İşlə bağlı arayış; Müsəlman Birliyi Hərəkatının ilahiyyət şöbəsinin rəhbəri və İdarə Heyətinin üzvüdür. Taleh Bağırzadə və təşkilatla bağlı açılmış ümumi cinayət işi üzrə itiham olunur. 2015- ci il 26 noyabr hadisələri zamanı Nardaranda olmayıb və sonradan həbs olunub. Özünü təqsirli bilmir.
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
-
Ramil Zabil oğlu Əliyev
Saxlanma tarixi; dekabr, 2015
İttiham; Azərbaycan respublikası Cinayət Məcəlləsinin 214.2.1- ci (mütəşəkkil qrupun tərkibində terror), 214.2.3- cü (odlu silah tətbiq etməklə terror), 214.2- ci (terrora açıq çağırışlar), 220.2- ci (kütləvi iğtişaşlara çağırışlar və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaq), 228.3- cü (mütəşəkkil cinayətkar qrupun tərkibində qanunsuz silah dövriyyəsi), 228.4- cü (qanunsuz odlu silah və qaz balonlarının gəzdirilməsi), 278- ci (hakimiyyətin zorla ələ keçirilməsi), 279.1- ci (qanunsuz silahlı birləşmələrin yaradılmasında iştirak), 281.2- ci (mütəşəkkil qrupun tərkibində silahlı qiyamda iştirak) və 283.2.3- cü (mütəşəkkil qrupun tərkibində dinlərarası ədavətin qızışdırılması) maddələri ilə ittiham olunur.
İşlə bağlı arayış; Müsəlman Birliyi Hərəkatının şöbə müdiri və İdarə Heyətinin üzvüdür. Taleh Bağırzadə və təşkilatla bağlı açılmış ümumi cinayət işi üzrə itiham olunur. 2015- ci il 26 noyabr hadisələri zamanı Nardaranda olmayıb və sonradan həbs olunub. Özünü təqsirli bilmir.
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
-
Əbülfəz Heybət oğlu Bünyatov
Saxlanma tarixi; 26 noyabr 2015- ci il
İttiham; Bax, Taleh Bağırzadənin ittiham olunduqları maddələrə.
İşlə bağlı arayış; Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətinin rəhbəri və İdarə Heyətinin üzvüdür.
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
-
Məhəmmədəli Ruhulla oğlu Axundzadə
Saxlanma tarixi: 28 dekabr 2015
İttiham; Maddə 234.2 (istifadə miqdarından artıq narkotik maddə daşıma)
İşlə bağlı arayış; Məhəmmədəli Axundzadə Ruhulla oğlu Məşhəd şəhərində Dini Mədrəsədə təhsil alırdı , O ilahiyyat təhsili almaqla yanaşı bəzi məqalə və tənqidi yazıları, o cümlədən tənqidi sosial şəbəkə statusları ilə yadda qalıb. Məhəmmədəli Axunzadə Nardaran hadisələrindən sonra Azərbaycana qayıdarkən həbs olunmuş və 234.2-ci maddə ilə (istifadə miqdarından artıq narkotik maddə daşıma) ittiham olunub. 30 iyun 2016- cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Məhəmmədəli Axundzadənin məhkəmə gərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd : Məhəmmədəli Axundzadə İslam Partiyası Astara rayon şöbəsinin həbsdəki sədri, siyasi məhbus Ruhullah Axundzadənin oğludur. O, atasını və günahsız həbs olunan dindar məhbusları müdafiə etməsi ilə tanınırdı.
ğ. Siyasi girovlar- 5 nəfər
-
Seyidov Elnur Rafiq oğlu
Saxlanma tarixi: 27 mart 2012-ci il
İttiham: CM-nin 178.3.1 (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2 (mənimsəmə və israf etmə külli miqdarda törədildikə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Cənab Seyidov müxalif və Azərbaycan hakimiyyətinin sərt tənqidçilərindən olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qaynıdır, “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini vəzifəsində çalışıb. Cənab Seyidov Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib, ona əvvəl yalnız dələduzluq ittihamı irəli sürülmüş, sonradan ittiham ağırlaşdırılmışdır. Cənab Seyidovun həbsindən 9 ay keçənədək heç bir istintaq hərəkəti aparılmamış, həbs müddəti isə əsassız olaraq uzadılmışdı, halbuki bu cinayətlərə görə uzadılma müstəsna hallarda baş verə bilər.
Cinayət Prosessual Məcəllənin tələblərinə görə, dələduzluq ittiham üzrə istintaq hərəkətləri aparmaq DİN-in səlahiyyətindədir, amma cənab Seyidova münasibətdə qanunun bu tələbi kobud şəkildə pozulub, o, MTN tərəfindən həbs olunub, MTN təcridxanasında saxlanılıb və istintaqı da MTN aparıb.
Cənab Seyidov “Texnikabank”ın İdarə Heyətinin sədri Etibar Əliyev və digərlərinin cinayət işi üzrə onlardan 20 gün sonra həbs edilmişdir. Rəsmi ittihama görə, cənab Seyidov bank rəhbərliyinin göstərişi ilə və onların mənafeyi üçün qanunları pozmaqda günahlandırılır. E.Əliyev, eləcə də bankın bu iş üzrə həbs edilmiş digər əməkdaşları azadlığa çıxsalar da, cənab Seyidov hələ də həbsdə saxlanılır. Cənab Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir, bu barədə müstəqil və özəl tibb müəssisələrinin rəyi var. Dağınıq skleroz xəstələrinin təcridxana kimi qapalı mühitdə saxlanması yolverilməzdir və bu xəstəlikdən əziyyət çəkənlərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının 7 mart 2012-ci il tarixli Qanunu da var. Qanunda belə xəstələrə qayğı və onların müdafiəsi üzrə bir sıra tədbirlər, o cümlədən azadlıqdan məhrum edilmiş belə xəstələrin azad edilməsi nəzərdə tutulur. Lakin bu xəstəlikdən əziyyət çəkən cənab Seyidov həbsdə saxlanılır. Cənab Seyidov həbsdə olduğu dövrdə xəstəliyinə görə ikinci qrup əlil olub.
Cənab Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli qərarı ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 03 aprel 2014-cü il tarixində bu hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Ali Məhkəmə 19 yanvar 2015-ci il tarixdə irəli sürülmüş iki ittihama xitam verərək cəzanın 7 il 3 aya endirilməsi barədə qərar çıxarıb.
Məhkəmə zamanı şahidlərin verdiyi ifadələr ziddiyyətli olub, bəzi şahidlər isə cənab Seyidovun təqsiri olmadığını bildiriblər. Ancaq məhkəmə bunları nəzərə almayıb.
Cənab Seyidovu ilkin həbsi və ağır xəstəlikdən əziyyət çəkməsi ilə bağlı Avropa Məhkəməsinə şikayət göndərilib. Cənab Seyidovun işi ABŞ Dövlət Departamentinin Azərbaycanda 2013-cü ildə insan haqları üzrə hesabatında müxalif qüvvələrin ailə üzlərinə edilən təzyiq nümunəsi kimi göstərilib25.
02 avqust 2016-cı il tarixdə Qaradağ rayon Məhkəməsi cənab Seyidovun xəstəliyinə görə vaxtından əvvəl azadlığa çıxması ilə bağlı ərizəsini təmin etməyərək ağır xəstəliyinə baxmayaraq onu həbsdə saxlayıb. Bakı Apellyasiya Məhkəməsi 09 sentyabr tarixində bu qərardan verilmiş şikayəti təmin etməyib.
-----------------------------------------------------------------------------------------------------------------
-
Abdullayev Mübariz Əslan oğlu
Saxlanma tarixi: 21 avqust 2013
İttiham: CM-in 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi
Saxlandığı yer: Şəki Penitensiar Müəssisəsi
İş üzrə qısa arayış: Cənab Abdullayev ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin qardaşı oğludur. 2010-cu ildə rektoru olduğu Universitetinin lisenziyası ləğv edildikdən sonra hakimiyyətlə münasibətləri kəskinləşən və bu səbəbdən də ölkədən qaçaraq hazırda Fransada siyasi mühacirət həyatı yaşayan Elşad Abdullayev 2012-ci ilin sentyabrında qalmaqallı videonun yayılması ilə gündəmə gəldi. Videoda Elşad Abdullayevlə həmin dövrdə hakim partiyadan millət vəkili olmuş Gülər Əhmədova, o cümlədən görüşdə vasitəçi kimi təqdim edilən millət vəkilinin rəfiqəsi Sevda Babayeva arasında danışıqlar əks olunur, millət vəkili Elşad Abdullayevin millət vəkili seçilməsi üçün ondan 1 milyon manat pul istəyir və bu vəsaitin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə veriləcəyini bildirir. Bu video yayıldıqdan sonra Sevda Babayeva naməlum şəraitdə Türkiyədə dünyasını dəyişir, Gülər Əhmədova isə 2013-cü ilin fevralında həbs olunur (bir müddətdən sonra o Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb). Elşad Abdullayev bu videodan sonra daha bir neçə qalmaqallı video yayır və bu videoların yayılmasına görə onunla hakimiyyət arasında münasibət daha da kəskinləşdi.
Elşad Abdullayevin keçmiş Milli Təhlükəsizlik Nazirliyində işləyən qardaşı Mahir Abdullayev 2003-cü ildə itkin düşüb, Elşad Abdullayev bu hadisəyə görə də Azərbaycan hakimiyyətini, xüsusən hüquq-mühafizə orqanlarını tictimai şəkildə tənqid edib.
Cənab Mübariz Abdullayevə verilən ittiham da əmisi Mahir Abdullayevin itkin düşməsi ilə bağlıdır. İttihama əsasən cənab Abdullayev əmisi Mahir Abdullayev itkin düşdükdən bir müddət sonra digər əmisi Elşad Abdullayevə zəng edərək başqa şəxs adından danışaraq qardaşının onda olduğunu və əvəzində 50 000 manat istədiyini bildirib və bu pulun Zaqatala rayonuna gətirilməsini istəyib.
Lakin nəticədə Elşad Abdullayev Zaqatalaya getməyib və heç kimə heç bir vəsait verməyib. İş materiallarında bunun qarşısının Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindn alındığı qeyd edilsə də, bunun hansı şəkildə baş verdiyi izah edilmir.
Cənab Mübariz Abdullayev 2003-cü ildə Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilərək 3 gün saxlanılıb və ona qarşı cinayət ii açılıb, lakin 3 gündən sonra o sərbəst buraxılıb və yalnız 10 ildən sonra, məhz Elşad Abdullayevlə hakimiyyətin münasibətləri pisləşdikdən sonra istintaqa çağırılıb. Bu 10 il ərzində Mübariz Abdullayev bir dəfə də olsun dindirilməyib, heç bir istintaq hərəkəti aparılmayıb. 2013-cü ildə sahə müvəkkili cənab Abdullayevə onun Baş Prokurorluğa getməli olduğunu bildirib. Baş Prokurorluqda Elmar Camalovla görüşən cənab Abdullayevə bildirilib ki, onun barəsində cinayət işinə baxılması üçün sənədlər məhkəməyə göndəriləcək və onun yenidən ifadəsinə ehtiyac var, lakin ondan ifadə almadan boş kağıza imza atdırıblar və onu sərbəst buraxıblar. Cənab Abdullayev hökm aldığı gün məhkəmə zalında həbs edilib.
Cənab Abdullayev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2013-cü il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi (hakim Saleh Süleymanov) 03 iyun 2014-cü il tarixdə bu hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə də 05 mart 2015-ci il tarixdə cənab Abdullayevin şikayətini təmin etməyib.
Cənab Abdullayevin 10 il əvvəl açılmış cinayət işi əsasında həbs edilməsi, ondan ifadə almaq əvəzinə boş kağıza imza atdırılması, məhkəmə prosesləri zamanı yalnız Kürdəmir rayon Polis Şöbəsinin keçmiş əməkdaşlarının şahid qismində verdikləri ifadələrin əsas götürülməsi, digər sübutlarım araşdırılmaması göstərir ki, onu əmisi Elşad Abdullayevin tənqidi mövqeyinə və hakimiyyətlə münasibətlərininn kəskinləşməsinə görə həbs ediblər.
-
Ədilov Murad Güləhməd oğlu
Saxlanma tarixi: 11 avqust 2014
İttiham: CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi
Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: AXCP mətbuat katibi və “Azərbaycan Saatı” proqramının aparıcılarından biri, siyasi təqiblərə görə hazırda Fransada yaşayan Natiq Ədilovun qardaşı olan cənab Ədilov bu proqrama qarşı aparılan kampaniya çərçivəsində həbs edilən şəxslərdən biridir.
Bu proqramın rəhbəri olan Qənimət Zahidin də yaxın qohumları həbs edilib və cənab Ədilovun işində olduğu kimi eyni ittihamlarla ağır cəzaya məhkum ediliblər. Bu proqram kimi xaricdən yayımlanan Meydan TV əməkdaşlarının da yaxın qohumları qarşı analoji ittihamlarla həbs edilmişdilər (bir müddət həbsdə saxlandıqdan sonra onlar azadlığa buraxılıb).
Cənab Ədilov Sabirabad rayonunda həbs edilərkən həm rayon polis şöbəsində, həm də sonradan Bakıda saxlandığı polis idarəsində işgəncələrə və qeyri-insani rəftara məruz qaldığı barədə məlumat versə və rəsmi müraciətlər etsə də, bunlar lazımi şəkildə araşdırılmayıb. O Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına aparılan zaman bədənində qançıarların olması sənədlərdə öz əksini tapsa da, bu fakt da araşdırılmayıb. Həbsdən az müddət əvvəl hakimiyyətə xüsusi yaxınlığı ilə fərqlənən və müxalif mövqedə olan şəxslər barəsində qarayaxma süjetlər və proqramlar təqdim edən Lider telekanalında jurnalist Natiq Ədilova və onun ailəsinə qarşı qarayaxma xarakterli məlumatlar yayılmışdı.
Onun məhkəmə prosesləri də sübut edib ki, istintaq qərəzli aparılıb, sübutlar qismində ancaq polislərin və hal şahidlərinin ifadələri istifadə edilib. Cənab Ədilovun ailəsinə məxsus geniş evdə ancaq bir otaqda axtarış aparılıb və həmin otaqdan da narkotik maddənin tapıldığı iddaə edilib, halbuki əməliyyat narkotik maddənin həqiqətən də tapılması üçün keçirilsəydi bütün mənzildə axtarış aparılmalıydı.
Cənab Ədilov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 may 2015-ci il tarixli hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi 27 oktyabr 2015-ci il tarixdə, Ali Məhkəmə isə 22 aprel 2016-cı il tarixdə hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Cənab Ədilov ailəlidir, 3 azyaşlı övladı var ki, böyüyü 7 yaşındadır.
Amnesty International təşkilatı cənab Ədilovu “vicdan məhbusu” kimi tanıyıb26.
_____________________________________________________________________
Jurnalist Qənimət Zahidin qohumlarının işi
Zahidov Rüfət və Zayıdov Rövşən hazırda Fransada siyasi mühacir həyatı yaşayan müxalif “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahidin yaxın qohumlarıdır. Hər iki şəxsin həbsi “Azərbaycan saatı” proqramının Azərbaycanda yenidən yayımlanaraq populyarlaşmasından sonraya təsadüf edir. Bu proqramda Azərbaycan hakimiyyət nümayəndələri və ölkədə aparılan siyasət sərt şəkildə tənqid edilir. Jurnalistin özü və qardaşı Mirzə Sakit də vaxtilə Azərbaycanda təqiblərə məruz qalıb, saxta ittihamlarla azadlıqdan məhrum ediliblər, azadlığa çıxdıqdan sonra təqiblər davam etdiyi üçün hər ikisi siyasi mühacirətə gedərək hazırda Avropada yaşayırlar. “Azərbaycan saatı” proqramı saatının digər bir əməkdaşı Seymur Həzi də 2014-cü ilin avqustundan saxta ittihamla həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib. Bu proqramın aparıcılarından biri Natiq Ədilovun qardaşı Murad Ədilv da 2014-cü ilin avqustunda saxta narkotik maddə ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib (hər iki iş barəsində hesabatda ətraflı məlumat verilib).
Zahidov Rüfət və Zayıdov Rövşənin həbsi 2015-ci ildə Azərbaycanda yaxın qohumlarının fəaliyyətinə görə həbs edilən şəxslərlə bağlı ilk iş deyil, Zahidovların həbs edildiyi eyni dövr ərzində Berlindən fəaliyyət göstərən tənqidi onlayn Meydan TV-nin direktoru Emin Millinin qaynı, o cümlədən həmin TV-nin əməkdaşı Günel Mövludun hər iki qardaşı da Zahidovlara irəli sürülmüş saxta narkotik maddə ittihamı ilə həbs edilmişdilər. Bu şəxslər sonradan yaxınlarından publik şəkildə imtina etdikləri üçün azadlığa buraxıldılar. Məhkəmə proseslərinin monitorinqi göstərir ki, Zahidovlara qarşı irəli sürülmüş ittiham əsaslı deyil və sübutlara əsaslanmır, hal şahidlərinin ziddiyyətli ifadələri, istintaqın cinayəti hər iki şəxs tərəfindən əvvəlcədən planlaşdırdığı ilə bağlı əsaslandırılmamış mövqeyi, məhkəmə tərəfindən bir sıra vəsatətlərin təmin edilməməsi işin siyasi motivlərə söykəndiyini açıq şəkildə göstərir.
Hər iki şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Eldar Mikayilov) 28 iyun 2016-cı il tarixli hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Jurnalistin qohumları Amnesty International tərəfindən “vicdan məhbusu” kimi tanınıblar27.
-
Zahidov Rüfət Fərasət oğlu
Saxlanma tarixi: 20 iyul 2015-ci il
İttiham: Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (eyni əməllər külli miqdarda törədildikdə) maddələri
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)
-
Zayıdov Rövşən Ağazayıd oğlu
Saxlanma tarixi: 20 avqust 2015-ci il
İttiham: Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (eyni əməllər külli miqdarda törədildikdə) maddələri
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)
h. Keçmiş hakimiyyət nümayəndələri- 3
-
Əli Bünyat oğlu İnsanov
Saxlanma tarixi: 20 oktyabr 2005
İttiham: CM-nin 179.3.2 (mənimsəmə və israf etmə külli miqdarda törədildikdə), 306.2 (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə vəzifəli şəxs tərəfindən təkrar törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri
*CM-nin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələri28
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)
İş üzrə qısa arayış: Cənab İnsanov hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri hesab edilir, o, 1993-cü ildən həbs edilənə qədər Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsində çalışmışdır.
2005-ci ilin noyabrında keçirilmiş parlament seçkilərindən əvvəl və seçkilər ərəfəsində cənab İnsanov YAP-ın İdarə Heyətinin iclaslarında kəskin tənqidi çıxışlar etmiş, hakimiyyətdə cinayətkarların təmsil olunduğunu, aparılan siyasətin yanlışlığını və dəyişdirilməli olduğunu, əks halda xalqı aldatmış olacaqlarını bildirmişdir. YAP-ın qurultayından əvvəl keçirilən idarə heyətinin iclasında tənqidi fikirlərini davam etdirərək, partiyaya dəvət etdiyi və ona görə partiyaya qoşulan şəxslərdən buraxılan səhvlərə və yanlış siyasətə görə üzr istəmək dərəcəsinə çatdırıldığını vurğulayıb. Cənab İnsanov həbsindən 7 ay əvvəl, yəni 2005-ci ilin mart ayında həm YAP-dan, həm də səhiyyə naziri vəzifəsindən istefa vermək üçün ərizə ilə Prezident İlham Əliyevə müraciət etsə də, onun istefası qəbul edilməmişdir. Həbsindən iki ay əvvəl cənab İnsanov izləndiyini, hətta Bakıdan çıxdıqdan sonra da bu izləmənin davam etdiyini və bununla da bağlı prezidentə müraciət etdiyini bəyan etmişdir. Müraciətdə elə hakimiyyətdə təmsil olunan qruplar tərəfindən izləndiyini vurğulamışdır.
Parlament seçkilərinə 16 gün qalmış cənab İnsanov həbs edilərkən ona qarşı ilkin olaraq dövlət çevrilişi etməyə hazırlıq ittihamı sürülsə də (dövlət mediası da bu barədə məlumatlar yayırdı), sonradan bu ittiham sırf iqtisadi cinayətlər üzrə ittihamlara çevrildi. Onun həbsi Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilib və barəsində dərhal həbs qətimkan tədbiri seçilib.
Keçmiş nazir həbs edilərkən işgəncəyə məruz qaldığını, işgəncələrin Bayıl həbsxanasında, 5 saylı istintaq təcridxanasında, 13 saylı cəzaçəkmə müəssisəsində davam etdiyini bildirmişdir.
2007-ci ildə cənab İnsanovun cinayət işi üzrə istintaq yekunlaşıb, ancaq onun vəkillərinə iş materialları ilə tanış olmaq və surətlər götürməyə imkan verilməyib. O, 20 aprel 2007-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2007-ci il sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsi, 16 yanvar 2008-ci ildə isə Ali Məhkəmə bu qərardan verilən şikayətləri təmin etməyib.
Cinayət işinin materiallarında mənimsənildiyi iddia edilən məbləğlə həbs zamanı Baş Prokurorluğun məlumatlarında açıqlanan məbləğlər arasında ciddi fərqlər olub. Cənab İnsanov bütün vergiləri ödədiyini və təkcə 2005-ci ildə 85000 manat vergi ödədiyini sübut edən qəbzləri məhkəməyə təqdim edib. Qanunsuz özəlləşdirmə həyata keçirməkdə ittiham edilən cənab İnsanov bu prosesin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev tərəfindən həyata keçirildiyini bildirib və onların şahid kimi məhkəməyə gətirilməsi ilə bağlı vəsatət versə də, bu, təmin edilməyib. Cənab İnsanovun həbs edildiyi gün verdiyi ifadənin böyük bir hissəsi itirilmiş, nəticə etibarilə cinayət işinin materiallarına əlavə edilməmişdir.
Keçmiş nazirin İnsan Hüquq və Əsas Azadlıqları haqqında Avropa Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq) və 6-cı (ədalətli məhkəmə hüququ) maddəsində nəzərdə tutulmuş hüququnun pozulması ilə bağlı Avropa Məhkəməsinə şikayət verilmişdir. 2013-cü ilin martın 14-də Avropa Məhkəməsi keçmiş nazirin hər iki hüququnun pozuntusunu tanıyıb29. Məhkəmə keçmiş nazirin müdafiə hüququ və digər prosessual qaydaların pozulduğunu, əlavə araşdırma aparılmasına ehtiyac olduğunu və Azərbaycan hökumətinin 10 min avro cərimə ödəməli olduğunu qət edib. 2013-cü il noyabrın 15-də Ali Məhkəmə Avropa Məhkəməsinin qərarına əsasən işin yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərib. Apellyasiya məhkəməsində işə baxılarkən cənab İnsanov hakimiyyət, konkret prezident İlham Əliyev barədə kəskin tənqidi fikirlər səsləndirib. Növbəti məhkəmə zamanı Əli İnsanov şüşə qəfəsə salınıb və hakim onun danışmasına icazə verməyib (keçmiş nazir tənqidi fikirlər səsləndirərkən hakim səsin eşidilməsini təmin edən mikrofonu söndürüb). 25 fevral 2014-cü ildə Apellyasiya Məhkəməsi Əli İnsanov barəsində çıxarılan 11 illik azadlıqdan məhrum edilmə barədə hökmü qüvvədə saxlayıb. AŞPA-nın 2007-ci ildə qəbul etdiyi 1545 saylı qətnaməsində Əli İnsanov barəsində ədalətli məhkəmə keçirilməsi tövsiyə olunmuşdur.30 AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçiləri cənab Andres Herkel və xanım Jivkovanın apardıqları monitorinqin nəticələrinə dair 2008-ci il mart ayında yayılmış hesabatda və AŞPA-nın 2008-ci il 24 iyul tarixli qətnaməsində də cənab İnsanovla bağlı narahatlıq əks olunmuşdur.
Cənab İnsanovun cəza müddətinin bitməsinə 57 gün qalmış, 23 avqust 2016-cı il tarixdə ona qarşı 3 maddə əsasında ittiham irəli sürülmüş və onun barəsində yeni istintaq aparılmağa başlanmışdır. Bu işlə əlaqədar olaraq o saxlandığı 13 saylı CM-dən Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. Ona qarşı irəli sürülmüş ittihamların azadlığa çıxmasına az müddət qalmış irəli sürülməsi, müstəntiqlərdən fərqli olaraq vəkillərinin yanına buraxılmaması və bu tip ittihamların siyasi motivli işlərdə mütəmadi istifadə edilməsi göstərir ki, hakimiyyət cənab İnsanovun azadlığa buraxılmasında maraqlı deyil, belə ki, yuxarıda da qeyd edildiyi kimi o həbs edildikdən sonra hakimiyyəti tənqid etməyə başlamış və azadlığa çıxdıqdan sonra hakimiyyətlə mübarizə aparaçağını açıq şəkildə bəyan etmişdi.
-
Dostları ilə paylaş: |