Tıxac problemini necə həll etmək olar?
08.10.2015
İqtisadçı ekspert Qubad İbadoğlu tıxac probleminin həlli yollarına dair şərh yayıb. Transparency.az-ın məlumatına görə, ekspert deyib ki, San-Marinoda hər min nəfərə 1263 maşın düşür, ABŞ-da bu göstərici 1000-ə yaxındır: “Azərbaycanda isə hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı 2015-ci il yanvarın 1-nə 117 olub. Bu ilin ilk 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana avtomobil idxalının yarıya qədər azalmasına baxmayaraq paytaxt Bakının avtomobil yollarında sıxlıq problemi qalır.
Dünyanın böyük şəhərlərinə xas olan bu problemin həlli üçün avtomobillərin bir ərazi vahidindən o birisinə daxil olmasının məhdudlaşdırılması praktikasına nadir hallarda rast gəlinir. Lakin bəzi ölkələrdə avtomobillərdə sərnişinlərin sayına məhdudiyyətlər qoyulması halları mövcuddur. Məsələn, ABŞ-ın paytaxtı Vaşinqtona iş saatlarında girib-çıxan, sərnişinlərinin sayı 2 və ya 3-dən çox olan minik maşınları üçün ayrıca hərəkət zolağı ayrılıb. Adətən bu zolaqda sıxlıq müşahidə olunmur. Bu qayda həm də ekoloji sağlamlığı təşviq edir.
Azərbaycanda da rayondan gələn minik avtomobillərinin Bakı şəhərinə daxil olmasını məhdudlaşdırmaq əvəzinə Vaşinqtondakı qaydanı tətbiq etmək yaxşı olardı. İkincisi, iş günləri ilə istirahət günlərində hərəkət tənzimlənməsi fərqli qaydalarda aparıla bilər.
Nyu-York və Vaşinqton kimi böyük şəhərlərdə istirahət və bayram günləri maşın dayanacaqlarında ödəniş haqqı alınmır. Bu da həmin şəhərlərdə hərəkətin proporsionallığına müsbət təsir göstərir.
Nəhayət, sıxlığın aradan qaldırılması məqsədilə ictimai nəqliyyatın hərəkətinin düzgün tənzimlənməsi çox vacibdir. Bunun üçün onların hərəkət marşrutlarının və dayanacaqlarının ümumi istifadə olan yollardan ayrılması təcrübəsi də tətbiq oluna bilər”.
Dostları ilə paylaş: |