Feli sifət, onun feil və sifətlə oxşar, fərqli cəhətləri Məlumdur ki, bir qrup sifətlər feil kökü üzərinə müxtəlif leksik şəkilçilərin əlavəsi ilə düzəlir. Feildən düzələn sifətlərdə feillərə məxsus kateqoriyalar özünü göstərmir. Bu cür sifətlərdə proses, anlayış 2-ci plana, əlamət və keyfiyyət bildirmək anlayışı isə ön plana keçir. Doğrudur, istər feildən düzəlmiş sifətlər, istərsə də feli sifətlər əşyanın əlamətini təyin edir. Lakin feli sifətlərdə feillərə məxsus xüsusiyyətlər daha qabarıq şəkildə gözə çarpır. Danışan, ağlayan, gülən kimi feli sifətlərdə proses anlayışı daha qabarıqdır. Daha doğrusu, əşya onun icra etdiyi işə, prosesə görə təyin olunur. Feli sifətlərdə keyfiyyət bildirmək xüsusiyyəti olduğu kimi, zaman, növ, inkarlıq və s. kimi qrammatik kateqoriyalar da öz ifadəsini tapır.
Müasir Azərbaycan dilində feli sifət şəkilçiləri aşağıdakılardır:
* -an,-ən. Ən məhsuldar şəkilçidir: oxuyan tələbə, yazan qız və s. Məsələn: Bu yerlə çarpışan, göylə əlləşən, Dostdan, aşinadan necə əl çəkim? (M. M.)
Mənsiz də əmin ol, sizə rəhbərlik edən var:
Qan püskürən, atəş sovuran kinli krallar,
Min hiylə quran tülkü siyasilər, o hər an
Məzhəb çıxaran, yol ayıran xadimi-ədyan. (H.C.)
* -mış,-miş,-muş,-müş. Bu şəkilçi keçmiş zaman məzmunlu feli sifət yaradır. Məhsuldar şəkilçidir: qırılmış qanad, söndürülmüş ocaq, gecikmiş məhəbbət və s. Nümunələrə nəzər salaq: Ölçülməmiş sualın biçilməmiş cavabı olar. (A.sözü) Kəlmələr dağıldı sahil boyunca
Yolunmuş bir gülün ləçəkləri tək. (Ə. K.)
* -dığı,-diyi,-duğu,-düyü Bu şəkilçi tarixən -dıq4 şəkilçisi kimi mövcud olsa da, müasir dilimizdə hər üç şəxsin mənsubiyyət şəkilçisi ilə işlənir: aldığım məktub, oxuduğun əsər, güldüyünüz hadisə və s. Nümunələrə nəzər yetirək: Yazdığım sözlərə verməsəm zivər, Yenilik verməzdi köhnə nəğmələr. (N.G.) Başına döndüyümgül üzlü sona, Ömrümün ilk çağı yadıma düşdü. (S.Vurğun)
-dıq4 şəkilçisi -ca2, -da2, -dan2 şəkilçiləri ilə işləndikdə feli bağlama yaradır. Bu şəkilçi tarixən isim və sifət əmələ gətirmişdir. Hal-hazırda isə daşlaşmış vəziyyətdədir. Müqayisə edək: Tapdıq – tapmaq felindən antroponim (şəxs adı), satdıq – sat felindən sifət (satdıq taxıl) yaranmışdır. Satdıq sözü şifahi dildə daha çox işlənir. Qərb dialektində, eləcə də müasir türk dilində (Osmanlı) öz tarixi formasını saxlayır – Durduq yerdə işə düşdük.
* - acaq, -əcək. Məhsuldar şəkilçidir. Bu şəkilçi də hər üç şəxsin tək və cəmində mənsubiyyət şəkilçilərini qəbul edir: oxuyacağım əsər, görəcəyim işlər və s.
Bu şəkilçi omonim xarakter daşıyır: feildən isim düzəldir (dayanacaq, qanacaq, çapacaq); qəti gələcək zaman şəkilçisidir (oxuyacaq, yazacaq).
* -ası, -əsi. Nisbətən məhsuldardır, -acaq,-əcək şəkilçisi ilə sinonimdir (yazılası əsər – yazılacaq əsər).
* - malı,-məli Bu şəkilçi feildən sifət əmələ gətirən şəkilçilərə çox yaxındır. Bu şəkilçi zaman məzmunu ifadə etdikdə feli sifət xüsusiyyəti kəsb edir. Məs.: Görülməli işlərimiz çoxdur. Alınmalı hədiyyələrə çoxlu pul lazımdır.
Buradakı feli sifətlər (görülməli, alınmalı) gələcək zamanla bağlıdır, yəni gələcəkdə görüləcək və alınacaq əşyanın əlamətini bildirir. Zaman burada əsas rol oynayır.
Ancaq -malı, -məli feildən sifət düzəldən şəkilçi kimi işləndikdə daim əlamət və keyfiyyət məzmunu bildirir. Məsələn, işməli su, yeməli meyvə, gülməli hadisə, gəzməli yerlər və s. Bu birləşmələrdəki içməli, yeməli, gülməli, gəzməli sözləri zamanla bağlı olmayan daimi əlamət bildirir. Buna görə də sifətin dərəcə əlamətini qəbul edir: ən gülməli hadisə, lap yeməli meyvə və s.
Bu şəkilçi feildən sifət əmələ gətirən şəkilçilərə keçid mərhələsindədir.