Bu il 114050 ailəyə ünvanlı dövlət sosial yardımı verilib
13.10.2015
Bu ilin yanvar-sentyabr aylarında 498 min nəfər ailə üzvünü əhatə edən 114050 ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, yardımları alan ailələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz azalıb.
Aztəminatlı ailələrə ödənilən yardımların məbləği isə artıb. Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artaraq 153,18 manata çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı 237351 nəfər, o cümlədən 1 yaşadək uşaqların sayı 5726 nəfər və sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5533 nəfərdir. Bu yardımları alan ailələrin 32558-i tərkibində 3 və daha çox uşağı olanlardır.
Dostları ilə paylaş: |