Felin ümumi şərt şəkli. Felin ümumi şərt şəkli felin xəbər, vacib və lazım şəkli ilə ifadə olunan iş, hal və hərəkəti müəyyən bir şərtlə bağlayır. Ümumi şərt şəkli isə (-sa2) ilə formalaşır: almışsa, alarsa, alasısa, almalıyamsa.
Feil əsaslarından sonra gələn -sa2 şərt şəklinin əlaməti felin kökü və ya əsası ilə ifadə olunan iş, hal və hərəkəti müəyyən bir şərtlə bağlayır, şəxs sonluqlarından əvvəl işlənir. Məsələn:
Əvət, əzsən də, əzilsən də, əvət
Yenə adildir o müdhiş qüvvət!
Bir xəyal iştə məhal olsa da, mən,
Tanrı olsaydım əgər gerçəkdən,
Ya bu insanları xəlq etməz idim,
Əgər etsəm, yaşadardım daim.
(H. Cavid)
Felin ümumi şərt şəkli isə qeyd etdiyimiz kimi, felin xəbər, vacib və lazım şəkli ilə ifadə olunan iş, hal və hərəkəti müəyyən bir şərtlə bağlayır və həmin şəkillərdən və şəxs sonluqlarından sonra gəlir. Məs.: Gəl, gəl!... Oldunsa gər peşiman, gəl! (H. Cavid)
Felin təsriflənməyən formaları. Məsdər, onun felə və ismə xas xüsusiyyətləri və fərqləri
Felin təsriflənməyən formaları zamana, şəxsə və kəmiyyətə görə dəyişməyən formalardır. Buraya məsdər, feli sifət və feli bağlama aiddir. Bu formalar özündə iki nitq hissəsinin xüsusiyyətini daşıyır.
Məsdər iş, hal və hərəkətin adını bildirir. Bu forma felin sonuna -maq (-mək) şəkilçisi əlavə etməklə düzəlir: oxumaq, gəlmək, yazmaq və s. Bu məsdərlər yalnız hərəkətin adını bildirir, heç bir zaman və şəxs kateqoriyasının əlamətlərini qəbul etmir. Lakin oxu, yaz, gəl və s. feillər heç bir morfoloji əlamət qəbul etməsə də, iş, hal və hərəkətin 2-ci şəxsə və gələcək zamana aid olduğu şübhə doğurmur. Deməli, -maq (-mək) şəkilçisi feillərin adlarını bildirmək üçün əsas və yeganə amildir. Bu şəkilçilərdən sonra felə aid olan heç bir forma və şəxs şəkilçiləri artırmaq mümkün olmadığı halda, ismə xas olan şəkilçiləri əlavə etmək mümkündür. Bu da məsdərin ikili xüsusiyyət daşımasından irəli gəlir.
Məsdərin felə məxsus xüsusiyyətləri:
* Məsdərlər də feillər kimi təsirli və təsirsiz olur: gəlmək, qaçmaq, demək, söyləmək (gəlir, qaçır, dedi, söylədi)
* Məsdərlər də feillər kimi təsdiq və inkarda olur: dedi –
demədi: demək – deməmək
* Məsdərlər də feillər kimi növ kateqoriyası üzrə dəyişir: yazmaq – yazılmaq – yazışmaq – yazdırmaq və s.
Feillərin məsdərlərlə bu oxşar xüsusiyyətləri heç də onları eyniləşdirmək məqsədi daşımır. Məsdəri feillərdən fərqləndirən aşağıdakı cəhətləri vardır:
* Məsdərlər söz yaradıcılığında iştirak edə bilmir. Lakin feillər söz yaradıcılığında geniş fəaliyyət göstərir: süzmə, açar, açıq, qırıq, əkin, süpürgə, yapışqan, qısqanc, qorxu, qorxaq və s.
* Məsdər zamana və şəxsə görə dəyişmir. Feillər isə zaman və şəxsə görə dəyişir.
* Feil cümlədə yalnız xəbər olur, məsdər isə mübtəda, tamamlıq, zərflik və ismi xəbər olur.
* Məsdər ətrafına söz toplayaraq tərkib əmələ gətirir, feildə isə bu xüsusiyyət yoxdur. Məs.: Çox bilib az danışmaq müdriklikdir. (A.sözü)
Dostları ilə paylaş: |