Büdcə zərfinə daxil olan layihələr Milli Məclisin iclasına tövsiyə edilib
08.10.2015
2016-cı ilin büdcə zərfinə daxil olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, yaşayış minimumu, ehtiyac meyarının həddi haqqında qanun layihələri Milli Məclisin iclasında müzakirəyə tövsiyə edilib.
Oktyabrın 7-də Milli Məclisin sosial siyasət komitəsinin iclasında danışan Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, gələn il üçün qurumun gəlirləri 3 milyard 78,6 milyon manat nəzərdə tutulur, bu da cari illə müqayisədə 0,7 faiz çoxdur. Fondun xərclərinə gəlincə, gələn il üçün pensiyaçılara ödəmələr məqsədilə 2 milyard 923 milyon 588 min manat vəsait ayrılıb.
İclasda bildirilib ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün isə 117 manat məbləğində müəyyən edilir.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi isə 105 manat məbləğində nəzərdə tutulur.
Həmin gün Milli Məclisin elm və təhsil, hüquq siyasəti və dövlət quruculuğu, regional məsələlər, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, insan hüquqları, mədəniyyət komitələrinin birgə iclasında 2016-cı ilin dövlət büdcəsi layihəsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, maliyyə naziri Samir Şərifov çıxış edərək vurğulayıb ki, 2016-cı ilin dövlət və icmal büdcə layihələrinin tərtibi zamanı İqtisadiyyat və Sənaye Nazirliyinin hazırladığı makroiqtisadi proqnoz göstəricilərinə müvafiq olaraq ümumi daxili məhsulun 1,8 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə 3,4 faizlik artım surəti əsas götürülüb: “Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləğinin azalması fonunda 2016-cı ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi cari ilin gözlənilən icrası ilə müqayisədə 11,8 faiz çox artacaq. Dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları, təhsil, səhiyyə, sosial, mədəniyyət layihələrinin, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsinin maliyyə təminatı yaradılır. Pensiya təyinatı üzrə maliyyə dayanıqlığını daha da artırmaq üçün tədbirlərin görülməsi nəzərdə tutulur”.
Samir Şərifov bildirib ki, gələn ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 25,2 faiz həcmində olmaqla 14 milyard 566 milyon manat, xərclər isə ümumi daxili məhsulun 28,2 faiz həcmində olmaqla 16 milyard 264 milyon manat proqnozlaşdırılıb: “Dövlət büdcəsi xərclərinin 62,6 faizi və yaxud 10 milyard 188 milyon manatı cari xərclərə, 29,7 faizi və yaxud 4 milyard 826 milyon manatı əsaslı xərclərə, 7,7 faizi və yaxud 1 milyard 250 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.
Növbəti ildə dövlət büdcəsinin xərclərində sosial xərclərin xüsusi çəkisi 36,1 faiz səviyyəsində olacaq. Bütövlükdə dövlət büdcəsi xərclərinin azalması fonunda bu xərclər cari illə müqayisədə 42 milyon manat və yaxud 0,7 faiz artacaq və 5 milyard 868 milyon manat təşkil edəcək. 2016-cı il üçün sosial tədbirlərə büdcədən 5 milyard 139 milyon manat vəsait ayrılacaq. Bunlar da əsasən elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək. Bu isə cari ilin gözlənilən icrası ilə müqayisədə 211 milyon manat və yaxud 4,3 faiz çox deməkdir.
Qeyri-hökumət təşkilatlarına və kütləvi informasiya vasitələrinə dövlət dəstəyi olaraq maliyyə yardımı üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş səviyyədə, yəni 10,6 milyon manat səviyyəsində vəsait proqnozlaşdırılıb.
Sosial ipotekanın tətbiqinin genişləndirilməsi məqsədilə növbəti il İpoteka Fondu üçün dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılması nəzərdə tutulub”.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Dostları ilə paylaş: |