4. Felin arzu şəkli. Felin arzu şəkli danışanın müəyyən iş, hal və ya hərəkətin icra edilməsi haqqında arzusunu ifadə edir. Felin bu forması xüsusi morfoloji göstərici ilə: -a (-ə) şəkilçisi və şəxs sonluğu ilə düzəlir. Zaman şəkilçiləri qəbul etməsə də, işin icrasının gələcəkdə baş verəcəyi nəzərdə tutulur.
Arzu şəklinin səciyyəvi xüsusiyyətləri bunlardır:
1. Arzu şəkli şəxslər üzrə aşağıdakı formada dəyişir:
Tək Cəm
Mən al + a + m Biz al + a + q
Sən al + a + san Siz al + a + sınız
O al + a Onlar al + a + lar
2. Felin arzu şəklinin inkarı -ma,-mə şəkilçisi ilə yaranır: yazmaya, oxumayaq. Tələffüzdə inkar şəkilçisindəki açıq sait qapalı saitə keçir: yazmıya, oxumuya və s.
3. Arzu şəklinin mürəkkəbi idi, imiş köməkçi fellərinin köməyi ilə yaranır. İdi sözü ilə işlənən arzu şəkli fel formasının hekayəsini, imiş sözü ilə işlənən arzu şəkli isə rəvayətini bildirir.
Arzu şəkli idi köməkçi sözünü qəbul edərkən, -a (-ə) şəkilçisi ilə birlikdə -aydı2 şəklinə düşür. Məs.:
Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan dalğalara dalaydım, Dalıb ilham alaydım. (M. M.)
Bir gəzəydim dağ-dərələr uzunu,
Oxuyaydım: “Çoban qaytar quzunu”. (M. Şəhriyar)
4. Arzu şəklinin mənasını gücləndirmək üçün bir sıra sözlərdən istifadə olunur. Həmin sözlər felin arzu şəklindən əvvəl gəlir. Bəzən də bədii üslubda, xüsusən şeirlərdə arzu şəklindən sonra gələ bilər. Buraya kaş (ki), təki, barı, bircə, bir ədatları daxildir. Məsələn:
Mindim Qıratın belinə
Kaş ki düşmən yüz olaydı.
Çəkəndə Misri qılıncı
Dərə-təpə düz olaydı.
(“Koroğlu”)
Mərd igidlər nə nişanda bəllidi,
Arifsənsə, gərək doğru sayasan.
(X. Bayraməli)
Bahar fəsli əskilməyir
Güneylərdən lala, dağlar.
Kaş ki elə bu gözəllik
Səndə hər vaxt qala, dağlar!
(X. Bayraməli)
5. Arzu şəkli bir sıra üslubi xüsusiyyətlərə malikdir: a) Əmr şəklinin sinonimi olur. Məs.: Xalqa həqiqətdən mətləb qandıra, Şeytanı öldürə, nəfsin yandıra, El içində pak otura, pak dura, Dalısınca xoş sədalı gərəkdir. (A.Ə)
b) Arzu şəkli şərt şəklinin sinonimi kimi işlənir: Bir adam ki səninlə dostluq eyləyə, Bil ki, onun səxavəti yaxşıdır. (X.Q.) Sənin kimi bir işçim ola, gündə bir ev tikərəm. (S. Rəhman)
c) Keçmiş zamanın yerində işlənir: Çovğun bu tərəfdən vurub o biri tərəfdən çıxır, bir də görəm ki, zülmət qaranlıqda iki parlaq göz mənə baxır. (S. Rəhimov)
ç) Gələcək zamana aid olur: Bizim məktəbə gələn yüz ərizədən, bəlkə, beşi qəbul ola, ya olmaya.
Felin arzu şəklinin şəkilçisi omonim səciyyə daşıyır:
1) Feli bağlama şəkilçisidir. Feil təkrar olunur, -a,-ə şəkilçisi artırılır və tərz bildirən feli bağlama yaranır: qaça-qaça, gülə-gülə və s.
2) İsmin yönlük hal şəkilçisidir: insana, evə və s.
3) Feildən isim düzəldir, qeyri-məhsuldardır: yara, çevrə. Çevrə sözünün kökü çevir felidir. Bu sözdə köklə şəkilçini ayırmaq mümkün deyil.