2. Məchul və şəxssiz növ feillər Məchul növ feillərdə işin icraçısı məlum olmur. Məchulluğu belə başa düşmək olmaz ki, işin icrasında subyekt yoxdur. Əksinə işi görən şəxs var, lakin bu subyekt məchul şəkildə özünü göstərir və onu üzə çıxarmaq mümkün olmur. Subyekt passiv olduğundan obyekt onun rolunu ifa edir, yəni obyekt subyekti əvəz edir.
Məchul növ feillər təsirli feillərdən yaranır və təsirsiz olur. Məchul növün özünəməxsus morfoloji göstəricisi var: -ıl,-il, -ul, -ül, -ın,-in, -un, -ün, -n. Bu şəkilçilər təsirli feillərə qoşulur və məchul növdə olan təsirsiz feil əmələ gətirir. Məs.: sil – silindi, gör – görüldü, yığ – yığıldı və s.
-la,-lə şəkilçili düzəltmə təsirli feillərə -n şəkilçisi qoşulmaqla məchul növ yaranır: yağla – yağlandı, payla – paylandı, bağla – bağlandı və s. Bu tipli sözlərdə -n şəkilçisindən sonra yenidən məchul növün (-ıl,il,ul, -ül) şəkilçisi qoşula bilər. Bu zaman ikiqat məchulluq yaranır: paylan – paylanıldı, bağlan – bağlanıldı və s.
Məchul növün içərisində şəxssiz növ də vardır. Şəxssiz növ təsirsiz feillərdən yaranır və təsirsiz olur. Bu növün morfoloji göstəricisi -ıl,-il, -ul, -ül şəkilçisidir (bəzən -ın,-in,un,-ün şəkilçisindən də istifadə olunur): baxıldı, gedildi, diqqət edildi, əməl olundu və s.
Şəxssiz növlə məchul növ arasında aşağıdakı oxşarlıqlar var:
1. Hər ikisi təsirsiz olur: yazıldı (məchul), baxıldı (şəxssiz);
2. Hər ikisinin morfoloji göstəricisində -ıl,-il,-ul,-ül şəkilçisi iştirak edir.
Şəxssiz növlə məchul növ arasında aşağıdakı fərqlər də mövcuddur:
1. Məchul növ feillər təsirli feildən yaranır, təsirsiz olur, ancaq şəxssiz növ feillər təsirsiz feillərdən yaranıb təsirsiz olur.
2. Məchul növ feilli cümlələrdə mübtəda olur, yəni obyekt mübtəda vəzifəsində çıxış edir. Məsələn, Lövhə (nə?) silindi; Süfrə (nə?) salındı və s. Lakin şəxssiz növ feilli cümlələrdə mübtəda olmur: Belə faktlara diqqətlə yanaşılmalıdır.
3. Məchul növ feillər -ıl,-il,-ul,-ül; -ın,-in,-un,-ün; -n şəkilçiləri ilə, şəxssiz növ feillər isə -ıl,-il,-ul,-ül şəkilçisi ilə formalaşır.