Qoşullam çarvadara
Sən olan kəndə gəlləm.
(Bayatı)
5. Qeyri-qəti gələcək zaman gələcəkdə qeyri-qəti şəkildə icra olunacaq işləri ardıcıllıqla bildirir. Məs.: Hələ ölmərəm, sağ qalaram, xidmətində dayanaram, xan. (C.M.)
Qeyri-qəti gələcək zaman təsdiqdə olduğu kimi, inkarda da işlənir. Bu zaman inkar şəkilçisindəki (-ma, -mə) sait düşür, həm də II, III şəxsin tək və cəmində r-z əvəzlənməsi baş verir. Məs.:
Allah, allah deməyincə işlər önməz. Qadir tanrı verməyincə ər bayımaz. Əzəldən yazılmasa, qul başına qəza gəlməz. Ölən adam dirilməz. Çıxan can geri gəlməz. (KDQ)
Qeyri-qəti gələcək zamanın şəkilçisi -ar,-ər omonim şəkliçidir:
a) Feildən isim düzəldir: açar, Gülər, Sevər, Yaşar və s.
b) Təsirli feil yaradır: çıxarar, qoparar və s.
c) Sifətdən feil düzəldir: ağarmaq, bozarmaq və s.
Felin xəbər şəkli məzmun və forma baxımından sadə və mürəkkəb olmaqla iki qismə ayrılır. Sadə xəbər şəkli feil kökü + zaman + şəxs şəkilçilərindən ibarət olaraq iş və hərəkətin hansı zamanda və kim tərəfindən icrasını başqasına xəbər verir. Məs.:
İşarət eylədim, dərdimi bildi,
Gördüm, həm gözəldi, həm əhli-dildi.
Başını buladı, gözündən güldü,
Güləndə qadası canıma düşdü. ( A.Ə.)
Mürəkkəb xəbər şəkli idi, imiş köməkçi feillərinin köməyi ilə yaranır. Bu cür feil şəkli həm məzmun, həm də formaca sadə xəbər şəklindən fərqlənir. Mürəkkəb xəbər şəkli feil kökü + zaman + köməkçi feil (idi, imiş) +şəxs şəkilçilərindənibarət olmaqla, başqa zamanları da keçmiş zamana bağlayır, eyni zamanda şühudi və nəqli keçmiş zamanların əsas məzmunlarını (şahidlik, qeyri-şahidlik) da özlərində əks etdirir. İdi, imiş köməkçi feillərinin məzmununda hekayə və rəvayət olduğundan zaman şəkilçilərinin məzmununa da təsir göstərir və buna görə də zaman şəkilçilərindən sonra işlənir. Lakin şühudi keçmiş zamandan sonra gələ bilməz. Çünki şühudi keçmiş zamanda şahidlik və qətilik məzmunu olduğundan hekayə və rəvayətlə bir araya sığmaz.
İdi köməkçi feli indiki zaman şəkilçilərindən sonra işləndikdə işin hələ davam etdiyini, bitmədiyini bildirir. Məsələn, Ana həzin-həzin layla çalır, ümid çırağı mışıl-mışıl uyuyurdu.
İdi köməkçi feli nəqli keçmiş zamandan sonra işləndikdə şahidlik məzmunu ilə yanaşı, işin icrasının keçmişdə bitdiyini və sonradan onun haqqında danışıldığını bildirir. Məs.:
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi. (N.G)
İmiş köməkçi feli nəqli keçmiş zaman şəkilçindən sonra işlənərək icra edilmiş işin üstündən uzun zaman keçdikdən sonra onun haqqında danışıldığını bildirir. Burada da şahidlikdən söhbət gedə bilməz. Danışan məlumatı başqasından alıb: gəlmiş imiş, alıbmış və s. Ona görə də imiş köməkçi sözü ilə əmələ gələn mürəkkəb xəbər şəklinin məzmununda rəvayət anlayışı vardır.
Hər iki felin şəkilçiləşmiş forması -dı(-di, -du,-dü); -mış4 daha çox işlənir. Felin şühudi və nəqli keçmiş zamanlarından ayırmaq üçün bir məsələyə diqqət yetirmək lazımdır. Zaman şəkilçiləri felin kökünə, köməkçi -dı4, -mış4 felin zamanlarından sonra əlavə edilir: yazıram–yazırdım, yazmışam–yazırmışam və s. Şəxs şəkilçisi imiş (-mış4) köməkçi sözündən sonra da işlənə bilər: yazmışsan–yazırmışsan və s.