04.12.2015
Dekabrın 3-ü Bakıda bir araya gələn Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Əhməd Davudoğlu təkbətək və geniş tərkibdə görüşlərdən sonra mətbuata bəyanatlarla çıxış ediblər.
İlham Əliyev bəyanatında Türkiyə və Azərbaycanın bütün dövrlərdə və bütün məsələlərdə daim bir-birinin yanında olduğunu vurğulayıb: “Bu, dəyişməz siyasətdir. Bu siyasət həm ədalətə, həm də bizim tarixi keçmişimizə söykənir. Biz çox istəyirik ki, gələcək nəsillər də bu əlaqələri yüksək səviyyədə saxlasınlar. Bunun üçün bütün imkanlar var. Çünki bizim siyasi maraqlarımız üst-üstə düşür. Biz istəyirik ki, bölgədə sülh, əmin-amanlıq olsun, qarşıdurmalar olmasın, bütün ölkələr, bütün xalqlar rahat yaşasınlar, öz həyatını qursunlar, heç kim heç kimin daxili işinə qarışmasın.
Türkiyə-Azərbaycan birliyi və siyasəti bölgədə sabitləşdirici rol oynayır. Çünki bölgədə sabitlik, əfsuslar olsun ki, pozulub, yeni təhdidlər, risklər meydana gəlir. Biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Əlbəttə, Türkiyə nə qədər daha güclü olsa, Azərbaycanın gücü də o qədər artacaq”.
Dövlət başçısı türkiyəli qonaqla iki ölkəni birləşdirən enerji, nəqliyyat layihələri haqqında fikir mübadiləsi apardığını deyib: “Burada da ölkələrimiz, xalqlarımız, bölgə və dünya üçün gördüyümüz işlər böyük məna daşıyır. Xüsusilə TANAP layihəsini qeyd etmək istəyirəm. TANAP layihəsi Türkiyə-Azərbaycan layihəsidir. Biz bu layihəni birgə icra etməyə başladıq. Bu gün bu layihə beynəlxalq layihə kimi dünya miqyasında diqqət mərkəzindədir. TANAP layihəsinin icrasında heç bir problem yoxdur və bu gün biz bir daha bu məsələni müzakirə etdik. Əminəm ki, bu layihə vaxtında – 2018-ci ildə, bəlkə ondan da tez icra ediləcək. Beləliklə, Azərbaycan Türkiyəyə və ondan sonra Avropaya daha böyük həcmdə təbii qazını ixrac edə biləcək. Türkiyə və Avropa ölkələri yeni alternativ mənbəyə çıxış əldə edəcəklər. Bütün tərəflər bu layihənin icrasından ancaq fayda görəcəklər”.
İlham Əliyev qarşılıqlı sərmayə qoyuluşunun uğurla həyata keçirildiyini bildirib: “Həm Türkiyə, həm də Azərbaycan şirkətləri qarşılıqlı olaraq sərmayə qoyurlar. Azərbaycan yaxın illərdə Türkiyəyə 20 milyard dollara yaxın sərmayə qoyacaq. O sərmayənin bir hissəsi artıq qoyulub və bu, əlbəttə ki, bir daha bizim siyasi iradəmizi əks etdirir. Ancaq dost ölkələrin iqtisadiyyatlarına bu qədər sərmayə qoyula bilər.
Bütün digər sahələrdə, o cümlədən humanitar sahədə də sıx əməkdaşlıq aparılır. Hərbi sahədə çox gözəl əməkdaşlıq aparılır. Azərbaycan Türkiyədən ordumuza lazım olan silahları alır. Eyni zamanda biz artıq bir neçə dəfədir ki, birgə hərbi təlimlər də keçirdik, həm Türkiyədə, həm Azərbaycanda. Bu, bir daha bizim birliyimizi nümayiş etdirir, gücümüzü artırır. Bu gün həm regionda, həm Avropada gedən proseslərdə Türkiyə və Azərbaycan artıq ciddi amil kimi mövcuddur”.
Əhməd Davudoğlu Türkiyə və Azərbaycan həm Qafqaz regionunda, həm Avrasiya bölgəsində sabit inkişaf edən ölkələrdir: “Çox dərin iqtisadi böhranların yaşandığı bir dövrdə — 2005-ci ildən 2015-ci ilədək Azərbaycan böyük inkişaf nümayiş etdirib, milli gəliri təxminən 5 dəfə artıb. Bu uğurların qazanılmasında cənab prezidentin və onun hörmətli komandasının yaxşı işləməsi və Azərbaycan xalqının vətənpərvərliyi böyük əhəmiyyətə malikdir.
Təbii ki, Türkiyə hər zaman bu proseslərdə Azərbaycanın yanında olub və olacaq. Hansı mövzuda olursa-olsun, əgər Azərbaycanı maraqlandıran bir məsələ varsa Türkiyənin mövqeyi bəllidir. Bütün sahələrdəki kimi, siyasi sahədə əlaqələrimiz hər zaman ən yüksək səviyyədə olub. G20 sammitində hörmətli prezidenti Türkiyədə, Antalyada görmək bizə böyük şərəf verdi. Türkiyə bayrağının dalğalandığı hər yerdə Azərbaycan bayrağı var. Azərbaycan bayrağının dalğalandığı hər yerdə Türkiyə bayrağı var.
Bunu, sadəcə, gəlişigözəl sözlər kimi demirik, əməli işlərlə, layihələrlə də dəstəkləyirik. Avrasiya miqyasında ən böyük layihələrin təməlində Türkiyə-Azərbaycan əməkdaşlığı durur. Bu təməlin enerji və nəqliyyat xətləri xüsusilə mühüm əhəmiyyət kəsb edir. TANAP layihəsi artıq xəyala çevrilən “Nabukko” kimi bir çox layihədən sonra həyata keçirilibsə bu, Türkiyə və Azərbaycan arasında dostluq, qarşılıqlı etibar sayəsində reallaşıb. Bir çox ölkələrin edə bilmədiyini Türkiyə və Azərbaycan danışıqlar apararaq birlikdə həyata keçirdilər. Digərləri daha sonra qoşuldular.
Bu gün keçirdiyimiz görüşlərdə, apardığımız müzakirələrdə energetika nazirlərimiz TANAP layihəsinin nəzərdə tutulduğu kimi 2018-ci ildə deyil, daha tez reallaşması üçün razılığa gəldilər. Gecə-gündüz çalışacağıq, Türkiyə Respublikasının sərhədləri daxilində TANAP layihəsi üçün nə lazımdırsa ediləcək. Bu işlər Azərbaycanda da eyni qaydada görüləcək. Çünki TANAP və Bakı-Tbilisi-Ceyhan iki böyük layihə olaraq neft və təbii qaz ehtiyatlarının Xəzərdən Aralıq dənizinə və Avropaya çatdırılmasında əsas kanallardır. TANAP-ın TAP-la tamamlanması Avropa daxilində balanslaşmaya da təsir edəcək”.
Baş nazir Dağlıq Qarabağ probleminə toxunaraq deyib: “Türkiyə olaraq bizim mövqeyimiz açıq və konkretdir: Azərbaycanın işğal altındakı torpaqlarının hamısı — bir kvadrat santimetri belə qalmamaqla qaytarılana qədər Türkiyə Azərbaycana verdiyi dəstəyi davam etdirəcək. Dünyada bir çox problemlərin həllində əsas prinsip ərazi bütövlüyünə qarşılıqlı hörmətdir. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğu müddətdə Qafqazda sülhün və sabitliyin təmin olunmasında nə qədər çətinliklərin yaşandığı məlumdur.
Mən burada Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi, ədalətli və davamlı sülhün təmin olunması istiqamətində atılacaq hər addıma dəstək verəcəyimizi bir daha bəyan etmək istəyirəm. Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması üçün bütün Qafqazı əhatə edəcək sülh və rifah layihələrinə hər zaman töhfə verəcəyik.
Bu gün müzakirə etdiyimiz məsələlərdən biri də Suriya başda olmaqla Yaxın Şərq və ətraf regionlarda yaşanan gərginliklərlə bağlı proseslər oldu. Mən cənab prezidentə dost, qardaş bir ölkə olaraq Suriyada son proseslər və noyabrın 24-də əvvəlcə hansı ölkəyə məxsusluğu bəlli olmayan, amma daha sonra Rusiyanın etdiyi açıqlama ilə ona aid olduğu məlum olan təyyarənin vurulması ilə bağlı məlumat verdim.
Türkiyə bütün bu məsələlərdə həmişə şəffaf və açıq siyasət yürüdüb. Buradan bir daha dostumuz, qonşumuz və böyük ortağımız olan Rusiyanı bütün bu məsələləri soyuqqanlı şəkildə dəyərləndirməyə çağırıram. Türkiyə öz sərhədlərini qoruyub. İndiyədək hər hansı şəkildə heç bir ölkəni hədəf alan aqressiv mövqedə olmayıb. Sərhədlərimiz dəfələrlə pozulsa da, hər dəfə bu halları Rusiya tərəfi ilə, aidiyyəti tərəflərlə müzakirə etdik və bütün dünyanın bildiyi kimi müdafiə olunma qaydalarımızı da elan etdik. Türkiyə Respublikasının torpaqları, hava məkanı bizim üçün müqəddəsdir”.
Əhməd Davudoğlu qeyd edib ki, Türkiyə Rusiya ilə istənilən məsələni müzakirə etməyə hazırdır: “Bütün məsələləri ətraflı müzakirə edə bilərik. Hər məsələdə fərqli qənaətdə olsaq da, görüşüb danışa, qənaətlərimizi bölüşə bilərik. Bir masa ətrafında danışıqlar aparmağa da hazırıq. Hər bir məsələni danışıb müzakirə edə bilərik. Müzakirə etməyəcəyimiz yeganə məsələ Türkiyə Respublikası dövlətinin sərhədləri və suveren haqlarıdır. Biz hamının suveren haqlarına hörmət edirik və hər kəsin də bizə hörmət etməsini gözləyirik.
Xüsusilə iqtisadi sanksiyalar məsələsində, Türkiyə indiyə qədər İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar, keçmişdə Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar, bu yaxınlarda Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar məsələsində də eyni mövqe ortaya qoymuş və iqtisadi sanksiyaların siyasi problemlərin həllinə fayda verməyəcəyini bəyan edib. Rusiyanın ən çətin vaxtlarında bu ölkəyə qarşı tətbiq olunan iqtisadi sanksiyalara biz qatılmadıq.
Ancaq bu gün Türkiyənin heç bir şəkildə səbəb olmadığı böhranla əlaqədar Rusiyanın bizə qarşı iqtisadi sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul etməsini də böyük bir ziddiyyət olaraq görürük. Özlərinə qarşı iqtisadi sanksiyalar tətbiq ediləndə bundan məmnun olmayanlar başqalarına da iqtisadi sanksiyalar tətbiq etməməlidirlər. Həmçinin iqtisadi sanksiyalar hər iki tərəfə də zərər verir. Heç bir iqtisadi sanksiya birtərəfli işləyə bilməz.
Bu baxımdan da Rusiyaya, bu gün belə açıqlamaları ilə gərginliyi artıran cənab Putinə bir daha demək istəyirəm: əvvəlcə açıqlamalarımızdakı sərtliyi yumşaldaq. Qarşılıqlı ittihamlar əvəzinə, müzakirələr aparmaq üçün görüşək. Sonra əgər hadisənin necə baş verməsi ilə bağlı məlumat almaq istəsələr, — düzdür, bunları əvvəlcə açıqlamışıq, — bir daha açıqlayarıq. Dünya da buna şahiddir. Dünyada artıq heç nə gizli qalmır. Hava sərhədimizin pozulmasının necə baş verdiyi, eyni zamanda, NATO qeydlərində, bölgədəki hərbi bazalarda, hər yerdə bəllidir. Bunları danışıb müzakirə edərik. Gərginliyi azaltmaq, ittihamedici açıqlamalardan çəkinmək və iki qonşu ölkə olaraq bir masa ətrafında əyləşərək problemləri həll etmək bizim seçdiyimiz yol və metoddur. Çünki Türkiyə-Rusiya münasibətlərinə yalnız Türkiyə və Rusiya olaraq iki ölkənin deyil, Qafqaz, Balkanlar, Orta Asiya, Yaxın Şərq, Qara dəniz, Xəzər dənizi regionlarının və digər bölgələrin də ehtiyacı var. Türkiyə ilə Rusiya arasındakı əlaqələrin yaxşı olması bütün bu bölgələrin sülh və sabitliyinə töhfə verər. Bu baxımdan da bu müraciətimizi buradan bir daha səsləndirmək istəyirəm. Amma heç bir şəkildə əsassız ittihamlarla Türkiyənin günahlandırılmasını da qəbul etməyəcəyimizi və nə olursa-olsun, kimin tərəfindən gəlirsə-gəlsin, hansı ölkəyə aid olursa-olsun Türkiyənin hava, quru və dəniz sərhədlərini təhdid edəcək və ya pozacaq heç bir fəaliyyətə imkan verməyəcəyimizi bir daha ifadə etmək istəyirəm”.
Dostları ilə paylaş: |