Sahibkarları qanunsuz yoxlayan MMC-nin əməkdaşları barədə materiallar prokurorluğa göndərilib
02.10.2015
İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə və hədələnmə barədə müraciəti araşdırıb. Economy.gov.az-ın məlumatına görə, araşdırmalar zamanı “VS Hüquqların Müdafiəsi Mərkəzi” MMC-nin əməkdaşlarının özlərini İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində olan qurumun nümayəndələri kimi qələmə verib sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilə etdiyi, “yoxlamanın” nəticələri ilə bağlı tədbir görülməməsi müqabilində obyekt sahiblərinə müəyyən məbləğ ödəməklə müqavilə bağlanması tələbi qoyduqları, əks təqdirdə müvafiq dövlət qurumlarına şikayətlə hədələdikləri müəyyən olunub. Bu məsələ ilə əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Rəsmi portalında yaydığı çağırışda İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarlara yoxlamaların qanunvericiliyin tələblərinə uyğun təyin edilməsinə xüsusi diqqət yetirmələrini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamış və yoxlama suallarında göstərilməmiş mövzular üzrə yoxlamalara, eləcə də özlərini yoxlayıcı dövlət orqanlarının əməkdaşları və ya yoxlayıcı dövlət orqanları ilə əməkdaşlıq edən qurumun nümayəndələri kimi təqdim edən şəxslərin istənilən yoxlamaları aparmasına imkan verməməyi tövsiyə edir. Bu cür hallarda sahibkarlardan (012) 4300306, (012) 5989501, (055) 2273107 nömrəli telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyinə və ya hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.
Dostları ilə paylaş: |