Milli Məclis büdcəni dəqiqləşdirmək üçün hökumətə 6 gün vaxt verdi
14.10.2015
Oktyabrın 14-də Milli Məclis “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsini başa çatdırıb. APA-Economics-in məlumatına görə, parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 6 gün vaxt verilib. Oktyabrın 20-də büdcə layihəsi səsverməyə çıxarılacaq.
2016-cı ildə dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat məbləğində nəzərdə tutulur. Layihədə dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 milyard 698 milyon manat göstərilir (Layihə).
Parlamentdə “Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında”, “2016-cı il üçün yaşayış minimumu haqqında”, “2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, habelə “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər, Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası da müzakirəyə çıxarılıb.
Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün gəlirləri 3 milyard 78,6 milyon manat nəzərdə tutulur. Fondun xərclərinə gəlincə, gələn il üçün pensiyaçılara ödəmələr məqsədilə 2 milyard 923 milyon 588 min manat vəsait ayrılıb.
Gələn il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün isə 117 manat məbləğində müəyyən edilir.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi isə 105 manat məbləğində nəzərdə tutulur.
Dostları ilə paylaş: |