Azərbaycanda həbsdə olan siyasi məhbuslar hesabat noyabr 2016- cı IL Ümumi məlumat



Yüklə 0,72 Mb.
səhifə1/10
tarix22.04.2017
ölçüsü0,72 Mb.
#15287
  1   2   3   4   5   6   7   8   9   10
Azərbaycanda həbsdə olan siyasi məhbuslar
HESABAT
noyabr 2016- cı il

Ümumi məlumat. Azərbaycan uzun illərdir ki, siyasi məhbus problemindən əziyyət çəkən ölkələrdən biridir. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının verdiyi məlumata görə vaxtaşırı olaraq ölkədə siyasi məhbuslar olub. İnsanlar ictimai, siyasi, dini, hüquq müdafiə, bloggerlik, jurnalist və s. fəaliyyətinə, ifadə azadlığına, sərbəst toplaşmaq və s. azadlıqlarının məhdudlaşdırılmasına görə həbs olunublar. Əsassız ittihamlara və ədalətsiz məhkəmə hökmlərinə məruz qalıblar. Zaman- zaman nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda həbs olunan ictimai fəalları vicdan və siyasi məhbus elan ediblər. Hazırda Azərbaycan dünyanın ən çox siyasi məhbusları olan ölkələrindən biridir.

Təqdim olunan bu Hesabat qanunsuz həbs həyatı yaşamış keçmiş vicdan məhbusları, hüquq müdafiəçiləri Leyla Yunus, Oqtay Gülalıyev və Elşən Həsənov tərəfindən hazırlanıb. Ölkənin bir sıra aparıcı vətəndaş cəmiyyəti fəallları tərəfindən dəstəklənib.


Metodologiya. Sənədin hazırlanmasında bir çox yerli və beynəlxalq təcrübəyə istinad edilib. Siyasi məhbus hesab edilən şəxslərin özlərindən, yaxınlarından, vəkillərindən məlumatlar alınıb, müxtəlif şəxslər və təşkilatlarla görüşülüb, müzakirələr aparılıb, dəqiqləşmələr edilib. Müsahibələr yolu ilə sorğulara cavablar alınıb. Hesabatın hazırlanması zamanı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində siyasi məhbuslarla bağlı qeyd edilmiş kriteriyalar əsas götürülb.
Həmin kriteriyalara görə həbs edilmiş şəxs aşağıdakı hallarda siyasi məhbus hesab edilir:


  1. əgər saxlanma Avropa İnsan Haqları Konvensiyası və onun protokollarında təsbit olunmuş fundamental təminatlardan biri, xüsusilə fikir, vicdan və din azadlığı, ifadə və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə;

  2. əgər saxlanma heç bir cinayətlə əlaqəsi olmadan sırf siyasi səbəblərdən həyata keçirilibsə;

  3. əgər siyasi səbəblərdən, saxlanmanın müddəti və ya onun şərtləri şəxsin şübhəli və ya təqsirkar hesab edildiyi cinayətə aydın şəkildə proporsional deyilsə;

  4. əgər siyasi səbəblərdən, şəxs digər şəxslərlə müqayisədə ayrı-seçkilik şəraitində saxlanılırsa;

  5. əgər saxlanma aydın şəkildə ədalətsiz məhkəmə proseslərinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

Təqdim olunan sənəddə adları qeyd edilən şəxslər BMT- nin “İnsan hüquqları haqqında” Konvensiyasında, “Siyası və Mülki hüquqlar haqqında” Paktında, “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasında, onun protokollarında, həmçinin Avropa Məhkəməsinin presedentlərində nəzərdə tutulmuş müddəalara və göstərişlərə zidd olaraq həbsində siyasi motivlər və mülahizələr olan, eyni zamanda həbs olunması AŞPA- nın siyasi məhbuslarla bağlı məlum kriteriyaları əsasında həyata keçrilmiş şəxslərin işlərini və siyahısını əks etdirir.

Bu siyahı 2014- cü ildə hüquq müdafiəçilərinin razılaşdırılmış birgə siyahısı əsasında tərtib olunub və son 6 ayda təkmilləşdirilərək yeniliənib.
Hesabat 2016-cı ilin noyabr ayına qədər həbs edilən və həbsdə olan şəxslərin işlərini əhatə edir.
Sənəddə siyasi məhbus hesab edilən şəxslər aşağıdakı bölümlər üzrə təsnifatlaşdırılıb;



  1. Jurnalistlər və bloggerlər;




  1. Yazar və şairlər;



  1. Hüquq müdafiəçiləri;




  1. Gənc fəallar;



  1. Siyasətçilər;




  1. Dindar fəallar;




  1. Siyasi girovlar;




  1. Keçmiş hakimiyyət nümayəndələri




  1. Ömürlüklər;




  1. Digər işlər.

Təqdim olunan siyahıda 160 nəfər siyasi məhbusun adı, soyadı, saxlanma tarixi, yeri, onlara qarşı irəli sürülən ittihamlar, həbsin siyasi motivi və digər məlumatlar yer alıb. Siyahıda yer alanlar içərisində dindar məhbuslar çoxluq təşkil edir. Ən çox repressiyaya məruz qalan, üzvləri həbs olunan partiya isə Azərbaycan Xalq Cəhbəsi Partiyasıdır. Hazırda bu partiyanın 12 üzvü həbsdədir.


Siyahı aşağıdakı bölümlər üzrə təqdim olunur;


  1. Jurnalist və blogerlər- 7 nəfər




  1. Əbilov Əbdül Əbdülmanaf oğlu



Saxlanma tarixi: 22 noyabr 2013-cü il

İttiham: CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsi

Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Əbilov həbsindən əvvəl Facebook sosial şəbəkəsində populyar olan və populyarlığı artan “Yaltaqlara Dur Deyək” səhifəsinin, o cümlədən digər sosial şəbəkələrdə müxtəlif tənqidi səhifələrin admini olub. Cənab Əbilov 9 oktyabr 2013-cü il tarixdə keçirilən Prezident seçkilərindən sonra Facebook-da seçki saxtakarlıqları ilə bağlı səhifə də yaradıb və onu həbs edilənə qədər idarə edib, bu səhifədə seçkilərdə saxtakarlıqları göstərən foto və video materiallar, o cümlədən digər sənədlər geniş şəkildə yayılmışdır. Noyabrın 22-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilən sosial şəbəkə fəalı bu idarəyə aparılıb. Onun barəsində 3 aylıq həbs qətimkan tədbiri saxlanmasından bir gün sonra, yəni noyabrın 23-də Nərimanov rayon Məhkəməsi tərəfindən seçilib, o bu qərardan sonra istintaq təcridxanasına göndərilməli olan halda yenidən polis idarəsinə gətirilib və qanunsuz olaraq noyabrın 27-ə kimi burada saxlanılıb. Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədov noyabrın 29-da həbs tədbirinin seçilməsi barədə qərarı qüvvədə saxlayıb.
Cənab Əbilovun evdə olan gödəkçəsinin cibindən narkotik maddə - 4 qram heroinin tapıldığı iddia olunub (bu ittiham son bir neçə il ərzində çoxsaylı fəallara qarşı istifadə edilir) və evdə axtarış aparan polislər evə gəldikdən sonra ilk olaraq cənab Əbilova məxsus noutbuku götürüblər. Bir neçə saat sonra isə Facebook-da cənab Əbilovun admini olduğu “Yaltaqlara Dur Deyək” səhifəsi bağlanıb. Əbilov həbs olunan gün onun evdə olan qaynı Ramil Əhədov da polis idarəsinə aparılıb. İdarədə ondan Facebook-da olub-olmadığını soruşublar, lakin sonradan heç bir izahat almadan sərbəst buraxıblar.
Noyabrın 29-da keçirilən məhkəmə zamanı cənab Əbilov çıxış edərək bildirib ki, ona açıq şəkildə Facebook-dakı yazılarına görə həbs edildiyini deyiblər. O, küçədə qandallanaraq polis tərəfindən evlərində axtarış aparmaq üçün ora gətirildiyini, evdə çox adamın olduğunu görüb narkotik maddəni evə yox, evdə otaqlardan birində asılan gödəkçədən tapıldığını iddia edərək sənədləşdirdiklərini, polis idarəsində psixoloji təzyiqlərə məruz qaldığını, döyüldüyünü və bununla da öz əleyhinə etirafedici ifadələr verməyə məcbur olunduğunu vurğulayıb. Əbilovun yaxınları və vəkili Elçin Sadıqov da işin siyasi olduğunu, cənab Əbilovun heç bir mötəbər sübut olmadan həbs edildiyini bildiriblər. Keçirilmiş məhkəmə proseslərinin monitorinqinin nəticələri də sübut edir ki, bloqqerə qarşı irəli sürülmüş ittiham sübuta yetirilməyib və o əslində sosial şəbəkələrdə fəaliyyətinə görə həbsə atılıb.
Cənab Əbilov Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2014-cü il tarixli qərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 17 noyabr 2014-cü il tarixdə, Ali Məhkəmə isə 26 fevral 2015-ci il tarixdə bu qərarı qüvvədə saxlayıb. Avropa İnsan Haqları Məhkəməsi 2016-cı il may ayında cənab Əbilovun işi üzrə Avropa İnsan Haqları Konvensiyasının 5 və 18-ci maddələrinin pozuntusu ilə bağlı verilmiş şikayət əsasında kommunikasiyaya başlayıb.
Amnesty International təşkilatı cənab Əbilovu “vicdan məhbusu” tanıyıb1.



  1. Əliyev Nicat Nazim oğlu



Saxlanma tarixi: 21 may 2012-ci il

İttiham: CM-nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 234.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 281.2 (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri

Saxlandığı yer: 2 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Əliyev dini yönümlü tənqidi www.azadxeber.az veb-səhifəsinin baş redaktorudur. Cənab Əliyevin həbsindən qabaq bu saytda hökumətin dini sahədə apardığı siyasətini, habelə Avroviziya-2012 mahnı yarışmasına həddən artıq maliyyənin ayrılmasını, o cümlədən Bakıda gey-paradın keçirilmə ehtimalını tənqid edən materiallar çap edilmişdir. Mahnı yarışması ərəfəsində bu materialları, o cümlədən ruhanilər Abgül Süleymanov və Tale Bağırovun çıxışlarını əks etdirən diskləri şəhərin müxtəlif yerlərində yaydıqdan dərhal sonra cənab Əliyev və onunla birlikdə daha bir neçə nəfər şəxs həbs edilib.
Jurnalistə qarşı ilkin olaraq adətən fəallara qarşı “növbətçi” ittiham kimi istifadə edilən narkotik maddə ittihamı irəli sürülmüşdür. Həbsindən yalnız 8 ay sonra, 2013-cü ilin yanvarın 23-də Avropa Şurası Parlament Assembleyası siyasi məhbuslar üzrə məruzəçi cənab Ştrasserin siyahısının əleyhinə səs verdikdən və nəticədə məruzəçi mandatı dayandırıldıqdan 2 gün sonra, yanvarın 26-da cənab Əliyevə qarşı daha ağır 3 yeni ittiham irəli sürülmüşdür.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 dekabr 2013-cü il tarixli qərarı ilə cənab Əliyev 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (prokuror öz çıxışında jurnalistin məhz 10 il azadlıqdan məhrum edilməsini istəmişdi ki, məhkəmə də bu istəyi olduğu kimi təmin etmişdir). Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü dəyişdirmədən qüvvədə saxlamışdır. Ali Məhkəmə isə 07 aprel 2016-cı il tarixində hökmdən verilmiş şikayəti təmin etməyərək jurnalisti həbsdə saxlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nahid Məmmədov ekspert kimi işə cəlb edilib və yayılan disklərdəki çıxışlarda milli ədavəti qızışdıran nüanslar olduğunu müəyyən edib, bununla belə ekspert bu nüansların detallarını məhkəmədə izah edə bilməyib. Belə nüansların olduğu təqdirdə həmin çıxışlar jurnalist tərəfindən deyil, işdə adı keçməyən başqa şəxslər tərəfindən edilib, bununla belə jurnalist bu cür çıxışlar etməkdə təqsirli bilinib. Jurnalistin evindən götürülən və dini ekstremizmi təbliğ edildiyi iddia edilən Ərşad Əzimzadənin “Möcüzəsiz möcüzə” kitabı isə insan orqanizminin ac qalmaqla müalicəsi barədədir, kitab Azərbaycanda çap edilib və rəsmi şəkildə qadağan olunmayıb, bununla belə ekspertiza bu kitabın idxal edildiyini və dini ekstremizmə çağırışları əks edildiyi barədə jurnalistin əleyhinə olan rəy verib. Məhkəmə prosesində ekspertiza rəyi elan edilərkən və ekspert suallara cavab verərkən rəyin sifarişlə hazırlandığı açıq şəkildə müşahidə edilib. Məhkəmə prosesləri zamanı jurnalistin özü, o cümlədən vəkili Yalçın İmanov da cənab Əliyevin həbs edilən zaman polis tərəfindən işgəncəyə məruz qaldığını, ağır xəsarətlər verildiyini bəyan etsələr də, bu iddialar araşdırılmayıb.

Cənab Əliyev ailəlidir, toyundan cəmi 23 gün sonra həbs edilib. Amnesty İnternational təşkilatı jurnalistə qarşı ittihamları şübhəli adlandırıb2.


http://bit.ly/P8Z9vo



  1. Quliyev Araz Faiq oğlu


Saxlanma tarixi: 9 sentyabr 2012-ci il

İttiham: CM-nin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri

Saxlandığı yer: Qobustan Qapalı Həbsxanası

İş üzrə qısa arayış: Cənab Quliyev Masallıda yerləşən www.xeber44.com internet qəzetin baş redaktorudur, bu saytda yayılan məqalələr əsasən hakimiyyətin din sahəsində apardığı siyasətin tənqidinə, o cümlədən Masallı rayonunda olan sosial problemlərə həsr edilirdi. Bu saytdakı fəaliyyətinə görə cənab Quliyev həbs edildiyi tarixdən əvvəl də dəfələrlə polis bölməsinə aparılıb, ona fəaliyyətinin dayandırmalı olduğu barədə xəbərdarlıq edilib. Bu cür xəbərdarlıq yerli icra hakimiyyəti tərəfindən də dəfələrlə olunub. Həbsindən 2 gün əvvəl, yəni 2012-ci il sentyabrın 6-da cənab Quliyev və onunla birlikdə olan Masallı sakini cənab Ağalı Rza Qorxmaz oğlu polis və mülki geyimdə olan şəxslər tərəfindən saxlanılaraq döyülüblər və Masallı rayon Polis Şöbəsinə aparılıblar. Onlar rəis müavini Əlifağa Kazımovun göstərişi ilə gecə saat 03.00 radələrində sərbəst buraxılıblar.

Sentyabrın 8-də isə saat 21 radələrində cənab Quliyev digər Masallı sakini Tahirov Ziya İbrahim oğlu ilə birlikdə Masallıda keçirilən folklor festivalı çərçivəsində Nizami parkında təşkil edilmiş diskotekaya etiraz ediblər və tənqidi material hazırlamaq məqsədilə əlavə məlumat almaq üçün təşkilatçıları axtarmağa başlayıblar. Lakin ərazidə olan polislər hər iki şəxsi ərazidən uzaqlaşdırıb. Bundan 2 saat sonra yenə həmin əraziyə qayıdan cənab Quliyev və cənab Tahirov diskotekanın sona çatdığını və park ətrafında yalnız polis maşınının olduğunu görüblər. Polis maşını onlara yaxınlaşmış və rəis müavini Əlifağa Kazımov onlarla 30 dəqiqəyə qədər söhbət etdikdən sonra ərazini tərk etmişdir. Bundan dərhal sonra 25-30 nəfərlik mülki geyimli dəstə əraziyə gələrək onları təhqir etməyə və daş atmağa başlamışdır, az sonra hadisə ərazisinə gələn polislər hər iki şəxsi döyərək həbs etmişlər. Jurnalistə qarşı xuliqanlıq və polisə müqavimət maddələri ilə ittiham irəli sürülmüşdür. Jurnalistin həbsindən yalnız 11 gün sonra, yəni sentyabrın 20-də onun evində axtarış aparılmış və evdən cənab Quliyevə məxsus olan qumbaranın tapıldığı iddia edilmişdir. 2012-ci ilin dekabrında cənab Quliyevə qarşı baş redaktoru olduğu internet qəzetdə yayılan məqalələrdə dini düşmənçiliyin salınması, ictimai asayişin pozulması, silah saxlama, dövlət bayrağının təhqir edilməsi kimi maddələrlə ittiham irəli sürülmüşdür.



Jurnalist Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2013-cü il qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi 09 yanvar 2014-cü il, Ali Məhkəmə 04 iyul 2014-cü il tarixində hökmü dəyişdirmədən qüvvədə saxlamışdır.

Jurnalistin evində axtarış məhkəmə qərarı olmadan və özünün iştirakı təmin edilmədən aparılıb, axtarış zamanı hal şahidi kimi iştirak etmiş şəxslərin məhkəmədə verdiyi izahatlarla istintaqa verdiyi izahatlar arasında ciddi fərqlər olub, məhkəmə araşdırması zamanı məlum olub ki, hal şahidlərindən biri Şirəliyev Nahid nə oxumağı, nə də yazmağı bacarır (halbuki axtarış haqqında protokola imza atıb və qumbaranın aşkar edildiyini təsdiqləyib), o, işlədiyi fəhlə bazarından həmkarı ilə birgə hal şahidliyi etmək üçün polislər tərəfindən aparıldıqlarını və bunun əvəzində onların hər birinə 20 AZN verildiyini Şirvan Apellyasiya Məhkəməsində bildirib. Zərərçəkmiş kimi tanınan şəxslərin heç biri cənab Quliyevlə istintaq zamanı üzləşdirməyiblər, onların çoxu polis əməkdaşlarıdır və hamısı məhkəmədə eyni ifadəni verməklə kifayətləniblər, buna baxmayaraq, faktiki olaraq jurnalistin polislərə xəsarət yetirdiyini sübut edən heç bir dəlil ortaya çıxmayıb. Cırılaraq təhqir edildiyi iddia olunan dövlət bayrağı da maddi sübut kimi cinayət işinin materiallarında aşkarlanmayıb.


Cənab Quliyev onun barəsində Şirvan Apellyasiya Məhkəməsinin qərarından sonra 14 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib. 22 dekabr 2014-cü il tarixdə həmin CM-də olan məhkum Elşad Babayevin ölümünə etiraz olaraq məhkumlar öz etirazlarını bildiriblər. Belə ki, Babayevin işgəncələrə məruz qalaraq yeməksiz və susuz saxlanılaraq öldüyü barədə məlumatlar olub, onun bacısı Simuzər Babayeva qardaşının Lökbatan qəsəbəsində yerləşən morqda meyitinin şəkillərini çəkərək sosial şəbəkələr və mətbuat vasitəsilə yaymışdı, şəkillərdən də aydın şəkildə görünür ki, məhkumun üzərində zorakılıq izləri var. Açılmış cinayət işi nəticəsində 31 yaşlı Elşad Babayevin ürək çatışmamazlığından öldüyü iddia olunub.
Etiraz bildirən məhkumlar arasında jurnalist Araz Quliyev də olub və buna görə o karserə salınıb və işgəncələrə məruz qalıb, CM-nin rəhbərliyi jurnalistin daha ağır rejimli müəssisəyə köçürülməsi barədə vəsatətlə məhkəməyə müraciət edib və Qaradağ rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli qərarı ilə cənab Quliyev cəzasının 3 ilini Qobustan Qapalı həbsxanasında çəkməyə məhkum edilib.



  1. Ramazanov Rəşad Ağaəddin oğlu


Saxlanma tarixi: 9 may 2013-cü il

İttiham: CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsi

Saxlandığı yer: 2 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Dindar olan cənab Ramazanov aktiv şəkildə sosial şəbəkələrdə, xüsusən Facebook-da (https://www.facebook.com/HAQQINqulu777) hakimiyyətin apardığı siyasəti, prezident də daxil olmaqla yüksək rütbəli məmurları tənqid edən mikrobloqlar paylaşırdı. Ona da Azərbaycanda fəallara qarşı geniş şəkildə istifadə edilən narkotik maddə ittihamı irəli sürülüb. Cənab Ramazanov həbs edildikdən sonra qanunsuz olaraq 11 gün müddətində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb, yerli və beynəlxalq təşkilatların çağırışından sonra, o, istintaq təcridxanasına köçürülüb. Tanınmış vəkil Aslan İsmayılov Ramazanovun bu idarədə işgəncələrə və döyülməyə məruz qaldığını bəyan edib və bunun araşdırılması üçün müvafiq qurumlara müraciət edib, lakin bu iddialar nəinki araşdırılıb, İsmayılovun özü polis tərəfindən saxlanılaraq ona bu cür bəyanatları verməməsi, əks halda cəzalandırılacağı ilə bağlı xəbərdarlıq edilib. Bundan bir müddət sonra isə vəkil İsmayılov Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2013-cü il qərarı ilə cənab Ramazanov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 16 yanvar 2014-cü il tarixində, Ali Məhkəmə isə 14 may 2014-cü il tarixində bu hökmü olduğu kimi qüvvədə saxlayıb.
Cənab Ramazanov Amnesty İnternational təşkilatı tərəfindən “vicdan məhbusu” kimi tanınıb3.



  1. Həzi Seymur Məşgül oğlu



Saxlanma tarixi: 29 avqust 2014 cü il

İttiham: CM-nin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi

Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Azərbaycanda müxalif mpvqeyi ilə fərqlənən yeganə mətbu orqan “Azadlıq” qəzetinin şərhçisi və Azərbaycan hakimiyyətini və onun apardığı siyasəti sərt tənqid edən və peyk üzərindən xaricdən yayımlanan "Azərbaycan saatı" onlayn televiziyasının aparıcısı olan Seymur Həzi ciddi əsas olmadan saxlanılıb. Jurnalistin yaşadığı Ceyranbatan qəsəbəsində Məhərrəm Həsənov adlı şəxs S.Həziyə yaxınlaşaraq sosial şəbəkədə göndərdiyi mesaja cavab verməməsinin səbəbini soruşub və "cavab gözləmədən" S.Həziyə hücum edib.Bundan bir neçə dəqiqə sonra jurnalist əraziyə gələn polislər tərəfindən saxlanılıb. Avqustun 30-da Abşeron rayon Məhkəməsi onun barəsində həbs qət-imkan tədbiri seçib.
Jurnalist 29 yanvar 2015-ci il tarixində Abşeron Rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfovanın çıxardığı hökm əsasında ağır cəzaya - 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. S.Həzinin əleyhinə ifadə verən Məhərrəm Həsənov isə 6 ay müddətinə azadlıqdan məhrum edilib və o artıq azadlıqdadır. Sumqayıt Apellyasiya Məhkəməsi 5 sentyabr 2015-ci il tarixdə, Ali Məhkəmə isə 15 aprel 2016-cı il tarixdə jurnalist barədə çıxarılmış hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Məhkəmə müşahidələri birmənalı şəkildə deməyə əsas verir ki, jurnalistin həbsi əvvəlcədən qurulmuş plan üzrə həyata keçirilib, ona qarşı təxribat törədilib və nəticədə bu təxribatdan istifadə edilərək o saxlanılıb. Proseslər zamanı jurnalistin və onun vəkilinin verdiyi və birbaşa işin mahiyyətinin açılmasına yönələn vəsastətlərin heç biri təmin olunmayıb. Xüsusən ittiham aktında cinayət işinin açıldığı vaxtın göstərilməməsi, işin ekspertiza keçirilmədən başlanması, hadisənin iştirakçısı olmuş Həsənovun ziddiyyətli ifadələri, jurnalistlə onun arasında əslində Facebook-da heç bir yazışmanın olmaması, Həsənovun hadisə yerində 2 saatdan əvvəlcədən olaraq jurnalisti gözləməsi və bunu sübut edəcək telefon danışıqlarının siyahısı və vaxtının alınması kimi məsələlər araşdırılmayıb.

Seymur Həzi həbsindən əvvəlki illərdə də jurnalist fəaliyyətinə görə təzyiq və təqiblərə məruz qalıb. O 26 mart 2011-ci il tarixdə yaşadığı Ceyranbatan qəsəbəsində bu hadisənin baş verdiyi eyni yerdən oğurlanaraq naməlum yerə aparılmış, naməlum maskalı şəxslər tərəfindən zorakılığa məruz qalmış və “Axmaq olma, İlham Əliyev haqqında” yazma mesajını almışdı. Bu hadisə ilə bağlı jurnalist açıq şəkildə mətbuata müsahibə vermiş, hüquq-mühafizə orqanlarına etdiyi müraciətlər cavabsız qalmış, təkidlərdən sonra faktla bağlı açılmış cinayət işi nəticəsiz yekunlaşmışdı.

Jurnalist Amnesty International tərəfindən “vicdan məhbusu” kimi tanınıb4.




  1. Fikrət (İbişbəyli) Fərəməz oğlu



Saxlanma tarixi: 30 iyun 2016- cı il

İttiham: CM-in 182.2.4 (hədə- qorxu ilə pul tələb etmə) maddəsi

Saxlandığı yer: Kürdəxanı İstintaq Təcridxanası

İş üzrə qısa arayış: Fikrət Fərəməzoğlu 17 sentyabr 1976- cı ildə Masallı rayonunun Güllü təpə kəndində anadan olub. Müxtəlif media orqanlarında çalışıb. Jam.az saytının baş redaktorudur. 30 iyun 2016- cı ildə DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

Yaxınlarının verdiyi məlumata görə DİN MCQMİ- də işgəncələrə məruz qalıb. Məhz bu işgəncələrin və təhdidlərin nəticəsində həbsinin ilk günlərində vəkildən və həbs- qəti imkan tədbiri ilə bağlı verilmiş apelliyasiya şikayətindən imtina edib. Qanunvericiliyin tələblərinə zidd olaraq 33 gün DİN MCQMİ- də saxlanılıb, İstintaq Təcridxanasına köçürülməyib.



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin