Dövlət başçısı: “Yoxlamaların və lisenziyaların sayı kəskin şəkildə aşağı salınmalıdır”
12.10.2015
AZƏRTAC xəbər verir ki, oktyabrın 12-də Nazirlər Kabinetinin iclasında danışan prezident İlham Əliyev dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəyə qarşı təzyiqlərə baxmayaraq ötən 9 ayda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini deyib: “Bu dövrdə iqtisadiyyat 3,7 faiz, sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 10 faizdən çox, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. İlin 9 ayında inflyasiya 3,7 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,8 faiz artıb, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub”.
Dövlət başçısı sosial sahədə icra olunan layihələrdən danışarkən qeyd edib ki, ötən dövrdə ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı xeyli iş görüldüyünü deyən prezident xüsusilə ünvanlı sosial yardımın verilməsində şəffaflığın təmin edildiyini vurğulayıb və bildirib ki, indi 500 min insan, yəni 114 min ailə ünvanlı sosial yardım alır. Prezident 9 ayda ölkədə 87 min yeni iş yerinin açıldığını, bunun da 67 mininin daimi olduğunu deyib.
Ordu quruculuğu ilə bağlı mühüm işlərin görüldüyünü, bu sahənin gələn il də prioritet olacağını, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlərin görüləcəyini vurğulayan prezident təmas xəttində Azərbaycanın tam üstünlüyə yiyələndiyini, düşmənin bütün təxribatlarının qarşısının alındığını, ötən ay təmas xəttində düşmənin təxribat qrupunun məhv edildiyini, onların ağır itkilər verdiyini bildirib.
Yekun nitqində İlham Əliyev deyib ki, qlobal rəqabətlilik qabiliyyətinə görə Davos İqtisadi Forumu ölkəni 40-cı yerdə qərarlaşdırıb, bununla da Azərbaycan MDB-də birinci yerdədir: “Beynəlxalq reytinq agentlikləri də ölkəmizin reytinqlərini yüksəldib”.
Ölkədə maliyyə intizamının gücləndirilməsinin, izafi xərclərə yol verilməməsinin vacibliyini deyən dövlət başçısı bildirib ki, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalı, büdcə xərclərinin strukturuna yenidən baxılmalı və büdcə vəsaiti qənaətlə işlədilməlidir: “Sahibkarlar isə vergiləri vaxtında ödəməli, onların qarşısında əsassız ödəmələrlə bağlı tələb qoyulmamalıdır”.
Korrupsiya ilə mübarizə hallarının daha da gücləndirilməsinin, bu sahədə sistem xarakterli islahatların davam etidirilməsinin, “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsinin zəruri olduğunu deyən İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin də gücləndirilməsinin əhəmiyyətindən danışıb.
Dövlət başçısı deyib ki, ölkədə dayanıqlı inkişafın təmin olunması üçün bundan sonra da sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmalı, xarici sərmayələr daha çox qeyri-neft sektoruna cəlb olunmalı, biznes mühiti yaxşılaşdırılmalı, yoxlamaların tənzimləmə mexanizmləri hazırlanmalı, yoxlamaların və lisenziyaların sayı kəskin şəkildə aşağı salınmalıdır.
Dostları ilə paylaş: |