İstifadə edilmiş ədəbiyyat
1. R.Hümmətova. Ana dili –II. Bakı 2019
2. M. Hüseynzadə. Müasir Azərbaycan dili. Morfologiya. Bakı, 2007
3. B. Xəlilov. Müasir Azərbaycan dilinin morfologiyası. I-II hissə.
Bakı, 2000-2003
4. Kazımov Q. Müasir Azərbaycan dili (morfologiya). Bakı, 2010
VI Mövzu: Felin təsriflənən və təsriflənməyən formaları
Plan:
Felin təsriflənən formalarının mahiyyəti
Felin əmr şəkli
Xəbər şəkli
Lazım və arzu şəkli
Vacib, şərt və davam şəkli
Felin təsriflənməyən formaları: məsdər
Feli sifət
Feli bağlama
Felin şəkilləri subyektin iş, hal və hərəkətə müxtəlif münasibəti ilə bağlı olaraq yaranır. Bəzən subyekt işin icrası haqqında sadəcə olaraq məlumat verir, bəzən işin icra olunmasını tələb edir, bəzən də işin icra olunub-olunmamasının vacib və gərəkli olduğunu, arzu edildiyini bildirir. Məsələn:
1. Qış gəlir. Havalar soyuyur. Ağaclar yarpaqlarını tamam tökür.
2. Üzsün qan içində gəlinlər, qızlar... (S.V.)
3. Mən səngərə vaxtında çatmalıyam.
4. Gəldim ki, verəm qəlbinə bir nuri-həqiqət. (H.C.)
5. Bitişir, sağalır sinəmin dağı,
Bu axşam durnalar lələk salası.
Bəzən də subyekt iş, hal və hərəkətin icrasının müəyyən bir şərtdən, başqa bir işin mümkünlüyündən asılı olduğunu bildirir. Məs.: Dərslərinə ciddi hazırlaşsan, imtahandan yaxşı qiymət alarsan.
Subyektin iş, hal və hərəkətə münasibəti cümlədə modallığın ifadəsinə (danışanın söylədiyi fikrə, obyektiv gerçəkliyə) səbəb olur ki, bu da müxtəlif morfoloji əlamətlərlə ifadə olunur. Subyekt ilə hərəkət arasındakı əlaqə və münasibətin müxtəlif morfoloji əlamətlərlə ifadəsi feillərin şəkil kateqoriyasını formalaşdırır. Beləliklə, feil şəkilləri subyektin hərəkətin icra olunub-olunmamasına müxtəlif münasibəti əks etdirir və məntiqi modallığın qrammatik ifadə vasitələridir.
Feillərin zamana, şəxsə və kəmiyyətə görə dəyişib-dəyişməməyindən asılı olaraq, onun formaları 2 yerə ayrılır: təsriflənən və təsriflənməyən.
Felin təsriflənən formaları şəxsə, zamana və kəmiyyətə görə dəyişir. Buraya əmr, xəbər, lazım, arzu, vacib, şərt, davam və bacarıq formaları daxildir. Təsriflənməyən formalar isə zamana, şəxsə və kəmiyyətə görə dəyişməyən formalardır. Buraya məsdər, feli sifət, feli bağlama daxildir.
Felin təsriflənən formalarının özünəməxsus morfoloji göstəricilərini və zaman, şəxs, kəmiyyət şəkilçilərini qəbul etmələrini nəzərə alaraq, onları aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Xüsusi morfoloji əlaməti olmayan, zamana görə dəyişməyən, yalnız şəxs şəkilçiləri qəbul edən şəkil. Buraya əmr şəkli daxildir.
2. Xüsusi morfoloji əlaməti olmayan, zamana və şəxsə görə dəyişən şəkil. Buraya xəbər şəkli daxildir.
3. Xüsusi morfoloji əlaməti olan, şəxslər üzrə dəyişən, ancaq zaman şəkilçisi qəbul etməyən şəkillər. Buraya arzu, lazım, vacib, şərt, davam və bacarıq şəkilləri daxildir.
Dostları ilə paylaş: |