Gömrükdə yeni qaydaların detalları
29.10.2015
Azərbaycan prezidentinin gömrük sahəsində nəzarəti yüngülləşdirən 22 oktyabr fərmanına görə, fiziki şəxslər xaricdən şəxsi ehtiyacları üçün 10 min dollarlıq, onu müşayiət edən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə isə əlavə 2 min dollarlıq malı ölkəyə ödənişsiz gətirə bilər. Əvvəlki qaydaya əsasən, ölkə vətəndaşları xaricdən 1500 dollarlıq malı ödənişsiz gətirə bilərdilər.
Fins.az saytı gömrükdə yeni qaydaları şərh edib. Şərhdə qeyd olunur ki, yeni qaydalar xaricdən ölkəyə ən müxtəlif malların ödənişsiz gətirilməsinə şərait yaradır: “Bu qərardan sonra indiyədək vergisiz gətirilməsi mümkün olmayan mallar da ödənişsiz gətirilə biləcək. Məsələn, mebel dəstləri, kompüterlər və digər elektron cihazlar, fotoaparatlar, kameralar, xəz geyimləri, məişət texnikası. Bu əşyaların qiyməti adətən 1500 ABŞ dollarından yüksək olduğuna görə indiyədək onları ölkəyə gətirmək üçün rüsum ödəmək lazım gəlirdi, bəzi hallarda isə vətəndaşlar bu rüsumları da nəzərə alaraq malın baha başa gəldiyini hesablayır və onları xaricdən gətirmək fikrindən daşınırdı. İndi isə qiyməti 10 min manata qədər olan bütün əşyaları – avtomobillər və aksizli məhsullardan başqa – ödənişsiz gətirmək mümkün olacaq.
Amma məbləğin artması ilə məsələ bitmir. Xaricdən gələn vətəndaşı ödənişsiz buraxmaq üçün onun özü ilə gətirdiyi malların doğrudan da şəxsi istifadə üçün lazım olduğu müəyyənləşməlidir. Dövlət Gömrük Komitəsindən Fins.az-a verilən məlumata görə, gətirilən malların şəxsi istifadə üçün lazım olması Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 saylı qərarına əsasən müəyyən edilir. Həmin qərara əsasən, gömrük sərhədindən gətirilən malların təyinatı müəyyən ediləndə fiziki şəxsin səfərinin bütün halları nəzərə alınır, malların fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün gətirildiyi yəqinləşdirilir, onların xassələri və miqdarı nəzərə alınır. Bundan başqa mal gətirən şəxsin sərhəddən mal keçirməsinin mütəmadiliyi də nəzərə alınır. Yəni dəqiqləşdirilir ki, bu şəxs nə qədər tez-tez mal gətirir. Gətirilən malın doğrudan da şəxsi istifadə üçün nəzərdə tutulduğu dəqiqləşəndən sonra onların ödənişsiz ölkəyə buraxılmasına icazə verilir.
Nazirlər Kabinetinin adı çəkilən qərarına görə, fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 ədəd eyni və eynicinsli malı bu güzəştli qaydada, yəni ödənişsiz gətirə bilər. Dövlət Gömrük Komitəsi bildirir ki, bu əşyalar müxtəlif ola bilər – məsələn, iki kostyum və ya iki digər geyim, cihaz və s. Amma yaxın vaxtlarda bu qaydaların da dəyişməsi gözlənir. Prezidentin 22 oktyabr fərmanında Nazirlər Kabinetinə tapşırılıb ki, 3 ay müddətində normativ hüquqi aktlarını fərmana uyğunlaşdırsın. Deməli, 305 saylı qərara da dəyişiklik ediləcək.
Xaricdən mal gətirənlər bəzi nüansları nəzərə almalı olacaqlar. Birincisi, gətirilən malın qiymətini göstərən sənədin olması vacibdir. Bu – mağazada verilən qəbz, alğı-satqı müqaviləsi, ümumiyyətlə pulun ödənilməsini təsdiq edən sənədlər ola bilər. Gömrük orqanları malın qiymətini məhz belə müəyyən edirlər.
İkincisi, mal gətirənlər nəzərə almalıdırlar ki, malın üstündəki və ya qəbzdəki qiymət malın gömrük dəyəri sayılmır. Gömrük dəyəri dedikdə malın təkcə alış qiyməti yox, onun Azərbaycan sərhədinədək çatdırılması üçün çəkilən xərclərin məcmusu başa düşülür. Məsələn, biz Türkiyədən, İstanbuldan 5 min manata mebel dəsti alıb Azərbaycana gətirmək istəyirik. Təbii ki, onun daşınması üçün yük avtomobilinə vəsait (tutaq ki, 500 manat) ödənilir, üstəlik, mal yolda baş verə biləcək hadisələrdən sığortalanır (tutaq ki, 50 manat) ödənilir. Belə olanda Azərbaycanın sərhədində malın gömrük dəyəri 5 min manat yox, 5 min 550 manat (5 min manat + 500 manat + 50 manat) olacaq”.
Ötən ay ən ucuz mənzil Xırdalanda, ən bahası Nəsimi rayonunda qeydə alınıb
29.10.2015
“MBA Group” konsaltinq şirkəti Bakıda yeni tikilən yaşayış binalarındakı mənzillərin sentyabr ayında qeydə alınmış qiymətlərini araşdırıb. Şirkətdən Transparency.az-a verilən məlumata görə, ən aşağı qiymət Xırdalanda ümumi sahəsi 104 kvadratmetr olan 2 otaqlı mənzildə qeydə alınıb: bir kvadratmetrə 400 dollar istəyiblər.
Ən bahalı mənzil isə Nəsimi rayonunda təklif edilib. Cavanşir (keçmiş Qaqarin) körpüsü yaxınlığında 264 kvadratmetr sahəsi olan 5 otaqlı tam təmirsiz mənzilin kvadratmetrinin ilkin qiyməti 3200 dollar göstərilib.
Avropa İttifaqının Belarus sanksiyaları dayandırıldı
29.10.2015
Avropa İttifaqı Belarusun 170 vətəndaşına sanksiyaları dörd aylığa dayandırıb. Novator.az xəbər verir ki, qərar 3 hüquqi şəxsə də şamil olunub.
Bir neçə ildir tətbiq olunan sanksiyalar Belarusda demokratiyanın boğulmasına görə məsuliyyət daşıyan hakimiyyət mənsublarının Avropa İttifaqının 28 ölkəsinə girişinə qadağanı, həmin şəxslərin Avropa İttifaqı zonasındakı hesablarının dondurulmasını nəzərdə tutur.
Son vaxtlar Belarusda 6 siyasi məhbus əfv olunub. Bu amil, eləcə də rəsmi Minskin Rusiya ilə Ukrayna arasında münaqişəsinin dinc yolla həllində fəallığı Avropa İttifaqının bu ölkəyə münasibətini yumşaldıb.
Mərkəzi hakimiyyət orqanları rəhbərlərinin noyabr ayında qəbul cədvəli
29.10.2015
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin noyabr ayında şəhər və rayonlarda vətəndaşları hansı gün qəbul edəcəyi acılanıb.
CƏDVƏL
Səlim Müslümov əmək nazirlərinin beynəlxalq konfransında çıxış edib
29.10.2015
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İndoneziya paytaxtı Cakartada İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin üçüncü konfransında çıxış edib. O, Azərbaycan hökumətinin əhalinin layiqli həyat səviyyəsinin təmin olunması, məşğulluğun artırılması, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətlərində məqsədyönlü tədbirləri davam etdirdiyini vurğulayıb: “Son 12 ildə Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi 180 milyard dollar təşkil edib, strateji valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyərək 50 milyard dollara çatıb. Ölkədə 1 milyon 400 mindən çox yeni iş yeri yaradılıb və işsizliyin səviyyəsi 4,9 faizə, yoxsulluğun səviyyəsi isə 44,7 faizdən 5 faizə enib”.
Nazir deyib ki, qlobal iqtisadi və maliyyə böhranı, həmçinin son dövrlərdə enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsi kimi faktorlar bir çox ölkələr, eləcə də İslam Əməkdaşlıq Təşkilatının enerji resursları ixrac edən üzv dövlətləri üçün müəyyən risklər yaradıb: “Belə şəraitdə hər bir dövlətin məqsədi ən azı öz iqtisadiyyatını baş verən mənfi proseslərin təsirindən qorumaq, yaxşı halda isə yaranmış çağırışları imkana çevirməkdir. Azərbaycan Respublikası da yaranmış yeni vəziyyəti nəzərə alaraq çevik və innovativ siyasətə xüsusi önəm verir. Ölkədə iqtisadiyyatın şaxələndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və sahibkarlığın inkişaf etdirilməsi, həmçinin islahatlar vasitəsilə makroiqtisadi sabitliyin qorunması üçün tədbirlər həyata keçirilir”.
Səlim Müslümov Ermənistanın hərbi təcavüzünün ölkənin iqtisadi-sosial inkişafına böyük maneə törətdiyini diqqətə çatdırıb: “Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib, 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Ölkə iqtisadiyyatına 60 milyard dollardan çox ziyan dəyib, minlərlə infrastruktur obyekti dağıdılıb, iqtisadiyyatın inkişafı üçün həlledici rol oynayan əmək ehtiyatları ciddi şəkildə azalıb”.
Xəbəri Transparency.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilib.
Çin hökuməti ailədə 1 uşaq siyasətindən imtina etdi
29.10.2015
Çin hökuməti ailədə 1 uşaq siyasətindən imtina edib. Transparency.az-ın məlumatına görə, hakim Kommunist Partiyası oktyabrın 29-da belə rəsmi bəyanat yayıb.
1980-ci illərdən bəri əhalinin sürətli artımını cilovlamaq üçün tətbiq olunan ailədə 1 uşaq formulu ölkənin iqtisadiyyatına mənfi təsir edir. 2014-cü ildə əhalinin əməkqabiliyyətli hissəsinin son 20 ildə ilk dəfə azaldığı bəlli olub.
Hakimiyyət ailədə 1 uşaq siyasətindən imtina ilə uşaq doğumunu ildə 2 milyon nəfər artırmağı düşünür.
Moldova parlamenti baş naziri istefaya göndərdi
29.10.2015
Oktyabrın 29-da Moldova parlamenti baş nazir Valeri Streletsə etimadsızlıq göstərib. Novator.az xəbər verir ki, baş naziri istefaya göndərmək üçün 51 səs lazım olub, amma qərar layihəsini daha çox deputat – 65 nəfər dəstəkləyib.
Sentyabrın 25-dən paytaxt Kişinyovda hökumət əleyhinə davamlı mitinq və piketlər keçirilir. Aksiyaçılar kommersiya banklarında 1 milyard avronun batmasında hökuməti təqsirli bilir, istefa tələb edirlər.
45 yaşlı Valeri Strelets Liberal Demokrat Partiyasının sədr əvəzidir, bu il iyulun 30-da baş nazir təyin olunmuşdu.
MSK Müsavatın seçkidən imtina müraciətini təmin etməyib
30.10.2015
Mərkəzi Seçki Komissiyası oktyabrın 29-da Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı və başqanı Arif Hacılının yazılı müraciətinə baxıb. Müraciətdə partiyanın 1 noyabr parlament seçkisində iştirakını dayandırdığı bildirilib, qeydə alınmış namizədlərinin bu statusdan imtinası barədə ərizələrinin dairə seçki komissiyalarında qəbul edilməsinə şərait yaradılması, habelə seçkinin təxirə salınaraq 4 ay sonraya təyin olunması xahiş olunub.
MSK-nın bununla bağlı qərarında deyilir ki, Seçki Məcəlləsinə əsasən, siyasi partiya səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir: “Müsavat Partiyası seçkidə iştirakdan imtina ilə bağlı qərarını səsvermə gününə azı 10 gün qalmışadək qəbul etməli olduğu halda bunu səsverməyə 3 gün qalmış edib, habelə namizədlərin geri çağırılması ilə bağlı özü bilavasitə dairə seçki komissiyalarına müraciət etməli olduğu halda həmin məsələni namizədlərin mülahizəsinə buraxmaqla qanunvericiliyin tələblərinə əməl etməyib.
Seçkinin 4 ay müddətə təxirə salınması ilə əlaqədar məsələyə gəldikdə isə qeyd edilməlidir ki, seçki qanunvericiliyində iddia edilən müddətdə seçkilərin təxirə salınmasının mümkünlüyü nəzərdə tutulmayıb. Seçkilər yalnız qanunla müəyyən olunmuş müddətdə birmandatlı seçki dairəsi üzrə heç bir namizəd qeydə alınmayıbsa və ya bir namizəd qeydə alınıbsa, əlavə namizədlərin irəli sürülməsi və növbəti seçki hərəkətlərinin həyata keçirilməsi məqsədilə müvafiq seçki dairəsi üzrə 2 ay müddətinə, səsvermə gününədək seçki dairəsində qeydə alınmış namizəd qalmazsa, yaxud qeydə alınmış bir namizəd qalarsa, ən geci 3 ay müddətinə təxirə salına bilər”.
Transparency.az xəbər verir ki, MSK Gülağa Aslanlının və Arif Hacılının müraciətini təmin etməyib, məsələ ilə bağlı bəyanat da yayıb. Bəyanatda deyilir ki, seçki bülletenləri poliqrafiya müəssisələrində səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır və Müsavat Partiyasının seçkidən imtina qərarının seçkiyə 10 gündən az müddət qalmış vaxtda qəbul edilməsi Seçki Məcəlləsinin tələblərinin pozulması ilə yanaşı seçkiyə şüurlu olaraq əngəllər törətmək kimi qiymətləndirilir.
Müsavat Divanı oktyabrın 28-də növbədənkənar iclas keçirərək partiyanın 1 noyabr parlament seçkisindən çıxmasına qərar verib. Qeyd olunub ki, siyasi məhbuslar həbsdən azad edilmədiyi; seçki qanunvericiliyində demokratik islahatlar aparılmadığı; seçki komissiyaları hakimiyyətin tam nəzarəti altında olduğu; namizədlər arasında ayrı-seçkiliyə yol verildiyi; Müsavat Partiyasının çox sayda namizədinin qeydiyyatından əsassız imtina edildiyi, namizədliyin irəli sürülməsi, imza toplanması, namizədlərin qeydə alınması dövründə namizədlərə, imza toplayan şəxslərə və müxalifət namizədlərinin xeyrinə imza verən seçicilərə qarşı qanunsuzluqlar və zorakılıqlar törədildiyi; bərabərhüquqlu təbliğat imkanları yaradılmadığı; namizədlərə və siyasi partiyalara pulsuz efir vaxtının verilməməsi səbəbindən ictimai debatların olmadığı; ATƏT-in müşahidə missiyası ölkəyə buraxılmadığı; müxalifətdən olan namizədlərin seçki məntəqələrinə məşvərətçi səs hüquqlu komissiya üzvü və müşahidəçilər təyin etməsinin qarşısı qeyri-qanuni alındığı; MSK və dairə seçki komissiyaları, apellyasiya məhkəmələri və Ali Məhkəmə qanunazidd qərarlar verdikləri üçün seçkinin azad və ədalətli keçiriləcəyinə heç bir etimad qalmayıb.
Parlament seçkisi 125 dairə üzrə keçiriləcək. Müsavatın 25 namizədi qeydə alınıb.
Seçki yarışına daha 23 siyasi partiya (Yeni Azərbaycan Partiyası, Milli İstiqlal Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Sosial Demokrat Partiyası, Xalq Partiyası, Ədalət Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Siyasi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və s.) qatılıb.
Hərbi hissədə yeni yaşayış binaları istifadəyə verilib
30.10.2015
Növbəti hərbi şəhərciyin ərazisində yeni tikilən 2 yaşayış binasının açılış mərasimi olub. Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, beşmərtəbəli, hər biri 3 otaqdan ibarət 100 mənzilli binalar mərkəzləşdirilmiş istilik sisteminə qoşulub, tam təmirli mənzillər mebel və lazımi avadanlıqla təchiz olunub: “Ərazidə yarımstansiya, 200 kubmetr tutumlu su anbarı tikilib, binaların ətrafı asfaltlanıb və kanalizasiya sistemi quraşdırılıb. Hasara alınmış yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.
Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində hərbi qulluqçular və onların ailə üzvləri ilə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib ki, ölkə prezidenti, ali baş komandan Silahlı Qüvvələrin fəaliyyətinə yüksək qiymət verir: “Əmin olun ki, bu uğurun əksər hissəsi məhz sizin payınıza düşür. Qısa müddət ərzində döyüş tapşırığını yerinə yetirən hərbi qulluqçular xalqımız naminə, Vətən uğrunda döyüşərək düşmənə sübut etdilər ki, Azərbaycan əsgəri və silahı qarşı tərəfdən qat-qat güclüdür, üstündür. Düşmənlərimiz artıq vahimə içindədir, qorxurlar. Biz bu işi davam etdirəcəyik. Biz düşməni məhv edərək onu mütləq torpaqlarımızdan qovacaq və yaxın müddətdə ərazilərimizi işğaldan azad edəcəyik”
Nazir əlavə edib ki, ilin sonunadək bu hərbi hissənin istifadəsinə yeni iki bina da veriləcək: “Gələn ilin əvvəlində isə daha iki bina hazır olacaq. Çalışacağıq ki, qısa bir müddətdə sizin bütün sosial problemləriniz həll olunsun. Bu, möhtərəm cənab prezidentin tapşırığıdır və biz bunu icra edəcəyik. Yeni hərbi şəhərcik də hazır olmaq üzrədir və onun da açılışını ilin sonunadək həyata keçirməyi planlaşdırırıq”.
Nazir: “Kim qanun pozuntusuna yol versə, dərhal işdən azad ediləcək”
30.10.2015
Energetika Nazirliyində kollegiya iclası keçirilib. Nazir Natiq Əliyevin sədrlik etdiyi iclasda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında“ qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə prezidentin fərmanının icrasının təmin edilməsi məqsədilə görüləcək işlər də müzakirə olunub.
Minenergy.gov.az-ın məlumatına görə, iclasda çıxış edən Natiq Əliyev deyib ki, Dövlət Qaz Nəzarəti İdarəsi və Dövlət Enerji Nəzarəti İdarəsinin həyata keçirdiyi nəzarət funksiyasından ancaq dövlətin xeyrinə istifadə olunmalıdır: “Bu gündən nəzarət orqanlarına tapşırılır ki, sahibkarlıq subyektlərində yoxlamalar aparılmasın. Dövlət müəssisələrində aparılan yoxlamaların sayı da azaldılmalıdır. Yoxlamalar yalnız texniki şərtlərə uyğunluq, texniki təhlükəsizlik və insan sağlamlığının qorunması məqsədi və zərurəti ilə aparılmalıdır. Yoxlama tələb edən vəziyyət yarandığı təqdirdə bu prosesə İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşma əldə edildikdən sonra başlana bilər. Kim vəzifə səlahiyyətlərini aşaraq qanun pozuntusuna yol versə, dərhal barəsində ciddi tədbirlər görülərək işdən azad ediləcək”.
İclasda yoxlamaların aparılmasını əsaslandıran qaydaların hazırlanması məsələsi ətrafında müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.
Heydər Əsədov İmişlidə və Ağdaşda fermerlərlə görüşüb
30.10.2015
Kənd təsərrüfatı naziri Heydər Əsədov oktyabrın 29-u İmişliyə baş çəkib. Agro.gov.az xəbər verir ki, Heydər Əsədov əvvəl rayon ərazisində müxtəlif əkin sahələrində istifadə edilən müasir çiləmə tipli suvarma sistemi ilə tanış olub, sonra İmişli rayon MKT İnnovasiya Mərkəzində “Aqrolizinq” ASC-dən alınan və pambıqçılıqda istifadə olunan müasir kənd təsərrüfatı texnikalarının təqdimatına qatılıb. Təqdimatda 5,2 milyon manat dəyərində 11 adda 200-ə qədər kənd təsərrüfatı texnikası nümayiş etdirilib.
Heydər Əsədov pambıqçılıq və digər kənd təsərrüfatı sahələrində çalışan fermerlərlə görüşüb, onları maraqlandıran məsələlərə aydınlıq gətirib.
Həmin gün Heydər Əsədov Ağdaş rayonunda fəaliyyət göstərən “Türyançay” Fermer Təsərrüfatı MMC-nin müasir tipli heyvandarlıq kompleksi ilə tanış olub. Məlumat verilib ki, kompleksdə 1275 baş cins heyvan bəslənilir, bunun 681 başı cins südlük inək, qalanı isə buzovdur. Gələcəkdə sağmal inəklərin sayının 2500 başa çatdırılması nəzərdə tutulur. Kompleks üçün Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisindəki əkin sahələri hesabına yem təsərrüfatı da yaradılıb.
Kənd təsərrüfatı naziri kompleksin iclas zalında Ağdaş və ətraf rayonlardan olan fermerlərlə görüş keçirib, onların təkliflərini dinləyib.
Səlim Müslümov ABŞ Dövlət Departamentinin hesabatını tənqid edib
30.10.2015
Əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor Səlim Müslümov rəsmi dövlət qəzeti “Azərbaycan”ın 30 oktyabr sayında “Əsassız və qərəzli yanaşmalar” adlı məqalə ilə çıxış edib. Transparency.az-ın məlumatına görə, nazir ABŞ Dövlət Departamentinin 2014-cü ildə dünya ölkələrində insan hüquq və azadlıqlarının vəziyyətinə dair hesabatına toxunaraq yazır: “Hesabatda Azərbaycanda əmək hüquqları və digər bir sıra sosial hüquqların təmini ilə bağlı əsassız fikirlərin də yer alması ölkəmizdə bu sahədə aparılan fəal siyasətə və onun müsbət nəticələrinə məhəl qoyulmaması səbəbindən qeyri-obyektiv və qərəzli yanaşmalardan başqa bir şey deyil. Ölkəmiz əmək və sosial hüquqlar sahəsində mötəbər beynəlxalq qurumlarla əməkdaşlığa xüsusi önəm verir, bu əməkdaşlıq şəraitində və mühüm beynəlxalq sənədlərin prinsipləri əsasında əmək və sosial müdafiə sahəsində hüquqlar sistemini mütərəqqi dünya təcrübəsinə əsasən daim təkmilləşdirir. Azərbaycanın ratifikasiya etdiyi, Avropa məkanında insanların əmək və sosial hüquqlarının inkişafına yönələn Dəyişdirilmiş Avropa Sosial Xartiyasının müddəalarının icrası istiqamətində də ölkəmizdə konkret addımlar atılır.
Hesabatda ölkəmizdə məşğulluq və peşə sahəsində ayrı-seçkiliyin olması barədə yer alan yanaşma həqiqətdən uzaq olmaqla Azərbaycanda hər bir cəmiyyət üzvünün əmək potensialından dolğun və bərabər əsaslarla istifadəsinə yönələn dövlət məşğulluq siyasətinin qeyri-obyektiv qiymətləndirilməsidir. Prezident İlham Əliyevin ölkənin sürətli sosial-iqtisadi inkişafını təmin edən islahatlar kursu iqtisadi şaxələndirməyə və qeyri-neft sektorunun genişlənərək ümumi daxili məhsulda 70 faizə çatmasına, regionların inkişafı nəticəsində son 12 ildə ölkədə 1,4 milyona yaxın, habelə cari ilin 9 ayında 87 min yeni iş yerinin açılmasına, Avropa İttifaqında 9,6 faiz səviyyəsində özünü göstərən işsizliyin Azərbaycanda 5 faizə enməsinə imkan verib.
Müvafiq dövlət proqramlarının uğurlu icrası gənclərin də təhsil səviyyəsinin və məşğulluğunun artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərə şərait yaradıb və bu tədbirlərin nəticəsi olaraq son 5 il ərzində 15-29 yaşda gənclər arasında işsizliyin səviyyəsi 11,8%-dən 9,7%-dək, 15-24 yaşda isə 14,9%-dən 13,5%-dək azalıb. Halbuki dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş dövlətlərindən ibarət G20 qrupu ölkələrində 15-24 yaşda gənclər arasında işsizlik səviyyəsinin orta göstəricisi 20% (o cümlədən İspaniyada 53%, Cənubi Afrikada 52%, İtaliyada 43%, Səudiyyə Ərəbistanında 31% və s.) təşkil edir”.
Nazir qeyd edir ki, ölkədə əmək münasibətlərində iştirak sahəsində qadın və kişilər arasında ayrı-seçkiliyin hər hansı təzahürlərinə yol verilmir, gender bərabərliyi gözlənir: “Rəsmi statistik məlumatlara əsasən, 2014-cü ildə Azərbaycanda iqtisadi fəal əhalidə qadınların xüsusi çəkisi 48,9% (2365 min nəfər), kişilərin xüsusi çəkisi 51,1% (2475,7 min nəfər), qadınların məşğul əhalinin sayında xüsusi çəkisi 48,4% (2226,8 min nəfər), kişilərinki isə 51,6% (2376,1 min nəfər) təşkil edib. Qadınlar kişilərə nisbətən daha çox təhsil (72,2%), səhiyyə və sosial xidmətlər (79,4%) sahələrində əmək fəaliyyəti göstəriblər.
Cari ilin əvvəlinə olan məlumata əsasən isə dövlət qulluğunun ali — 3-cü təsnifatlar üzrə inzibati vəzifələrini tutan qadınların sayı 325 nəfər (30%) təşkil edir ki, onların əsas hissəsi (yekuna görə 58,8%) 35-54 yaşlarda olanlardır”.
Dövlətin əlilliyi olan şəxslərə xüsusi diqqət göstərdiyini vurğulayan nazir yazır ki, ABŞ Dövlət Departamentinin hesabatının “Ayrı-seçkilik, cəmiyyətdə zorakılıq və insan alveri” fəslində bu sahə ilə bağlı münasibətdə də ədalətsiz yanaşma özünü göstərir: “Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyin təzahürləri mövcud deyil və bu, əlilliyi olan şəxslərə münasibətdə də qətiyyən yolverilməzdir. Əksinə, bu gün Azərbaycan əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların səmərəli reabilitasiya sistemi ilə əhatə olunması, cəmiyyətə inteqrasiyası, onların azad və hərtərəfli inkişafı yönündə fəal və məqsədyönlü siyasət aparan bir ölkədir.
Əlilliyi olan şəxslərə aylıq sosial müavinətlər, qanunvericilikdə nəzərdə tutulan qədər sığorta stajlarına malik olduqları halda aylıq əmək pensiyaları ödənilir. Hazırda ölkədə 53,5 mindən çox şəxs Azərbaycan prezidentinin aylıq təqaüdü ilə təmin olunur, onların böyük bir hissəsi müharibə əlilləri və onlara bərabər tutulanlar, əmək pensiyası almaq hüququ olmayan və yalnız aylıq sosial müavinət alan birinci qrup əlillərdir. Təkcə ötən il prezident cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə prezident təqaüdünün müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün orta aylıq məbləği 50%-ə yaxın artırılıb. Ümumiyyətlə, son on ildə sosial müavinətlərin orta aylıq məbləği 2,6 dəfə, o cümlədən əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə yüksəlib. Sosial sahəyə xüsusi diqqət və qayğının daha bir nəticəsi kimi, təkcə 2014-cü ildə dövlət büdcəsindən sosial yönümlü xərclərə əvvəlki ildəkindən 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilib.
Azərbaycanda artıq neçə illərdir ki, müvafiq kateqoriyalara aid olan əlil şəxslər dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri ilə təmin edilirlər. İndiyədək bu kateqoriyadan olan 4,6 mindən çox şəxsə mənzillər verilib və yaxın bir neçə ildə daha 5 mindən çox belə şəxsə mənzil verilməsi üçün müvafiq işlər aparılır. Bu vaxta qədər 5650 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan insan minik avtomobili ilə təmin edilib”.
“79”u “28”ə qaytardılar
30.10.2015
Bakıdakı 79 saylı marşrut avtobusunun hərəkət istiqaməti ilə bağlı yeni qərar verilib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 19-dan “BakuBus” MMC-nin yeni xətlərinin istifadəyə verilməsi ilə əlaqədar 79 saylı marşrut avtobusunun hərəkət istiqaməti Rəsulzadə qəsəbəsindən “20 Yanvar” metro stansiyasına kimi qısaldılmışdı (Paytaxtın bir neçə marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilib): “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC sakinlərin çoxsaylı müraciət və xahişini nəzərə alaraq 79 saylı marşrut avtobusunun əvvəlki hərəkət istiqamətini bərpa edib. Oktyabrın 30-dan 79 saylı marşrut avtobusu əvvəlki xətti üzrə: Rəsulzadə qəsəbəsindən “28 May” metro stansiyasınadək fəaliyyət göstərir.
FİFA prezidenti dünya çempionatının Rusiyaya danışıqla verildiyini etiraf edib
30.10.2015
Beynəlxalq futbol təşkilatı FİFA-nın prezidenti Yozef Blatter oktyabrın 30-u “Financial Times” qəzetinə müsahibəsində 2018-ci ilin dünya çempionatının Rusiyaya danışıq nəticəsində salındığını etiraf edib. Transparency.az-ın məlumatına görə, Blatter qeyd edib ki, 2010-cu ildə FİFA-da 2018-ci il çempionatının ev sahibliyi hüququnun Rusiyaya, 2022-ci il çempionatının isə ABŞ-a verilməsi ilə bağlı centlmen razılaşması olub, ancaq UEFA prezidenti Mişel Platini mövqeyini qəfil dəyişib deyə ABŞ 2022-ci il çempionatına sahib ola bilməyib, ev sahibliyi Qətərə verilib.
FİFA prezidenti deyib ki, Platini mövqeyini 2010-cu ildə Fransa prezidenti postunu tutan Nikola Sarkozinin təsiri ilə dəyişib: “Səsverməyə 1 həftə qalmış Platini zəng vuraraq ABŞ-a yox, Qətərə səs verəcəyini bildirdi və belə də etdi”.
Blatterin sözlərinə görə, UEFA-nın 4 səsinin ABŞ-dan Qətərə keçməsi ilə əvvəlki razılaşma pozulub, bundan narazı qalan ABŞ isə sonradan FİFA-ya hücuma keçib.
Oktyabrın 8-də FİFA-nın prezidenti Blatter, qurumun vitse-prezidenti, UEFA prezidenti Platini və FİFA-nın baş katibi Jerom Valke 90 gün müddətinə vəzifələrindən uzaqlaşdırılıb. FİFA-nın Etika Komitəsinin Arbitraj Palatasının qərarına əsasən, Blatter, Platini və Valkeyə 90 gün müddətində beynəlxalq və milli səviyyədə futbol fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.
Arbitraj Palatasının qərarı ilə FİFA-nın sabiq vitse-prezidenti Con Moncun bu qurumda vəzifə tutmaqdan 6 il müddətinə məhrum olunub və 100 min İsveçrə frankı cərimələnib.
Transparency.az xatırladır ki, bu ilin mayından FİFA ətrafında korrupsiya qalmaqalı gedir. Mayın 27-də Sürixdə qurumun 7 məmuru korrupsiya ittihamı ilə tutulub. Onların çoxu dünya futbol çempionatlarının keçirildiyi ölkələrin seçimini külli miqdarda rüşvətlə həll etməkdə günahlandırılır.
Mayın 29-da FİFA İcraiyyə Komitəsinin iclasında Blatter beşinci müddətə prezident seçilib, amma təzyiqlərə davam gətirməyərək iyulun 2-də istefa verib. Gələn il fevralın 26-da FİFA-ya yeni prezident seçiləcək. Prezidentliyə əsas namizədlərdən biri Platinidir.
Sentyabrda İsveçrədə prokurorluq FİFA prezidentinə cinayət işi qaldırıb. Blatter 2005-ci ildə Karib hövzəsinin futbol təşkilatı ilə sərfəsiz müqavilə imzalamaqda, israfçılıqda günahkar bilinir. Ona Platiniyə 2 milyon İsveçrə frankı məbləğində sanksiyalaşdırılmamış ödəniş etmək ittihamı da irəli sürülüb.
Milyarder Moncunun isə FİFA rəsmilərinə 2022-ci ilin dünya futbol çempionatını Cənubi Koreyaya salmaq müqabilində şirnikləndirici təkliflər verdiyi bildirilir.
Şimali və Mərkəzi Amerika, Karib hövzəsi zonasının futbol təşkilatı olan CONCACAF-ın keçmiş baş katibi, FİFA İcraiyyə Komitəsinin sabiq üzvü Çak Bleyzer iyul ayında futbol fəaliyyəti ilə məşğul olmaq hüququndan ömürlük məhrum edilib. Qərar FİFA-nın Etika Komitəsinin araşdırmalarına əsasən verilib. Qurum bu araşdırmalara CONCACAF-ın məruzəsi və ABŞ Ədliyyə Nazirliyinin təqdim etdiyi faktlara əsasən başlamışdı.
Bleyzer FİFA və CONCACAF-da fəaliyyəti dövründə qanunsuz ödənişlərin, rüşvətlərin təklifi, alınması, həmçinin digər maliyyə fırıldaqları ilə bağlı sxemlərdə aparıcı fiqur olub.
2013-cü ilin noyabrında Bleyzerin qapalı məhkəməsi keçirilib. Məhkəmənin bəzi detalları bu il üzə çıxıb. Həmin məhkəmədə özünü 10 məsələ üzrə günahkar hesab edən Bleyzer 1998-ci ilin dünya çempionatının meydan sahibliyinin Fransaya, 2010-cu ilin dünya çempionatının təşkilatçılıq hüququnun CAR-a verilməsi zamanı rüşvət aldığını bildirib. Məhz onun istintaqa verdiyi məlumatlar FİFA-dakı korrupsiyanın üstünü açmağa kömək edib, mayın 27-də İsveçrənin Sürix şəhərində qurumun rəhbər şəxslərinin bəziləri həbs olunub.
Hakim necə təyin olunsun?
30.10.2015
Bu yaxınlarda Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyətlər verilib. Milli Məclisin “Məhkəmələr və hakimlər haqqında” qanuna etdiyi dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrləri istisna olmaqla məhkəmə sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyinatı Məhkəmə-Hüquq Şurasının təqdimatı ilə aparılacaq. Əvvəlki qaydaya görə, apellyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədrlərinin, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavininin və məhkəmə kollegiyaları sədrlərinin vəzifəyə təyin edilməsini prezident birbaşa aparırdı.
Azərbaycan Konstitusiyasına görə, ölkə prezidenti Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında parlamentə təqdimatlar verir, digər məhkəmələrin hakimlərini vəzifəyə birbaşa təyin edir.
Bir çox inkişaf etmiş ölkədə hakimlərin təyinatını Məhkəmə-Hüquq Şurası tipli müstəqil özünüidarə orqanları həyata keçirir. Azərbaycanda bu baxımdan hansı islahatlara ehtiyac var?
Transparency.az-a danışan hüquqşünas Ənnağı Hacıbəyli deyib ki, hakimlərin müstəqilliyi onları kimin təyin etməsi ilə ölçülmür: “Hakimləri prezident də, parlament də təyin edə bilər. Elə ölkələr var ki, hakim təyinatını ədliyyə naziri aparır. Bütövlükdə ölkədə məhkəmə sisteminin müstəqilliyi təmin edilmirsə, hakimləri kimin təyin etməsinin önəmi yoxdur”.
Azərbaycan təcrübəsinə toxunan hüquqşünas xatırladıb ki, hakimlərinin namizədliyini prezidentə Məhkəmə-Hüquq Şurası ədliyyə naziri vasitəsilə təqdim edir: “Məsələ bundadır ki, ədliyyə naziri şuranın sədridir. Şura icra hakimiyyəti orqanı yox, hakimlərin müstəqil özünüidarə orqanı olmalıdır. Yəni məhkəmə sistemi özü özünü idarə etməlidir. Hakimlərin seçilməsi, yerləşdirilməsi, ixtisasının artırılması ilə məhz hakimlərinin özünün yaratdığı orqan məşğul olmalıdır.
Azərbaycanda təcrübə belədir ki, Ədliyyə Nazirliyi hakimləri imtahan edir, ixtisasartırma kurslarına cəlb edir, onlardan müsahibə götürür. Həmçinin onların vəzifəyə təyin olunması və azad olunması ilə bağlı təqdimat verir, hakimləri cəzalandırır. Nəticədə məhkəmə sistemi Ədliyyə Nazirliyinin timsalında icra hakimiyyətindən asılı duruma düşür, ədalət mühakiməsini müstəqil həyata keçirə bilmir”.
Qanuna görə, Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi funksiyalarını həyata keçirən orqandır.
2005-ci ilin fevral ayından fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası 15 nəfərdən ibarətdir, amma hazırda qurumun 13 üzvü var: Fikrət Məmmədov, ədliyyə naziri (sədr); Ramiz Rzayev, Ali Məhkəmənin sədri; Fuad Ələsgərov, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri; Rafael Qvaladze, Konstitusiya Məhkəməsinin hakimi; Şəlalə Məmmədova, Ali Məhkəmənin hakimi; Şahin Yusifov, Ali Məhkəmənin hakimi; Rizvan Səfərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi; Ramiz Süleymanov, Naxçıvan Ali Məhkəməsinin sədri; Azər Cəfərov, ədliyyə nazirinin müavini; Namiq Əsgərov, baş prokurorun müavini; Xəqani Tağıyev, Salyan Rayon Məhkəməsinin sədri; İlham Əhmədov, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi; Ramiz İbrahimov, Vəkillər Kollegiyasının üzvü, 4 saylı hüquq məsləhətxanasının müdiri.
Müxalif REAL Hərəkatının proqramında məhkəmələrin təsisat müstəqilliyi müddəası yer alır. Qurum hesab edir ki, bütün məhkəmə instansiya məhkəmələrin hakimləri ömürlük, pensiya yaşına qədər təyin olunmalı, birinci və apellyasiya instansiyaları məhkəmələrində sədr vəzifələri ləğv edilməlidir. Proqramda hakimliyə namizədlərin imtahanlarda topladığı ballar əsasında təyin etmə növbəliliyi metodu da təklif olunur.
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi yaradılacaq
30.10.2015
Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi yaradılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə mediaya açıqlamasında belə deyib. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin əmək nazirlərinin üçüncü konfransında mərkəzlə bağlı təsis sənədləri müzakirə olunub və dəstəklənib.
İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin üçüncü konfransı İndoneziyanın paytaxtı Cakartada keçirilib. Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Cinsi balansın pozulması fəsadlar doğura bilər
30.10.2015
Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycan əhalisinin 49,8 faizi kişilər, 50,2 faizi qadınlardır, orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür. Azərbaycanın müstəqilliyini bərpa etdiyi 1991-ci ildən bəri hər 1000 kişiyə düşən qadınların sayı 39 nəfər azalıb. Müstəqilliyin ilk ilində hər 1000 kişiyə 1048 düşürdü.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin media ilə bölüşdüyü rəqəmlərə görə, 2014-cü ildə ölkədə 91 min 410 oğlan, 79 min 93-ü qız doğulub.
2015-ci ildə də oğlan uşaqlarının üstünlüyü davam edib: 8 ayı ərzində ölkədə 109 min uşaq doğulub. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təhlilində deyilir ki, bioloji normaya əsasən, doğulan 100 qıza 105-107 oğlan düşməlidir, amma indi 100 qıza 115-dən çox oğlan düşür. Nazirlik hesab edir ki, 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı ilk növbədə valideynlərin uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və tədbirlərlə (selektiv abortlarla) izah olunur.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da balansın pozulmasında selektiv abortların rol oynadığını düşünür. O, cinsiyyətə görə abortun qadağan edilməsinə tərəfdardır: “Əksər ailələrdə oğlana varis kimi baxılır. Ailələrin yanaşma tərzi dəyişməlidir, bu işdə isə maarifçilik böyük rol oynaya bilər”.
Transparency.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, qadınların azalması gələcəkdə ciddi sosial problemlər yarada bilər: “Bu gedişlə 10-15 ildən sonra cinsi baxımdan kəskin disbalans görəcəyik. Ona gərə də selektiv abortların qarşısı alınmalıdır”.
Ekspertin qənaətinə görə, problemi inzibati yolla deyil, maarifləndirmə üsulu ilə yoluna qoymaq: “İnsanlara qız uşaqlarının azalmasının gələcəkdə hansı problemlərə gətirəcəyi izah olunmalıdır”.
Başqa iqtisadçı Elxan Mikayılov Transparency.az-a deyib ki, qadınların sayında azalma sürətli olmasa da, məsələni geniş təhlil etmək lazımdır: “Bunun gələcəkdə qadın əməyinə əsaslanan istehsala necə təsir edəcəyi, xüsusilə kənd yerlərində fəsadlara gətirib-gətirməyəcəyi araşdırılmalıdır”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Transparency.az-a deyib ki, 2015-2025-ci illəri əhatə edən demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət proqramının layihəsi hazırlanıb. Layihədə qız uşaqlarının doğumunu stimullaşdıran tədbirlər də nəzərdə tutulur.
Dostları ilə paylaş: |