Azərbaycan nefti bir il öncə ilə müqayisədə 26 dollar 37 sent ucuz satılır
19.02.2016
Azərbaycan nefti bir il öncə ilə müqayisədə 26 dollar 37 sent, iki il öncə ilə müqayisədə isə 78 dollar 49 sent ucuz satılır. Transparency.az bildirir ki, 2015-ci il fevralın 19-da “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 64,14 dollar olub. 2014-cü il fevralın 19-da isə “AzəriLayt” markalı neftin bir barreli 113,26 dollara satılıb. AZƏRTAC-ın 19 fevral 2016-cı il məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 34,77 dollara təklif edilir.
Bu gün dünya birjalarında neftin qiyməti düşüb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,61 dollar ucuzlaşaraq 30,59 dollar olub. Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 1,06 dollar dəyər itirib və 34,04 dollara satılır.
Ermənistanda 1 dollara nə düşür?
19.02.2016
Ermənistanda 1 dollara nə almaq olar? “Novosti-Armeniya” agentliyi belə bir araşdırma aparıb. Novator.az nəticələri təqdim edir:
- 1 qutu şor
- 9 ədəd yumurta
- 1 kiloqram portağal
- 1 ədəd hamburger və ya kotletli buterbrod
- 2 ədəd pendirli xaçapuri
- 4 ədəd kartoflu pirojki
- 1 şüşə pivə
- 1 banka “Koka-Kola”, “Sprayt” və ya “Fanta”
- 2 ədəd “Mars”, “Snikers” və ya “Baunti”
- 1 plitka şokolad
- 3 qutu saqqız
- 1-2 pirojna
- 5 ədəd ponçik
- 1 dəst yoğurt
- 4 stəkan qəhvə
- 1 qutu peçenye və ya vafli
- 2 ədəd şirin peşmək.
1 dollar 500 drama yaxındır.
BMT-nin hesabatına görə, dünyada 1,1 milyard adam gündə 1 dollardan az qazanır.
Azərbaycanda demoqrafik vəziyyət
19.02.2016
Fevralın 19-da Dövlət Statistika Komitəsi Azərbaycanda demoqrafik vəziyyətlə bağlı açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, Azərbaycan Respublikası əhalisinin sayı ötən il 112,6 min nəfər və yaxud 1,2 faiz artaraq 2016-cı ilin əvvəlinə 9 milyon 705,6 min nəfər olub.
2015-ci ildə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib. Miqrasiya artımı da müşahidə olunub və əhalinin ümumi artımının 1 faizini təşkil edib. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləri, 49,8 faizi kişilər, 50,2 faizi qadınlardır. Hazırda hər 1000 kişiyə orta hesabla 1007 qadın düşür.
Ötən il Azərbaycanda doğulanlar ölənlərin sayından 111,5 min nəfər çox olub. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 2015-ci ildə ölkədə doğulmuş 166,2 min körpə qeydə alıb. Doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır.
2015-ci il ərzində ölkədə 54,7 min ölüm halı qeydə alınıb. Ölüm səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisinə də öz təsirini göstərir. Ötən il bu göstərici 74,2 yaş, o cümlədən kişilər üçün 71,6, qadınlar üçün 76,8 yaş olub.
Keçən il qeydiyyat şöbələri 68,8 min nikah və 12,8 min boşanma halları qeydə alıb.
2015-ci ildə Azərbaycana daimi yaşamaq üçün 2,7 min nəfər gəlib, 1,6 min nəfər isə ölkədən gedib.
İstehlakçıların xərclədiyi vəsaitin 50,1 faizi ərzaq məhsullarının payına düşür
19.02.2016
Pərakəndə ticarət dövriyyəsi haqqında rəsmi hesabat açıqlanıb. Transparency.az-ın məlumatına əsasən, Dövlət Statistika Komitəsi bildirir ki, 2016-cı ilin yanvar ayında istehlakçılara 2 milyard 243,2 milyon manatlıq və ya 2015-ci ilin eyni ayı ilə müqayisədə 4,3 faiz çox məhsul satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 4,1 faiz artaraq 1 milyard 124,8 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 5,2 faiz artaraq 1milyard 118,4 milyon manata bərabər olub.
Hesabat ayında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,1 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 16,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6 faizi elektrik malları və mebelin, 5,9 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 18,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Qeyri-neft sənayesində məhsul istehsalı 0,3 faiz artıb
19.02.2016
Dövlət Statistika Komitəsi sənaye istehsalı haqqında məlumat yayıb. Transparency.az bildirir ki, açıqlamaya görə, 2016-cı ilin yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 2,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 3,1 faiz az sənaye məhsulu istehsal edib.
Sənaye məhsulunun 62,2 faizi mədən çıxarma sektorunda, 28,8 faizi emal sektorunda, 8,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədən sektorunda məhsul istehsalı 3,5 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 10,5 faiz, neft hasilatı isə 3,9 faiz azalıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 0,3 faiz artıb, neft sektorunda isə 3,5 faiz aşağı düşüb.
Üç nazir bəyannamə imzalayıb
19.02.2016
Fevralın 19-da Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Tbilisidə üçtərəfli görüş keçiriblər. Görüşün sonunda bəyannamə imzalanıb. Elmar Məmmədyarov, Mixail Canelidze və Mövlud Çavuşoğlunun imzaladığı bəyannamədə deyilir ki, nazirlər üç ölkə arasında yüksək səviyyəli ikitərəfli və üçtərəfli əlaqələri alqışlayır, strateji tərəfdaşlıq və siyasi dialoqun, eləcə də regional layihələrdə strateji əməkdaşlığın dərinləşdirilməsinə dair əzmlərini bir daha qeyd edirlər.
Nazirlər 17-18 fevralda Türkiyədə törədilmiş, mülki əhali və hərbi qulluqçuları hədəfə almış, 35-dən çox insanın ölümü, çoxsaylı insanın yaralanması ilə nəticələnmiş dəhşətli terror hücumlarını mühakimə ediblər. Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Türkiyə ilə sarsılmaz həmrəyliklərini bir daha təsdiqləyiblər.
Bəyannamədə vurğulanır ki, regionda mövcud olan münaqişələr sülh, sabitlik və iqtisadi inkişafa mane olur və beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında dinc yolla həll olunmasını tələb edir. Nazirlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf ərazilərindəki münaqişənin, Gürcüstanın Abxaziya və Sxinvali/Cənubi Osetiya regionundakı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, eləcə də BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamə və qərarlarına müvafiq olaraq ən tez bir müddətdə dinc yolla nizamlanmasının əlahiddə vacibliyini bir daha qeyd ediblər.
Sənəddə iqtisadi əməkdaşlıq məsələlərinə də toxunulur, Bakı-Tbilisi-Qars dəmir yolunun ən qısa müddətdə fəaliyyətə başlamasının böyük əhəmiyyəti qeyd olunur. Razılaşmaya əsasən, üç ölkənin dövlət institutları və özəl sektorunun iştirakı ilə enerji, nəqliyyat, turizm və digər sahələrə dair üçtərəfli biznes forumları təşkil ediləcək.
Dostları ilə paylaş: |