13.10.2015
Oktyabrın 13-ü Əmlak Məsələləri Dövlət Komitəsində 2015-ci ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
Emdk.gov.az-ın məlumatına görə, komitə sədri Kərəm Həsənov çıxışında qeyd edib ki, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyin təmin edilməsi məqsədilə qeydiyyat prosesində “bir pəncərə” prinsipinin tətbiqinə başlanıb, bu isə sənədləşdirmə prosesində rahatlıq, operativlik və şəffaflığın artmasına səbəb olub: “Bir pəncərə” prinsipinin tətbiqi ilə bütün sənədləşdirmə prosesi, kadastr məsələləri, çöl-ölçmə işləri, texniki inventarlaşdırma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi, torpaqların təyinatından irəli gələn tələblərə riayət olunması ilə bağlı məsələlər bir ünvanda həll olunur. Vətəndaş komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə müraciət etdikdən sonra əvvəlki prosedura əsasən tələb olunan əlavə heç bir sənədləşdirmə işi ilə məşğul olmur və buna vaxt sərf etmir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti isə vətəndaşın iştirakı olmadan elektron qaydada fəaliyyətini komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əlaqələndirməklə sənədləşdirmə işini həyata keçirir. Bununla da torpaqların ilkin qeydiyyatı zamanı bir neçə quruma müraciət etmək, uzun vaxt sərf etmək zərurəti aradan qalxıb.
Daşınmaz əmlakın qeydiyyatında çeviklik və müasirliyin artırılması məqsədilə 3 SMS xidmət istifadəyə verilib. Ümumilikdə isə komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi 31 elektron xidmət vasitəsilə hüquqi və fiziki şəxslərdən 260 minə yaxın elektron müraciət daxil olub.
Qeydiyyat sahəsində komitənin sosial tədbiri olan “Kütləvi çıxarış” kampaniyası çərçivəsində 5000-dən çox vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz edilib. Daşınmaz əmlakın qeydiyyatı sahəsində fəaliyyət göstərən mobil ofis xidmətləri vasitəsilə isə respublika üzrə vətəndaşlardan 74500-dən çox müraciət qəbul edilib”.
Müşavirədə qeyd olunub ki, 2015-ci ilin yanvar-sentyabr aylarında 540-a yaxın kiçik dövlət müəssisə və obyekti, 350-dən çox müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, keçirilmiş 37 pul hərracında 18 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. 360-dan çox qeyri-yaşayış sahəsi və 240-a yaxın torpaq sahəsi icarəyə verilib. Hesabat dövründə 3 dövlət müəssisəsi investisiya müsabiqəsi vasitəsi ilə özəl mülkiyyətə keçib.
2015-ci ilin yanvar-sentyabr aylarında 145 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.
Dostları ilə paylaş: |