Felin şərt şəkli. Felin şərt şəkli hər hansı iş, hal və hərəkətin icrasının mümkünlüyünü müəyyən bir şərtlə bağlayır. Felin bu şəkli -sa2 şəkilçisi və şəxs sonluqları ilə formalaşır. Cümlədə felin şərt şəklindən qabaq çox zaman əgər bağlayıcısı işlədilir. Bu da şərt şəklinin mahiyyətini daha qabarıq formada üzə çıxarır. Məs.: Cütçü saf tum səpsə torpağa əgər, Şübhəsiz torpaqdan saf tum göyərər. (N. G.) Bulmazsam əgər İbn Yəmin xaini əlbət, Əlbət, qalar üstümdə bu çılğınca təbiət. (H. Cavid)
Şərt şəklinin sadəsində ifadə olunan iş, hal və hərəkətin icrası gələcək zamana aid olur.
Felin şərt şəkli ilə bağlı xarakterik xüsusiyyətlər aşağıdakılardır:
1. Şərt şəkli şəxslər üzrə aşağıdakı kimi dəyişir:
Tək Cəm
Mən al_sa + m Biz al + sa + q
Sən al + sa + n Siz al + sa + nız
O al + sa Onlar al + sa +l ar
2. Şərt şəklinin inkarı morfoloji yolla yaranır, yəni -ma2 şəkilçisini qəbul edir. Məsələn,
Yazmaram, ürəyim sizi anmasa, Sizin eşqinizlə alovlanmasa, El kəsib qarşımı burdaca sordu,
Gözdən yaş çıxarmı ürək yanmasa? (M. Müşfiq)
3. Şərt şəklinin mürəkkəbi idi, imiş köməkçi feilləri ilə yaranır, tələffüzdə -aydı2, -aymış2 şəklinə düşür. Məs.: Fərhad olsaydım əgər, qayaları çapardım. Əvvəlcədən bilsəymiş, faciənin qarşısını alardı.
4. Şərt şəkli digər feil şəkillərindən fərqli olaraq, sadə (müstəqil) cümlənin xəbəri yox, tabeli mürəkkəb cümlələrdə asılı (budaq) cümlələrin xəbəri olur. Şərt şəkli şərt budaq cümləsinin əsas göstəricilərindən biridir.
5. Digər budaq cümlələrin qurulmasında da bağlayıcı vasitə kimi işlənir: Kəssə hər kəs tökülən qan izini, Qurtaran dahi odur yer üzünü: xəbər budaq cümləsi (H.Cavid). Hara yolun düşsə, Sevdalı Həsən, İnsanı axtaraq, insanı gəzək: yer budaq cümləsi. (P. Həsən) Kim ki öyrənməyi bilməyirsə ar, Sudan dürr, daşdan da gövhər çıxarar: mübtəda budaq cümləsi. (N.G.) Şah ədli, insafı eyləsə peşə, Şahlığı kök atar, qalar həmişə: şərt budaq cümləsi. (M.Əhvədi)
6. Şərt şəkilçiləri qarşılaşdırma mənaları da yaradır və bu zaman da, də, belə ədatları ilə işlənir, beləliklə, qarşılaşdırma budaq cümləsi formalaşmış olur. Məs.: Başıma ildırım töksə də fələk, Qanlı qılıncımla hökm edim gərək. (S.Vurğun)
Bütün hallarda -sa2 şəkilçisi ilə bağlanan budaq cümlələr baş cümlədən əvvəl gəlir.
Felin şərt şəkilçisi də omonim xüsusiyyətə malikdir:
1. feil düzəldir: susadı, qəribsədi;
2. feil şəkillərinin şərtidir (isə köməkçi sözünün şəkilçiləşmiş variantı): yazıramsa, alacağamsa və s.
Felin şərt şəklindən fərqli olaraq, ondan sonra heç bir morfoloji əlamət qəbul etmir. Felin şərt şəklində əvvəlcə felin kökü+sa2 + şəxs sonluqları gəlir. Feil şəkillərinin şərtində isə formul belədir: felin kökü (yaz)+sadə şəkli (dı)+şəxs sonluğu (m)+ isə(sa) – yazdımsa .