SƏRBƏST İŞ № 9. XÜSUSİ TİPLİ UŞAQ BAXÇASI VƏ YARDIMÇI MƏKTƏB
Təhsil almaq, sağlamlığından asılı olmayaraq hamının hüququdur. Təhsilin insanın yetişməsində, dünyagörüşünün artmasında, cəmiyyətə yararlı fərd olmasında böyük rolu var. Azərbaycan Respublikasının Təhsil haqqında qanununda da qeyd olunub ki, cəmiyyətin bütün üzvlərinin - istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud insanların bərabər təhsil alma hüquqları var. Ölkədə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər sağlamlığı məhdud olan uşaqlardan da yan keçməyib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqların gələcəyi ilə bağlı müxtəlif layihələr həyata keçirir.
Bu günlərdə Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub.
Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak edib. Məktəbin üçmərtəbəli binası 250 şagird yerlikdir. Hazırda 651 nəfər evdə, 137 şagird isə məktəbdə təhsil alır. Məktəbdə 289 müəllim çalışır və onlar autizm, Daun sindromlu, ümumtəhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlim keçirlər. Ümumtəhsil proqramını mənimsəyə bilməyən şagirdlər də il ərzində aşkarlanaraq bu məktəbə yönləndirilir. Onillik məktəbin tədris planına defektoloq saatları daxil edilib. Eyni zamanda, xüsusi uşaqlar üçün psixoloq saatları ayrılıb. Texnologiya dərslərində isə uşaqların bacarıqları aşkar olunur. Bir sözlə, bu məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil alması, onların təlim-tərbiyəsi ilə hərtərəfli məşğul olmaq üçün bütün imkanlar mövcuddur. Bütün bunlar isə xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması, bu qəbildən olanların təhsil problemlərinin həlli istiqamətində son illərdə ölkə başçının rəhbərliyi ilə əhəmiyyətli addımların atılmasından irəli gəlir. “Sağlam təhsil sinifləri” ölkəmizin 35 məktəbində fəaliyyət göstərir.
Qeyd edək ki, indiyədək məhz Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bir çox xüsusi təhsil məktəbləri açılıb. Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirak etdiyi belə təhsil ocaqlarından biri kimi Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbi göstərmək olar. Xüsusi internat məktəbi 1979-cu ildən fəaliyyət göstərir. 2005-2006-cı tədris ilindən internat məktəbi ümumi orta təhsili təmin edən təhsil müəssisəsi kimi fəaliyyətdədir. Hazırda məktəbdə 176 şagird təhsil alır və onlardan 88 nəfəri müəssisədə yaşayır. Şagirdlər 15 sinif üzrə qruplaşdırılıb. Məktəbdə yaradılan “Sağlam təhsil sinifləri” ölkəmizin 35 məktəbində fəaliyyət göstərir. Burada sağlamlıq imkanları məhdud uşaqların biliklərə yiyələnməsi üçün lazımi şərait yaradılıb, müəssisə xüsusi avadanlıq və inventarla təchiz edilib.
Bundan başqa, Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin açılışını göstərmək olar. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib. Məktəb 1962-ci ildən fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Nizami rayonu, Ə.Əzimzadə küçəsi, 1 ünvanında yerləşən fiziki qüsurlu uşaqlara təmənnasız yardım göstərəcək bağça tipli “Qayğı” reabilitasiya mərkəzinin açılışında iştirak edib. Reabilitasiya mərkəzi serebral iflic keçirmiş 30-50 uşaq üçün nəzərdə tutulub. Bağça tipli mərkəzdə 3 qrup üzrə 3-6 yaş arası uşaqlar tərbiyə və müvafiq müalicə alırlar.
Nəsimi rayonunda 268 saylı xüsusi məktəb 1927-ci ildən fəaliyyət göstərir, 2003-cü ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Məktəbdə 879 nəfər fiziki qüsurlu uşaq təhsil alır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın olduğu Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir. Məktəbin hazırkı binası 1961-ci ildə inşa olunub. Bina 2006-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilib. Hazırda məktəbdə 306 şagird təhsil alır. Onlardan 135-i məktəbdə daimi olaraq qalır. Xatırladaq ki, Heydər Əliyev Fondunun BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi” layihəsi çərçivəsində məktəbdə uşaqlar üçün xüsusi sinif yaradılıb. 2007-ci ildə açılışı olan sinfə Fond tərəfindən müvafiq tədris vəsaitləri, kor və görmə qabiliyyəti zəif uşaqlar üçün hazırlanmış kompüterlər hədiyyə edilib. Brayl əlifbası ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitabı burada kompüterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək, musiqiyə qulaq asmaq, internetə bağlanmaq, məktublaşmaq mümkündür.
Qeyd edək ki, layihə çərçivəsində Nərimanov rayonundakı Psixonevroloji uşaq evi, Əzizbəyov rayonundakı 2 nömrəli yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbi, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 3 nömrəli xüsusi məktəb, beyin iflici və polimielit keçirmiş uşaqlar üçün 16 nömrəli internat məktəbi, Şamaxı internat məktəbi və bir sıra digər uşaq müəssisələri təmir olunub və yenidən qurulub.
Eləcə də Yeni Günəşli yaşayış massivində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi”nin, Bakının Nizami rayonunda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin inşası, sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şağan 3 saylı və Saray 7 saylı internat evlərinin, Mərdəkan qəsəbəsində Uşaq Tibbi Reabilitasiya Xəstəxanasının, Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi misilsiz layihələrdir.
Dostları ilə paylaş: |