İsə (-sa,-sə) ilə işlənən davam şəkli iş, hal və hərəkətin şərtlə davam etdiyini bildirir. Şəxs şəkilçiləri isə köməkçi sözündən, -sa, -sə ünsüründən əvvəl artırılır: yazmaqda-yamsa, yazmaqdasansa, yazmaqdayıqsa, yazmaqdasınızsa, oxumaqdadırsa, oxumaqdadırlarsa və s.
Felin ümumi şəkilləri. Əvvəlki mövzularda felin xüsusi şəkillərindən, onlara xas olan xarakterik cəhətlərdən söhbət açıldı. Aydındır ki, felin xüsusi şəkillərinin hamısı şəxsə görə dəyişir, əmr və xəbər şəklinin xüsusi şəkli əlaməti yoxdur, zamana görə ancaq xəbər şəkli dəyişir, arzu, lazım, vacib, şərt, davam şəkillərinin xüsusi morfoloji göstəriciləri var, şəxslər üzrə dəyişir və əsasən, bir feillə ifadə olunur. Məsələn, alım, aldım, almışam, alaram, alıram, alacağam, alam, gələsən, gəlməliyəm, alasısan, alsan, almaqdayam, yazmaqdayıq.
Ümumi şəkil isə adından da göründüyü kimi, xüsusi şəkillərin hamısına aid olur, bütün şəxslər, zamanlar və növlərlə işlənə bilir. Buna görə də felin bacarıq şəkli adlanır. Felin bacarıq şəklində iki feildən istifadə edilir. Bu feillərdən birincisi əsas iş və hərəkəti, ikincisi – bilmək feli isə bacarıq məzmununu ifadə edir. Əsas iş, hal və hərəkəti bildirən feil bacarıq bildirən felə xüsusi morfoloji əlamətlə: -a,-ə şəkilçisi ilə bağlanır, bacarıq anlayışı da məhz bu zaman formalaşır. Əsas feil -a,-ə ünsüründən başqa, heç bir əlamət qəbul etmir, bütün zaman, şəxs və şəkil əlamətləri, idi, imiş, isə köməkçi sözləri və şəkilçiləşmiş variantları bacarıq məzmunu bildirən ikinci felin üzərinə artırılır: ala bilərdim, ala bilərsən, ala biləsən, ala bilməlisiniz, ala bilsək, ala biləsiyiksə və s.
Bacarıq şəklinin inkarı -ma2 şəkilçisi ilə yaranır. Bu zaman inkar şəkilçisi əvvəlki sətirlərdə qeyd etdiyimiz kimi, bilmək sözünə əlavə olunur. Məsələn:
Dərmansızdı bəd övladdan gələn dərd,
Bu dərd əyən ata düzələ bilməz.
Dilin yarasından gəc olan könül
Gedər qiyamətə, düzələ bilməz.
(A. Alı)
Felin bacarıq şəklinin inkarı yaranarkən bəzən -ma2 inkar şəkilçisindən əvvəl bilmək sözünü -m ünsürü əvəz edir. Bu xüsusiyyət, əsasən, məişət üslubunda, bədii üslubda, xüsusən folklor ədəbiyyatında daha çox nəzərə çarpır. Məs.: Heç bilmədim, gözəllərin necoldu?
Ömür keçdi, gələmmədim gec oldu. (M. Şəhriyar)
Feil şəkillərinin mürəkkəbini yaradan, onlarda hekayə, rəvayət və şərt məzmunu aşılayan idi, imiş, isə köməkçi sözləri bilmək felinə artırılır. Həmin köməkçi sözlərdən və onların şəkilçi variantlarından qabaq sadə şəkillərin morfoloji əlamətləri, şəxs sonluqları gəlir. Ancaq şəxs sonluğu idi (-dı4) köməkçi sözündən həmişə sonraya əlavə edilir, isə (-sa2) köməkçi sözünün üzərinə heç bir morfoloji əlamət gələ bilmir, imiş (-mış4) köməkçi sözün şəxs sonluğu həm əvvəlinə, həm sonuna artırıla bilər: yaza bilməli idim, yaza bilərəmmiş, oxuya biləcəkmişsən, yaza bildinsə və s. Mən bir tarzən olub çala bilsəydim, Ömrümü, günümü telə verərdim... (B.V.)
Dostları ilə paylaş: |