Nazirlik sosial xidmət müəssisələrində yaşayanların sayını açıqlayıb
14.10.2015
Bu il oktyabrın 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində stasionar şəraitdə sosial xidmət alanların sayı 1072 nəfər olub. Həmin şəxslərdən 336 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır və Bakının Şağan qəsəbəsindəki 1 saylı, Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sosial xidmət müəssisələrində tam dövlət təminatında yaşayırlar. Qalan 736 nəfər isə nazirliyin müvafiq sosial xidmət müəssisələrində daimi yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Transparency.az-a verilən məlumata görə, 9 ayda sosial xidmət müəssisələrində yaşayan şəxslərdən ümumilikdə 52 nəfər doğma ailələrinə qayıdıb.