Xəbər bülleteni №12


Vahid reyestr işə yaramadı?



Yüklə 6,18 Mb.
səhifə11/13
tarix26.12.2016
ölçüsü6,18 Mb.
#3547
1   ...   5   6   7   8   9   10   11   12   13
Vahid reyestr işə yaramadı?

Yoxlamalar sahəsində vahid reyestri əsas gətirən hökumət rəsmiləri hər şeyin qaydasında olduğunu deyirdilər. Yoxlamalar 1 may 2011-ci ildən fəaliyyətə başlamış “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınmaqla həyata keçirilirdi. Həmçinin 2 iyul 2013-cü ildə qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun qəbul ediləndə bu sahədə problemlərin olmayacağı bildirilirdi. Ancaq görünən odur ki, bu qanun da işləməyib.

10 fəsil və 38 maddədən ibarət olan bu qanunda sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlayıcı orqanların və vəzifəli şəxslərin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələlər öz əksini tapıb. Qanunun əsas məqsədi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasıdır. Sənəddə qeyd edilir ki, müəyyən olunmuş tələblərə uyğun olmayaraq aparılan, eləcə də vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilən yoxlamaların heç bir hüquqi qüvvəsi yoxdur. Yəni ölkə ərazisində aparılan bütün növ yoxlama tədbirləri (araşdırma, müayinə, monitorinq, müşahidə, nəzarət, reyd və s.) yalnız bu qanunda nəzərdə tutulmuş hallarda və qaydada, əvvəlcədən vahid məlumat reyestrində qeydiyyatdan keçirilməklə aparılmalıdır.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, maraqların toqquşmasına görə yoxlamalarda vahid reyestr işləmədi: “Reyestr işləsəydi, yoxlamalarda ardıcıllıq olmalı idi”.

REAL seçkidən sonra təkrar seçki tələb edir

27.10.2015



Respublikaçı Alternativ (REAL) Hərəkatı noyabrın 1-də keçiriləcək parlament seçkisi ilə bağlı bəyanat yayıb. Transparency.az-ın məlumatına görə, bəyanatda deyilir ki, REAL Hərəkatı seçkidə iştiraka qərar verəndə ölkədə seçki mühitinin olmadığını, seçki institutunun sıradan çıxarıldığını, xalqın öz iradəsini azad şəkildə ifadə etməsinin mümkünsüz olduğunu vurğulamış, əsas hədəfinin, məqsədinin vətəndaşlarla təmas qurmaq olduğunu açıqlamışdı: “REAL Hərəkatının adından 17 nəfər namizədlik üçün müraciət etdi, kampaniyada 10 minə yaxın imza alındı, hər bir imza üçün 12-15 nəfərlə görüş keçirildi, 100 mindən çox vətəndaşımıza REAL haqqında əlavə məlumat verməyə nail olundu.

Qeydə alınmış namizədlərimizin dairələrində ümumilikdə 450-500 min seçici yaşayır. Cəmi 23 günlük təbliğat-təşviqat dönəmində namizədlərimiz bütün gücünü vətəndaşlarla görüşlərə, qapı-qapı gəzərək seçicilərə REAL, qeyri-qanuni həbs edilmiş sədrimiz İlqar Məmmədov, proqramımız, hədəflərimiz, ölkədə yaşanan problemlərin həlli yolları haqqında məlumat verdi. Seçki kampaniyası dövründə vətəndaşlara 120 min nüsxədən artıq çap materialı paylandı, bu da təşkilatımızın daha yaxşı tanıdılmasında mühüm rol oynadı.

Hakimiyyət məhz REAL Hərəkatından olan namizədlərin canlı yayımda fərqli üslub, dil, yanaşma ortaya qoya biləcəyini, REAL-ın daha çox tanınacağını nəzərə alaraq pulsuz efir vaxtının verilməsindən imtina etdi.

REAL Hərəkatı seçkidə iştirakla bağlı verdiyi qərarda qarşısına qoyduğu məqsədlərə çatdığını, ölkədə seçki mühitinin, seçki institutuna vətəndaşların inamının olmadığını, indiki şərtlərlə formalaşacaq parlamentin xalqın iradəsini əks etdirməyəcəyini bəyan edir”.

1 noyabrda keçiriləcək seçkinin nəticələrini tanımayacağını bəyan edən REAL siyasi məhbusları azadlığa buraxmağa, ölkədə azad və rəqabətli siyasi mühit yaradılmasına, qeydə alınmış hər bir namizədə pulsuz efir vaxtının verilməsi üçün qanunvericilikdə dəyişikliklər edilməsinə, bütün bunlardan sonra 2016-cı ildə Azərbaycanda təkrar parlament seçkisi keçirməyə çağırır.

REAL Hərəkatı 2008-ci ildə yaradılıb. Təşkilatın lideri İlqar Məmmədov 2013-cü ildə İsmayıllıda hökumət əleyhinə iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrum edilib.

1 noyabr seçkisində REAL-dan 10 şəxsin deputatlığa namizədliyi qeydə alınıb. Onların arşında iqtisadçılar Natiq Cəfərli, Hafiz Babalı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azər Qasımlı, hüquqşünaslar Vəfa Rüstəm, Ramil Süleymanov,  informasiya texnologiyaları mütəxəssisi Şadiman İsmayılov və başqaları var.

Polşada hakimiyyətə gələnlər nə vəd edir?

27.10.2015


Polşanın Dövlət Seçki Komissiyası oktyabrın 25-də keçirilmiş parlament seçkisinin nəticələrini açıqlayıb. Transparency.az xəbər verir ki, millətçi mühafizəkarların Hüquq və Ədalət Partiyasının 37,6% səslə Seymdə yerlərin çoxuna sahib çıxdığı, hökumət qurmaq səlahiyyəti qazandığı bəyan olunub.

Hüquq və Ədalət Partiyasına 2010-cu ilin aprelində təyyarə qəzasında həlak olmuş mərhum prezident Lex Kaçinskinin əkiz qardaşı Yaroslav Kaçinski rəhbərlik edir. Qurumun baş nazirliyə namizədi xanım Beata Şidlodur.

Beata Şidlo 1963-cü ildə Osvensim şəhərində doğulub. Krakovdakı Yaqellon Universitetini etnoqrafiya ixtisası üzrə bitirib, daha sonra fəlsəfə, tarix, mədəniyyət meneceri, ərazi idarəetmə üzrə aspirantura təhsilləri alıb. 2005-ci ildən Hüquq və Ədalət Partiyasının üzvüdür, sədrin müavinidir.

Hüquq və Ədalət Partiyasının əsas hədəfləri ölkədə pensiya yaşının endirilməsi (hazırda 67-dir), hər uşağa görə ayda 120 avro əlavə ödəniş verilməsi, vergi tutulmayan minimum maaş məbləğinin artırılmasıdır.

Dünya Səhiyyə Təşkilatı əti alkoqol və siqaretlə bir tutan məruzə yayıb

27.10.2015



Dünya Səhiyyə Təşkilatı emal olunmuş ətləri – bekon, vetçina, kolbasa və sosiskaları ürək-damar və onkoloji xəstəliklər yarada biləcək potensial təhlükəli ərzaqların siyahısına daxil edib. Təşkilatın iddiasına görə, ətdən hazırlanmış bu məmulatların insan orqanizminə vurduğu zərər alkoqol, siqaret və asbestlə müqayisə oluna bilər.

Risk qrupunda ikinci yeri qırmızı ətdən – mal, qoyun və donuz ətindən hazırlanan yeməklər tutur. Quş və balıq əti bura aid deyil.

Dünya Səhiyyə Təşkilatı əməkdaşlarının 34 mindən çox xəstəlik tarixçəsini tədqiq edərək hazırladıqları məruzədə qeyd olunur ki, gündə qəbul edilən 50 qram qırmızı və ya emal edilmiş ət bağırsaq xərçənginin inkişafı riskini 18 faizədək artırır.

Xəbəri AZƏRTAC “Euronews” telekanalına istinadla yayıb.

Sahibkarlar prezidentə təşəkkür etdi

27.10.2015



Oktyabrın 27-si Bakı Biznes Mərkəzində “Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar” mövzulu konfrans keçirilib. Economy.gov.az-ın məlumatına görə, tədbirdə çıxış edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev prezident İlham Əliyevin son zamanlar imzaladığı sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına verilən böyük dəstəyin göstəricisi olduğunu vurğulayıb.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov çıxışında prezidentin bu günlərdə imzaladığı “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanından söz açıb. O deyib ki, fərmanla bütün xüsusi razılıqları İqtisadiyyat və Sənaye Nazirliyi “ASAN xidmət” mərkəzlərində verəcək: “İqtisadiyyat və Sənaye Nazirliyi lisenziyaların sayının azaldılmasına və prosedurların sadələşdirilməsinə dair təkliflər hazırlayır. Eyni zamanda həm normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həm də texniki-təşkilati istiqamətlər üzrə işlər aparılır, “ASAN xidmət” mərkəzlərində sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlarına müvafiq treninqlər keçirilir.

Noyabrın 2-dən müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbuluna başlanacaq. Növbəti mərhələdə isə yeni fəaliyyətə başlamaq istəyən sahibkarlara lisenziyaların verilməsi ilə bağlı müraciətlərin qəbulu nəzərdə tutulur. Yaxın aylarda həmçinin “Elektron lisenziya” portalı işə düşəcək və bununla da sahibkarlara lisenziyaların və digər sənədlərin verilməsi prosesi tamamilə elektronlaşdırılacaq”.

Sahib Məmmədov sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsi kimi tədbirlərin özəl bölməyə dövlət dəstəyi tədbirlərindən olduğunu və ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşmasına xidmət edəcəyini vurğulayıb.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, ki, 2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılmasına dair qanun ölkədə sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək, qanunsuz müdaxilələrin aradan qaldırılmasına xidmət edəcək.

Konfransa qatılan sahibkarlar prezident İlham Əliyevə müraciət qəbul ediblər. Müraciətdə dövlət başçısının təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, eləcə də gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsi barədə fərmanlar sahibkarlığın inkişafı baxımından inqilabi addım kimi qiymətləndirilir, prezidentə minnətdarlıq bildirilir.

Küveyt gəlirinin 60%-ni itirdi

27.10.2015



Dünya bazarında neftin qiyməti düşdüyünə görə Küveytin dövlət büdcəsinə daxilolmalar 60% azalıb. Novator.az xəbər verir ki, bunu Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah oktyabrın 27-də parlamentdə açıqlayıb.

Küveyt əmiri bildirib ki, belə bir vəziyyətdə iqtisadi islahatlar aparılmalı, dövlət xərcləri azaldılmalı, qısa vaxtda fövqəladə tədbirlər görülməlidir.

2015-ci ilin iyulunda Küveyt parlamenti son 16 ildə ilk dəfə olaraq 2016-cı ilin dövlət büdcə layihəsini 23 milyard 200 milyon dollar kəsirlə qəbul edib. Buna səbəb neftin ucuzlaşmasıdır.

Küveytin əsas gəliri neft ixracatındandır. Amma 548 milyard dollar ehtiyatı olduğuna görə neftin ucuzlaşması bu ölkədə kəskin böhran təhlükəsi yaratmır.

Türkiyə seçki ərəfəsində: kimin səsi nə qədərdir?

27.10.2015



Türkiyənin nüfuzlu KONDA araşdırma şirkəti 1 noyabr parlament seçkisi ərəfəsində son rəy sorğusunun nəticələrini açıqlayıb. Transparency.az xəbər verir ki, respondentlərin rəyi ilə seçki yarışının əsas iştirakçıları belə sıralanıb:

Ədalət və İnkişaf Partiyası — 40,9%,

Cümhuriyyət Xalq Partiyası — 30,4%,

Milliyyətçi Hərəkat Partiyası — 14,3%

Xalqların Demokratik Partiyası — 11,8%.

Bu il iyunun 7-si Türkiyədə yeni parlament seçilib. Hakim Ədalət və İnkişaf Partiyası bu dəfə 550 yerlik parlamentə 258 deputat keçirib. Partiya 40,9% faiz səs toplayıb.

7 iyun seçkisində Cümhuriyyət Xalq Partiyası 25% səslə 132 deputat yeri götürüb, Milliyyətçi Hərəkat Partiyası (16,3%) və Xalqların Demokratik Partiyası (13,1%) hərəyə 80 mandat alıblar.

Hökumət qurmaq mümkün olmadığına görə Türkiyə yeni seçkiyə getməli olub.

Prezident ipoteka kreditləşməsi ilə bağlı fərman verib

28.10.2015



Prezident İlham Əliyev oktyabrın 27-də “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına fərman verib. Transparency.az-ın məlumatına görə, fərmanın preambulasında qeyd olunur ki, son illər ipoteka kreditlərinə çıxış artıb, 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilib, amma əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmir.

Dövlət başçısı “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılmasını gənc və aztəminatlı ailələrin əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanlarını asanlaşdırmaq, ipoteka kreditləşməsi sistemini təkmilləşdirmək, sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı işləri sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək zərurəti ilə əsaslandırıb.

Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə yaradılan ASC-nin səhmləri dövlətə məxsusdur. ASC Azərbaycan İpoteka Fondunun hüquqi varisidir və onun bütün hüquq və öhdəliklərinə, habelə əmlakına sahib durur.

“Azərbaycan İpoteka Fondu” ASC Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı işləri yerinə yetirir.

Cəmiyyətdə müşahidə şurası, idarə heyəti və təftiş komissiyası yaradılır. İdarə heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan prezidenti həyata keçirir.

ASC-nin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, təmir edilmiş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilir.

2005-2015-ci illər ərzində dövlət büdcəsindən Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fonduna ayrılmış vəsaitlər cəmiyyətin nizamnamə kapitalına aid edilir.

Nazirlər Kabineti ASC-də səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən qurumlar barədə təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

Hökumətə çoxmənzilli binaların tikintisi üçün tikintiyə icazələrin verilməsi, həmin binaların istismarına icazə verilməsi, habelə yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlamaq da tapşırılıb.

Bir ay ərzində ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tələbin yönəldilməsi mexanizminin, o cümlədən hərracların keçirilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər də hazırlanıb prezidentə təqdim olunmalıdır.

Nazirlər Kabineti ASC-nin nizamnaməsini və müşahidə şurasının tərkibini bir ay müddətində prezidentlə razılaşdıraraq təsdiqləməlidir.

ASC-nin vəsaiti hesabına ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi, orta bazar qiymətinin müəyyən edilməsi qaydaları da bir ay müddətində təsdiq olunmalıdır.

8 il əvvəl yaradılmış dövlət agentliyinə rəhbər təyin edilib

28.10.2015



Prezident İlham Əliyev Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə direktor təyin edib. Oktyabrın 27-də imzalanmış sərəncamla bu post Zaur Əliyevə verilib.

Transparency.az bildirir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması haqqında prezident sərəncamı 27 dekabr 2007-ci ildə imzalanıb. Sərəncamda bu qurumun yaradılması səhiyyə sisteminin idarə olunmasını təkmilləşdirmək, əhaliyə tibbi yardım göstərilməsi mexanizmini müasir tələblərə uyğunlaşdırmaqla səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdırmaq, icbari tibbi sığorta sisteminin tətbiqinə başlamaq məqsədilə əsaslandırılıb.

“Marja” xəbər verir ki, Zaur Əliyevin 34 yaşı var, Böyük Britaniyada mühasibat və maliyyə üzrə bakalavr təhsili alıb, həmin ölkədə, Azərbaycanda, Qazaxıstanda audit mütəxəssisi kimi çalışıb, “PAŞA Sığorta” şirkətində idarə heyəti sədrinin birinci müavini olub.

Dünya Bankı Qrupu biznes reytinqini açıqladı: Azərbaycan neçənci yerdədir?

28.10.2015

Dünya Bankı Qrupu biznes mühitini qiymətləndirən “Doing Business-2016” hesabatını açıqlayıb. Transparency.az xəbər verir ki, Azərbaycan 189 ölkə arasında 63-cü yerdədir.

Ötən ilki hesabatla müqayisədə Azərbaycan islahat indikatorunda bir bal irəliləyib. Azərbaycanın mövqeyinin yaxşılaşması əsasən biznesə başlama, tikinti üçün icazələrin alınması və kiçik investorların müdafiəsi kimi üç sahədə aparılan islahatlarla izah olunur. Hesabata görə, il ərzində Azərbaycan dünyada üç və daha artıq islahatı həyata keçirmiş 26 ölkə arasında yer alır.

Qeyd olunur ki, Azərbaycan korporativ möhürlərin istifadəsi ilə bağlı tələbi ləğv etməklə biznesə başlamanı asanlaşdırıb. Biznesə başlama müddəti 5 gündən 3 günə qədər azalıb.

Hesabata görə, Azərbaycan layihə sənədlərinin ilkin təsdiqlənməsini həyata keçirmək üçün “bir pəncərə” sistemini formalaşdırmaqla tikintiyə icazələrin verilməsini daha da asanlaşdırıb, anbarların tikintisi üzrə prosedurların sayı isə 24-dən 18-ə endirilib.

O da bildirilir ki, Azərbaycan əlaqəli tərəflərlə əməliyyatların xarici qiymətləndirilməsinin aparılması və bitərəf səhmdarlar tərəfindən təsdiqlənməsi ilə bağlı tələbləri tətbiq etməklə kiçik investorların müdafiəsini gücləndirib.

Hesabatda Azərbaycan biznesə başlama indikatoru üzrə 189 ölkə arasında 7-ci yerdə qərarlaşır. Hesabata görə, Azərbaycan əmlakın qeydiyyatı sahəsində də qabaqcıl təcrübəni tətbiq edir. Əmlakın ötürülməsinin qeydiyyatı orta hesabla 8,5 gün çəkir. Dünyada bunun orta göstəricisi 48 gündür.

Tikinti üçün icazələrin alınması (114-cü yer) və elektrik enerjisinə çıxış (110-cu yer) indikatorlarında isə Azərbaycan geridədir. Qlobal göstərici (160 gün) ilə müqayisədə ölkədə anbar tikintisi üçün icazə 203 gün vaxt aparır.

Azərbaycan ədliyyə infrastrukturun qiymətləndirilməsi, məhkəmə sistemində avtomatlaşdırmanın səviyyəsi, mübahisələrin alternativ həlli mexanizmləri və hüquqi işlərin idarə olunması indikatorlarında da geridə qalır.

Biznes mühitinin ümumi reytinq cədvəlində ilk üçlükdə Sinqapur, Yeni Zelandiya, Danimarka qərarlaşır. Siyahını Cənubi Sudan, Liviya və Eritreya qapadır.

Reytinq cədvəlində Azərbaycana qonşu dövlətlərdən Gürcüstan 24-cü, Ermənistan 35-ci, Rusiya 51-ci, Türkiyə 55-ci, İran 118-cidir (Reytinq).

İnternet azadlığı indeksi bəlli olub

28.10.2015




“Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı 2015-ci il üzrə internet azadlığı indeksini (Hesabat) açıqlayıb.

Novator.az xəbər verir ki, təşkilatın hesabatında internet azadlığının qiymətləndirilməsi zamanı ölkələr 3 qrupa bölünüb: internetin azad olduğu ölkələr, qismən azad olduğu ölkələr, azad olmadığı ölkələr.

Azərbaycan internetin qismən azad olduğu ölkələr sırasındadır. Qiymətləndirmədə Azərbaycanla Zimbabveyə eyni bal (56 bal) verilib. İnternetin qismən azad olduğu ölkələrdən Liviya 54, Venesuela 57, Türkiyə 58 bal toplayıb.

İnternetin azad olmadığı ölkələr sırasında Qazaxıstan (61 bal), Rusiya (62 bal), Belarus (64 bal), Özbəkistan (78 bal) da var. Bu sırada ən pis bal toplayanlardan biri Çindir – 88 bal.

İnternetin azad olduğu ölkələr arasında keçmiş SSRİ məkanından Estoniya (7 bal), Gürcüstan (24 bal) və Ermənistanın (28) adları var.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi açılıb

28.10.2015


AZƏRTAC xəbər verir ki, oktyabrın 28-də Abşeron rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimi olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilmiş hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunmuş suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir.

Kompleksdə emal olunan su istehlakçılara Ceyranbatan-Zirə magistral kəməri ilə ötürülür. Kəmərin 61 kilometrlik Ceyranbatan-Balaxanı-Ramana-Qala hissəsinin tikintisi 2013-cü ildə, 22,5 kilometrlik Qala-Zirə hissəsinin tikintisi isə 2014-cü ildə başa çatdırılıb. Əsasən Abşeron yarımadasının qəsəbə və kəndlərinin su təchizatına hesablanmış Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəməri ilə ötürülən suyun səmərəli paylanması, bu ərazilərdə əhalinin fasiləsiz su təminatına nail olunması üçün kəmərin marşrutu boyunca tutumu 90 min kubmetr olan Saray, Balaxanı, Ramana, Qala və Zirə anbarları tikilib. Gələcəkdə Masazır və Binəqədidə yeni anbarların tikilməsi, eləcə də mövcud anbarların genişləndirilməsi nəzərdə tutulur, bunun nəticəsində 200 min kubmetrdən artıq su ehtiyatı yaradılacaq.

Dövlət başçısı kompleksi işə salıb, açılış mərasimində çıxış edib.

Vergi Apellyasiya Şurasında şikayətlərə baxılıb

28.10.2015



Vergi Apellyasiya Şurasında fiziki şəxs Rüstəmov Tofiq Qaçay oğlunun gəlir vergisi üzrə kameral qaydada hesablanmış əlavə verginin ləğv edilməsi barədə təkrar şikayətinə baxılıb. Xəbəri Vergilər Nazirliyinin analitik-informasiya şöbəsi yayıb.

Araşdırma zamanı məlum olub ki, Bakı Vergilər Departamentində qeydiyyatda olan Rüstəmov 21 fevral 2013-cü ilə 78370 manata əldə etdiyi mənzili həmin ilin oktyabr ayının 31-də 117 675 manata satıb, lakin 2013-cü ilin müvafiq dövrü üzrə vergi bəyannaməsini vergi orqanlarına təqdim etməyib. Hesabat dövrü üzrə vergilərin hesablanmasında kənarlaşma yarandığından departament müvafiq vergi hesablayıb.

Rüstəmovun əlavə vergi məbləğinin ləğv edilməsi barədə şikayətləri Bakı Vergilər Departamenti və Vergilər Nazirliyində təmin edilməyib.

Apellyasiya Şurasında aparılmış araşdırmalara əsasən, vergi ödəyicisinin təkrar şikayətində və vergi orqanına təqdim edilən izahatında, həmçinin şuranın iclasında öz mövqeyini sübut etmək üçün heç bir tutarlı əsas gətirmədiyi, notariat kontorundan əldə edilən məlumatlara əsasən alğı-satqı sənədində rəsmi olaraq daşınmaz əmlakın 78370 manata alındığı, həmin əmlakın 117675 manata təqdim edildiyi, mənzili alarkən 22000 manat beh olaraq verməsi ilə bağlı hər hansı təsdiqedici sənədlərin araşdırmaya təqdim edilmədiyi, habelə bu cür gəlirin fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərə aid olduğu təsdiqlənib. Beləliklə, təkrar şikayət təmin olunmayıb.

Rəsmi məlumata görə, Vergi Apellyasiya Şurasında fiziki şəxs Sadıqov Anar Telman oğlunun Vergilər Nazirliyinə ünvanlanmış ödəmə mənbəyində tutulan vergi üzrə kameral qaydada hesablanmış əlavə verginin ləğv edilməsi barədə təkrar şikayətinə də baxılıb. Şikayət haqlı hesab edilib, əlavə hesablanmış verginin ləğv edilməsi barədə qərar çıxarılıb.

Evlərində sosial-məişət xidməti ilə təmin olunan şəxslərin sayı açıqlanıb

28.10.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatına görə, rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri 12 350 nəfər tənha ahıl və əlil vətəndaşı evlərində (səyyar) sosial-məişət xidməti ilə təmin edir. Onlardan 9974 nəfəri qadınlar, habelə 1007 nəfəri 70 yaşdan yuxarı olan tənha ahıl vətəndaşlardır.

Hazırda sosial məişət xidməti göstərilənlərin 7851 nəfəri şəhər və qəsəbələrdə, digərləri kənd yerlərində yaşayan şəxslərdir. Sosial işçilər həftədə iki dəfədən az olmayaraq tənha ahıl və əlil şəxslərin evlərinə gedir, ev təsərrüfatlarında təmizlik və abadlıq işlərinin aparılması, yemək hazırlanması, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə onlara xidmətlər göstərirlər.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Cakartada çıxış edib

28.10.2015


İndoneziyanın paytaxtı Cakartada İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin üçüncü konfransı keçirilir. Tədbirə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti də qatılıb.

Nazirliyin 28 oktyabr məlumatına görə, əmək nazirlərinin üçüncü konfransına hazırlıq mərhələsi kimi yüksək səviyyəli rəsmilərin iclası olub. Azərbaycan nümayəndə heyətinin üzvü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə iclasda çıxış edib. Qlobal əmək bazarında vəziyyətin kifayət qədər kövrək olaraq qaldığını qeyd edən Əlizadə Beynəlxalq Əmək Təşkilatının hələ 2013-cü ilə dair statistikasına görə, dünyada 202 milyon nəfər işsiz insan, o cümlədən 74,5 milyon nəfər işsiz gənc olduğunu, gənclər arasında işsizlik səviyyəsinin 13,1% təşkil etdiyini bildirib: “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə həm ümumi əhali, həm də gənclər arasında məşğulluq səviyyəsi dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə xeyli aşağıdır. Hələ 2012-ci ildə gənclər arasında işsizlik səviyyəsi dünya üzrə 12,6 faiz olduğu halda İƏT ölkələri üzrə 15,6 faiz təşkil edib”.

Azərbaycan əhalisinin 28%-nin gənclərdən ibarət olduğunu qeyd edən Əlizadə gənclərin məşğulluğunun ölkə üçün aktual olduğunu diqqətə çatdırıb: “Aparılan uğurlu siyasət ümumi işsizlik səviyyəsinin Azərbaycanda 4,9 faizə enməsinə səbəb olub. Bu göstərici 15-29 yaşda gənclər arasında 9,9 faiz, 15-24 yaşda olan şəxslər arasında isə 13,5 faiz təşkil edir, bu da dünya üzrə müvafiq göstəricilərdən aşağıdır”.

İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin dövlətlərin davamlı iqtisadi artımına mənfi təsir göstərdiyini nəzərə çatdıran Əlizadə qeyd edib ki, görülən tədbirlər nəticəsində 2015-ci ilin 9 ayı ərzində Azərbaycanda istehsalatda bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,5% azalıb.

Norveçin neft-qaz nəhəngi 330 milyon dollar ziyana düşüb

28.10.2015



Norveçin “Statoil ASA” neft-qaz şirkəti öz investisiyalarını ixtisar edib və cari layihələrini dondurub. Novator.az xəbər verir ki, buna dünyada neftin ucuzlaşması ilə əlaqədar üçüncü rübün yekunlarına dair bədbin proqnozlar səbəb olub.

Norveçin neft paytaxtı Stavenger şəhərində yerləşən “Statoil ASA” şirkəti 2015-ci il üçün planlaşdırılmış investisiyaları 1 milyard dollar azaldaraq 16 milyard yarıma endirib. Şirkət “Aasta Hansteen” və “Mariner” platformalarında neft hasilatına başlama vaxtını da 2017-ci ildən 2018-ci ilin ikinci yarısına keçirib.

Məlumatlara görə, şirkətə bu ilin üçüncü rübündə 330 milyon dollar ziyan dəyib.

Müsavat Partiyası 1 noyabr seçkisindən çıxdı

28.10.2015

Müsavat Partiyasının Divanı oktyabrın 28-də növbədənkənar iclas keçirərək 1 noyabr parlament seçkisi ilə bağlı yekun qərar verib. Transparency.az-ın məlumatına görə, Divanın qərarı barədə rəsmi açıqlamada deyilir:

- Müsavat Partiyasının Məclisi 29 avqust 2015-ci il toplantısında demokratiya uğrunda siyasi mübarizənin davamlılığının təmin edilməsi, seçki kampaniyasının verdiyi minimum imkanlardan istifadə edərək xalqla təmasların artırılması, cəmiyyətin avtoritarizmə qarşı müqavimət gücünün qorunub saxlanması və artırılması, bu dövrdə yol verilən qanun pozuntuları və saxtakarlıqların miqyasının yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması məqsədi ilə 1 noyabr parlament seçkisində iştirak barədə qərar qəbul etdi. Bu qərar qəbul edilərkən seçki kampaniyasının müxtəlif mərhələlərində seçkilərdə iştirak məsələsinin yenidən müzakirə edilməsi tövsiyə olunmuşdu.

Müsavat Partiyasının Divanı 10 oktyabr növbədənkənar iclasında bu məsələni bir daha müzakirəyə çıxararaq hakimiyyət qarşısında azad və ədalətli seçkilərin keçirilməsi prinsiplərinin pozulması hallarının aradan qaldırılması üçün təkliflər vermiş, siyasi məhbusların azadlığa buraxılması, namizədlərə pulsuz efir vaxtının ayrılması kimi zəruri tələblər irəli sürmüş, seçkidə iştirakla bağlı məsələyə bilavasitə seçki ərəfəsində yenidən baxılması haqda qərar qəbul etmişdi.

Divan 28 oktyabr növbədənkənar iclasında qeyd edilənləri açıq toplantısında müzakirə edərək siyasi məhbusların həbsdən azad edilmədiyini; seçki qanunvericiliyində demokratik islahatların aparılmadığını; seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında olduğunu; namizədlər arasında ayrı-seçkiliyə yol verildiyini; Müsavat Partiyasının çox sayda namizədinin qeydiyyatından əsassız imtina edildiyini, namizədliyin irəli sürülməsi, imza toplanması, namizədlərin qeydə alınması dövründə namizədlərə, imza toplayan şəxslərə və müxalifət namizədlərinin xeyrinə imza verən seçicilərə qarşı qanunsuzluqlar və zorakılıqların törədildiyini; bərabərhüquqlu təbliğat imkanlarının yaradılmadığını; müstəqillik tariximizdə ilk dəfə olaraq namizədlərə və siyasi partiyalara pulsuz efir vaxtının verilməməsi səbəbindən ictimai debatların olmadığını; ATƏT-in müşahidə missiyasının ölkəyə buraxılmadığını; müxalifətdən olan namizədlərin seçki məntəqələrinə məşvərətçi səs hüquqlu komissiya üzvü və müşahidəçilər təyin etməsinin qarşısının qeyri-qanuni alındığını; seçki kampaniyası dövründə MSK və dairə seçki komissiyalarının, apellyasiya məhkəmələri və Ali Məhkəmənin verdikləri qanunazidd qərarların davam etdiyini; seçkilərin azad və ədalətli keçiriləcəyinə heç bir etimadın qalmadığını əsas götürərək bu mərhələdə avtoritarizmə qarşı mübarizə imkanlarının əsasən tükəndiyini bəyan edir və qərara alır:

1. Müsavat Partiyası 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkisində iştirakını dayandırsın.

2. Siyasi məhbusların azad edilməməsi, azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühit yaradılmaması, seçki komissiyalarının hakimiyyətin nəzarəti altında qalması, bərabərhüquqlu təbliğat imkanlarının təmin edilməməsi, ictimai diskussiyaların təşkil edilməsi məqsədi ilə pulsuz efir vaxtının ayrılmaması şəraitində keçirilən seçkilərin nəticələrinin həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacağını vurğulayaraq Müsavat Partiyasının Divanı adından hakimiyyətdən parlament seçkisinin təxirə salınaraq 4 ay sonraya təyin olunması tələb edilsin.

3. Qərardan irəli gələn məsələlərin həlli Müsavat Partiyası Mərkəzi İcra Aparatına tapşırılsın.

Transparency.az bildirir ki, qərar qəbul olunarkən Divan üzvlərindən əleyihinə səs verən olmayıb, 1 nəfər bitərəf qalıb.

Parlament seçkisi 125 dairə üzrə keçiriləcək. Müsavatın 25 namizədi qeydə alınıb.

Seçki yarışına daha 23 siyasi partiya (Yeni Azərbaycan Partiyası, Milli İstiqlal Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Sosial Demokrat Partiyası, Xalq Partiyası, Ədalət Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Siyasi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və s.) qatılıb.

Tikintiyə icazəni necə asanlaşdırmalı?

28.10.2015





Yüklə 6,18 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin