Ali Məhkəmə iki məhbus siyasətçinin işini əvvəlki instansiyaya qaytardı
13.10.2015
Oktyabrın 13-də Ali Məhkəmə iki məhbus siyasətçinin – REAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun şikayətlərinə baxıb. APA-nın məlumatına görə, prosesdə çıxış edən dövlət İttihamçısı Rəsul Abbasov deyib ki, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə müdafiəçilərin bəzi vəsatətləri təmin edilməyib, bu da Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (Ədalətli mühakimə hüququ) pozulması kimi qiymətləndirilə bilər. Dövlət ittihamçısı buna görə məhkəmədən müvafiq qərar qəbul etməyi xahiş edib. Hakimin qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov və Tofiq Yaqublu barəsindəki qərarı ləğv olunub, iş həmin instansiyaya qaytarılıb.
2013-cü ildə İsmayıllı şəhərində baş verən iğtişaşlara görə tutulmuş Tofiq Yaqublu və İlqar Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsində mühakimə olunublar. Ötən il martın 17-də Tofiq Yaqubluya 5 il, İlqar Məmmədova 7 il azadlıqdan məhrumetmə cəzası kəsilib, sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsi həmin cəzaları qüvvədə saxlayıb.
Hər iki şəxs 2013-cu il fevralın 4-dən həbsdədir.
Dostları ilə paylaş: |