eşmədir...(“Qaçaq Nəbi”)
Başqa dillərdə, xüsusən flektiv dillərdə inkarlıq kateqoriyası, əsasən, ön söz və ya şəkilçilərlə ifadə olunur. Məsələn, Məndə sığar iki cahan, mən bu cahana sığmazam, Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam. (İ.N.) Bivəfanın, müxənnətin, nakəsin, Doğru sözün, düz ilqarın görmədim. (A.Ə.) Nümunələrdəki sifət düzəldən -la, -bi,-na ön şəkilçiləri ərəb-fars dilinə mənsub şəkilçilərdir, əksərən dilimizə sözlərlə birlikdə keçir.
Azərbaycan dilində inkarlıq kateqoriyasını yaratmaq üçün nə (də) inkarlıq bağlayıcılarından da istifadə olunur. Bu bağlayıcı digər əsas nitq hissələri ilə də işlənib onlarda inkarlıq məzmunu yaradır. Məsələn: Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı. (H.C.)
Duman, gəl get bu dağlardan,
Dağlar yenə bar eyləsin.