Qazanmaq, islanmaq, utanmaq, qısqanmaq felləri də qayıdış növdədir.
4. Qarşılıq-müştərək növ feillər Qarşılıq növ feillərdə adından da göründüyü kimi, iş, hal və hərəkət azı iki subyekt tərəfindən qarşılıqlı surətdə icra olunur. Subyektlərin heç birinin obyekt üzərinə təsiri olmur, yəni üzərində iş icra olunan əşya olmur.
Qarşılıq növün morfoloji əlaməti -ış,-iş,-uş,-üş;-aş,-əş;-ş şəkilçiləridir. Bu şəkilçilər təsirli feillərə qoşulur və təsirsiz formada olan qarşılıqlı növ feillər yaranır: görüşmək, döyüşmək, vuruşmaq, yazışmaq və s.
Feillərdən isim əmələ gətirən -ış,-iş,-uş,-üş şəkilçisi qarşılıq növün şəkilçisi ilə omonimdir. Bunları fərqləndirmək üçün aşağıdakıları bilmək vacibdir:
1) -ış,-iş,-uş,-üş felin zaman, şəxs şəkilçilərini qəbul edirsə, onda qarşılıq növdə olur: görüşdük, yazışdıq və s.
2) -ış,-iş,-uş,-üş şəkilçili sözlər hal, kəmiyyət, mənsubiyyət şəkilçilərini qəbul etdikdə feildən isim yaradan şəkilçi kimi fəaliyyət göstərir: görüşümüz, görüşə, görüşlərdən və s.
Qarşılıq növün şəkilçilərindən sonra hal, kəmiyyət, mənsubiyyət şəkilçilərini artırmaq olmur.
Qeyd etdik ki, qarşılıq növ feillərdə azı iki subyektin iştirakı vacibdir. Lakin getdilər, yazdılar, gördülər və s. tipli feillərdə subyektin çoxluğu onun qarşılıqlı növdə olması demək deyil. Burada işin yalnız qarşı-qarşıya icra olunması əsasdır. Və bu, xüsusi morfoloji əlamətlə (-ış,-iş, -uş, -üş; -aş,-əş; -ş) meydana çıxır.
Dilimizdə sovuşmaq, sürüşmək, girişmək, danışmaq, çalışmaq, qızışmaq, əzişmək, dolaşmaq, üzüşmək, yapışmaq, alışmaq tipli sözlər qarşılıqlı feillərə zahirən oxşasa da, bu növə aid deyil.
-laş, -ləş şəkilçisi ilə düzələn feillərin də bəziləri məzmunca qarşılıqlı məna ifadə edir: sözləş, məsləhətləş, dilləş və s.
Qarşılıq növ feillər təsirli feillərdən əmələ gəlir və təsirsiz olur. Bu cür feilləri yenidən təsirliyə çevirmək mümkündür: döyüşdürmək, görüşdürmək və s.
Belə təsirli feillərdən də asanlıqla icbar növ yaratmaq olur: döyüşdür+t+mək.