Nəqli keçmiş zaman. Bu zaman əvvəlcə icra olunmuş bir iş haqqında xəbər verilən zaman şahidlik vermədən, müşahidəçi olmadan, yalnız işin, hal və hərəkətin icrasının nəticəsini bildirən zaman arasındakı vaxtdır. Yəni iş əvvəlcə icra olunur, sonra heç bir şahidlik olmadan həmin işin icrası nəql olunur. Bu zamanla bağlı xarakterik xüsusiyyətlər aşağıdakılardır:
1. Nəqli keçmiş zaman -mış, -miş, -muş, -müş; -ıb, -ib,-ub, -üb şəkilçisi ilə formalaşır: almışam, almışıq, alıbsan, alıbsınız və s.
2. Bütün şəxslər üzrə dəyişir:
Tək Cəm
Mən almışam Biz almışıq Sən almışsan (alıbsan) Siz almışsınız (alıbsınız)
O almışdır (alıbdır) Onlar almışlar (alıblar)
Qeyd. -ıb, -ib, -ub, -üb şəkilçisi I şəxsə artırılmır. Lakin ədəbi dilin inkişaf prosesinin izlənməsi bu şəkilçinin I şəxsin təkinə də artırıldığını deməyə əsas verir. Məs.:
Kəpənək geymişəm, əndişədən azad olubam, Üşümək müşkilini eylədi asan kəpənək.
(İ.Nəsimi)
3. Bəzən -mış,-miş,-muş,-müş şəkilçisi nəqli keçmiş zamanın məzmununda şahidlik dərəcəsi özünü göstərir. Məs.: Əsməri gördüm, yaman arıqlamış, gözləri solmuşdu.
4. -mış,-miş,-muş,-müş nəqli keçmiş zaman şəkilçisində ş samiti bəzən ixtisar olunur: gəlmişəm – gəlmisən.
5. -mış,-miş,-muş,-müş şəkilçili keçmiş zaman imiş sözünün şəkilçiləşmiş -mış,-mıi,-muş,-müş variantı ilə omonimdir. Bunları fərqləndirmək üçün aşağıdakıları bilmək lazımdır:-mış,-miş,-muş,-müş nəqli keçmiş zaman şəkilçisi fel kökünə, imiş (-mış4) isə zaman şəkilçisindən sonra qoşulur: gəlmişəm – gəlirmişəm və s.; -mış,-miş,-muş,-müş nəqli keçmiş şəkilçisi şəxs şəkilçisindən əvvəl gəlir, imiş (-mış4) isə şəxs şəkilçisindən əvvəl də, sonra da gəlir: almışam – alırmışam, almışsan – alırsanmış və s.
İndiki zaman. Bu zaman hal-hazırkı dövrdə icra olunan işin zamanı ilə həmin iş barəsində məlumat verilən vaxt arasındakı zamandır. Yəni əvvəlcə hər hansı bir işin icrasına başlanır və bu icra sona çatmamış onun haqqında məlumat, xəbər verilir. Bunların hər ikisi eyni zamanda baş verir. İndiki zamana xas olan xüsusiyyətlər:
1. İndiki zamanın morfoloji göstəricisi -ır4 şəkilçisidir.
2. İndiki zaman bütün şəxslər üzrə dəyişir:
Tək Cəm
Mən alıram Biz alırıq Sən alırsan Siz alırsınız (sız) O alır Onlar alırlar 3. İş, hal və hərəkətin icrası ilə məlumat verilən işin icrası üst-üstə düşür.
4. İndiki zamanda icra olunan bəzi iş, hal və hərəkət yalnız indiki zamanı deyil, bütün zamanları əhatə edir. Məsələn:
Bir də görürsən açılan solur,
Düşünən bir beyin bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya (S.V.)
5. İndiki zamanda icra olunan iş, hal və hərəkət subyektə aid olur. Mən gülləri sevirəm.
6. İndiki zamanda icra olunan iş, hal və hərəkət təbiətə də aid ola bilir: Təbiət gülür. Torpaq ağlayır. Bənövşə boynunu bükür. Tərləyir Qafqazın qarlı dağları.
7. İndiki zaman inkarda işləndikdə inkar şəkilçisindəki sait düşür: yazmayır –yazmır.
8. İndiki zaman şəkilçisi omonimdir: a) feildən isim düzəldir – Gəlir hara gedir? Mən yatır üstündə yatmamışam ki? və s.;
b) təsirsiz feildən təsirli feil yaradır – uçurur, keçirir, bitirir və s.