Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiya iclasında cəzalar verilib
14.10.2015
Oktyabrın 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib. İclasda Ətraf Mühitin Mühafizəsi, Meşələrin İnkişafı, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi departamentləri üzrə 2015-ci il ərzində fəaliyyətin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
Müzakirələrdə nöqsanlar da qeyd olunub. Eco.gov.az-ın məlumatına görə, ətraf mühitin mühafizəsi sahəsində bir sıra ərazi idarələrinin fəaliyyətinə irad tutulub, xüsusən sənaye əhəmiyyətli şəhərlərdə yaşıllıqların qorunması və ekoloji mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin istənilən səviyyədə olmadığı bildirilib. Meşəbərpa işlərinin bəzi müəssisələrdə qənaətbəxş olmadığı və həmin müəssisələrin bu istiqamətdəki fəaliyyətində təcili dönüş yaradılması barədə tapşırıqlar verilib. Xüsusi mühafizə olunan ərazilərdə mühafizə rejiminin daha da gücləndirilməsi və gələcək illərdə ölkənin su hövzələrində, xüsusilə Xəzər dənizində bioresursların inkişafını əks etdirən proqnozların daha da təkmilləşdirilməsi ilə bağlı iradlar söylənilib.
Kollegiya iclasının qərarı ilə işlərində yol verdikləri nöqsanlara görə ərazi ekologiya və təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi və bərpası müəssisələrinin, xüsusi mühafizə olunan təbiət ərazilərinin bir neçə rəhbər işçisinə xəbərdarlıq edilib. Bir sıra ərazi ekologiya və təbii sərvətlər şöbələrinin fəaliyyəti ilə bağlı kompleks araşdırılma aparılması tapşırılıb.
Vəzifəsinin icrasında kifayət qədər prinsipiallıq göstərməyən və işində nöqsanlara yol verən Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin rəisi tutduğu vəzifədən azad olunub.
Dostları ilə paylaş: |