Universitetlər. Açıq Universitet də daxil olmaqla 83 universitet (12-si Şotlandiyada) fəaliyyət göstərir. Onlar "parlament aktı" əsasında idarə olunur və tədrisin təşkilində sərbəstdirlər. Onlar ştat vahidlərini müəyyən edir, tələbə qəbulu barədə qərar çıxardır, öz tədris planlarını tərtib edir və müvafiq dərəcə verirlər.
Oksford və Kembric universitetləri XII və XIII əsrlərdən, Şotlandiyanın St. Andrews, Qlazqo, Aberden və Edinburq universitetləri isə XIV və XV əsrlərdən fəaliyyət göstərir. Britaniyanın digər universitetlərinin əsası XIX və XX əsrlərdə qoyulmuşdur. 60-cı illərdə yeni universitetlərin sayı nəzərə çarpacaq dərəcədə artmışdır. 1992-ci ildə politexnik və digər ali təhsil müəssisələrinə universitet statusu verildikdən sonra universitetlərin sayı daha da artmışdır.
İlk dərəcə (başlanğıc) kurslarında oxumaq üçün ərizələr universitetlərə və Çeltenhemdə yerləşən Kolleclərə Qəbul Xidmətinə (UCAS) təqdim edilir. UCAS-da dekabrın 15-də, yəni kurslar başlayana kimi ərizə formaları doldurulur və qəbul edilir. UCAS daha sonra həmin ərizə formalarını ərizə vermiş şəxsin seçdiyi təhsil müəssisəsinə göndərir. Oksford və Kembric Universitetlərinə ərizə vermiş şəxslər əlavə ərizə forması da doldurmalıdırlar.
İlk dərəcə (başlanğıc) kursları əsas etibarilə əyanidir. Bu mərhələ İngiltərədə və Uelsdə üç il davam edir. Bununla yanaşı, bir neçə 4-illik kurslar və 5-illik tibb və baytarlıq kursları da fəaliyyət göstərir. Şotlandiyada bütün başlanğıc kurslar 4 il davam edir. Müəllimlərin əyani təhsil alan tələbələrin sayına nisbəti 1/12,5-dir. Bir çox universitetlər ticarət və sənaye müəssisələri ilə sıx əlaqə saxlayırlar. Həmin müəssisələrdə işləyən tələbələrin dərslərdə sərbəst surətdə iştirak etmək hüququ vardır.
Dərəcə titulları hər bir universitetin fəaliyyətindən asılı olaraq müxtəlifdir. İngiltərədə, Uelsdə və Şimali İrlandiyada ilk dərəcə titulları humanitar elmlər bakalavrı (BA) və ya elmlər bakalavrı (BSc), ikinci dərəcə üçün isə humanitar elmlər üzrə magistr (MA), elmlər magistri (MSc) və fəlsəfə doktoru (PhD) titullarıdır. Qədim Şotland Universitetlərində magistr dərəcəsi humanitar fənlər üzrə ilk dərəcə hesab olunur. Universitetlər dərəcə vermək səlahiyyətinə malik olmayan digər ali təhsil müəssisələrinin məzunlarına dərəcə vermək hüququna malikdir.
Müəllimlər tədris prosesi ilə yanaşı elmi yaradıcılıqla da məşğul olurlar. Universiteti bitirmiş tələbələrin bir qismi də elmi işlərə cəlb olunurlar.
Açıq Universitet daimi tədris korpusu olmadan Böyük Britaniyada və Avropa Birliyinin ölkələrində yaşayan müxtəlif yaşlı şəxslərə dərəcələr verir və digər kurslar təşkil edir.
Universitet xüsusi hazırlanmış mətnlərdən, qiyabi təhsildən, televiziya və radio verilişlərindən, audio və video kassetlərdən və yerlərdəki məktəblərdən, təhsil mərkəzləri şəbəkəsindən istifadə edir. Universitetin ilk dərəcəsi tamamlanmış hər bir kurs üçün verilən BA (Open) və ya BSc (Open) dərəcələrindən ibarətdir. (Yeri gəlmişkən, yaxşı olardı ki, bizim qiyabi təhsil alan tələbələrin diplomlarında da mötərzədə «qiyabi» sözü qeyd olunsun. Hazırda Təhsil Nazirliyinin tərtib etdiyi standart diplomlarda təhsilin əyani və qiyabi olması barədə heç bir qeyd yoxdur ki, bu da bizcə yolverilməz haldır.)
Universitetin ali dərəcə proqramı da vardır. Fəlsəfə bakalavrı (BPhil), fəlsəfə magistri (MPil), fəlsəfə doktoru (PhD) dərəcələri elmi dərəcələrdir. MA, MCS, MBA dərəcələri isə tam kursu uğurla başa vurduqdan sonra verilir.
Dostları ilə paylaş: |