13.10.2015
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) yanvar-sentyabr ayları ilə bağlı hesabat yayıb. Transparency.az-a verilən məlumata görə, DMX 9 ayda ümumilikdə 22 470 nəfər işsiz və iş axtaran vətəndaşı münasib iş yerləri ilə təmin edib. Bu dövrdə məşğulluq orqanlarında qeydiyyata alınmış və xüsusi peşə hazırlığı olmayan vətəndaşlardan 1200 nəfərə yaxını idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə cəlb olunub.
Bu il DMX 2776 nəfər vətəndaşı kompüter istifadəçisi, bərbər, qaynaqçı, dərzi, tikişçi, dülgər, qənnadıçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.
Yanvar-sentyabr aylarında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindəki əmək birjaları vasitəsilə 3089 nəfər müvəqqəti xarakterli işlərlə təmin olunub. Onların 1675 nəfəri qadınlardır.
Dostları ilə paylaş: |