Ruslar Türkiyəyə qarşı sanksiyalar barədə nə düşünür?
17.12.2015
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi ölkənin hərbi təyyarəsinin vurulmasına görə Türkiyəyə tətbiq olunan sanksiyalarla bağlı sorğunun nəticələrini açıqlayıb.
Novator.az xəbər verir ki, sorğuya əsasən, rusiyalıların əksəriyyəti Türkiyəyə qoyulan məhdudiyyətlərin ölkədə ərzaq və malların qiymətinin artmasına gətirib çıxaracağını düşünür. Respondentlərin 65%-i bu versiya üzərində dayanıb, 32% isə belə riskin olmadığı fikrindədir.
Sorğuya görə, Rusiya əhalisinin 57%-i turist putyovkalarının qiymətində artımın olacağını, 32% isə olmayacağını vurğulayır. Respondentlərin 43%-i mal çeşidinin azalacağını, 52%-isə azalmayacağını proqnozlaşdırır.
Sorğu göstərib ki, rusiyalıların 31%-i hakimiyyətin Türkiyəyə tətbiq etdiyi sanksiyaların yetərli olmadığı fikrindədir. Sorğuya cəlb olunanların 54%-i hazırkı sanksiyaların kifayət etdiyini, 8%-i isə Türkiyəyə qarşı görülən tədbirlərin qədərindən artıq olduğunu bildirir.
Noyabrın 24-də Türkiyə Silahlı Qüvvələri ölkənin sərhədini pozan Rusiya hərbi təyyarəsini vurub, bir pilot həlak olub. Bundan 4 gün sonra Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirləri nəzərdə tutan fərman imzalayıb. Fərman bir çox Türkiyə malının Rusiyaya girişinə qadağa qoyur. Rusiya Türkiyə vətəndaşları üçün vizasız rejimi də ləğv edib, turistlərin Türkiyənin istirahət zonalarına gedişi isə məhdudlaşdırılıb.
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb
17.12.2015
Dekabrın 17-si İstanbulda Azərbaycanın müdafiə naziri Zakir Həsənovla türkiyəli həmkarı İsmət Yılmaz arasında görüş keçirilib. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə nazirləri iki ölkə arasında hərbi əməkdaşlığın daim inkişaf etdiyini, strateji tərəfdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd ediblər.
Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, tərəflər Silahlı Qüvvələr arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın imkanları, birgə təlimlərin keçirilməsi, o cümlədən regional və qarşılıqlı tərəfdaşlığa dair bir sıra məsələlər barədə müzakirələr aparıblar.
Yanvar-noyabr aylarında əhalinin gəlirləri (Rəsmi hesabat)
17.12.2015
Bu ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,7 faiz artaraq 36,8 milyard manat və ya əhalinin hər nəfərinə orta hesabla 3860,5 manat təşkil edib. Transparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsi belə hesabat yayıb. Rəsmi məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlərin artımı istehlakda bahalaşmanı 0,7 faiz bəndi üstələyərək 4,4 faiz olub.
11 ayda gəlirlərin 75,7 faizi son istehlak xərclərinə, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 3 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 11,8 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 33,3 milyard manat həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 5,6 faiz çox vəsait qalıb.
Neft quyuları söndürülüb
17.12.2015
Xəzərin “Günəşli” yatağındakı 10 nömrəli özüldə baş vermiş qəza nəticəsində yanan neft quyuları tamamilə söndürülüb. Dövlət Neft Şirkəti (SOCAR) belə məlumat yayıb. Bildirilir ki, neft quyularının söndürülməsi ilə dənizə neft dağılmaları təhlükəsi aradan qaldırılıb. Yanan qaz quyularının isə 2-si artıq söndürülüb, digər quyuların söndürülməsi üzrə işlər son mərhələdədir.
Dekabrın 4-də 10 saylı dərin dəniz özülündə sualtı qaz xəttinin dayaq borusu qırılıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib. 63 işçidən 33-ü xilas edilib, 7 nəfərin meyiti tapılıb.
Həmin gün “Neft daşları”ndakı 501 nömrəli özüldə də faciə baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Köşkdəki 3 nəfər itkin düşüb.
Bərk məişət tullantılarının idarəçiliyinə dair yeni sənəd hazırlanır
17.12.2015
Bərk məişət tullantılarının idarəçiliyinə dair milli strategiya hazırlanır. Transparency.az bildirir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin bu məsələyə dair seminarında belə məlumat verilib. Tədbirdə qeyd olunub ki, paytaxt ərazisində bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə “Təmiz Şəhər” ASC yaradılıb, Balaxanı qəsəbəsində bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodları istifadəyə verilib. Hazırda Balaxanıda Eko-Sənaye Parkı yaradılır.
2009-cu ildən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində Qaradağ və Suraxanı poliqonları tam bərpa edilib, bərk məişət tullantılarının idarəçiliyi üzrə paytaxtda tullantıların toplanması və daşınması sisteminin optimallaşdırılmasına dair hesabat hazırlanıb, tullantıların elektron informasiya sisteminin tətbiqinə başlanıb. Bakı və onun ətraf rayonlarındakı 41 iri qeyri-qanuni tullantı sahələri bağlanıb, toplama və daşınma sistemi 3239 müxtəlif ölçülü tullantı konteynerləri və 29 ədəd tullantı daşıyan yük maşınları ilə təchiz edilib.
Layihənin 2014-2016-cı illəri əhatə edən ikinci mərhələsində Balaxanı poliqonunun yenidən qurulması işlərinə, habelə bərk məişət tullantılarının idarəçiliyinə dair milli strategiya, texniki-iqtisadi əsaslandırma və regional investisiya planlarının hazırlanmasına başlanıb. Bu məqsədlə beynəlxalq məsləhətçi şirkətlərin konsorsiumu cəlb edilib. Onlar cari vəziyyəti öyrənmək üçün 11 pilot sahədə tullantıların tərkibi və həcminə dair tədqiqatlar, ölkənin yol şəbəkəsinə, relyef, geoloji, hidrogeoloji və topoqrafik xüsusiyyətlərinə, çay və göl şəbəkəsinə dair araşdırma aparıb, müxtəlif dövlət qurumlarından alınan statistik məlumatlar, rayon və şəhərlərdən daxil olan sorğuları təhlil edib.
Bu məlumatlar əsasında məsləhətçi şirkət ölkə ərazisində bərk məişət tullantılarının davamlı idarə edilməsinə dair daşınma, toplama və zərərsizləşdirmə sisteminin qurulmasının optimal seçimi kimi regional sanitar poliqon və ötürücü məntəqələr şəbəkəsinin yaradılmasını təklif edib və sahə üzrə hüquqi, inzibati, maliyyə, institusional və texnoloji islahatlara dair seçim və inkişaf ssenarilərini özündə əks etdirən konsepsiya sənədinin layihəsini hazırlayıb. Konsepsiya sənədinin əsasında bərk məişət tullantılarının idarəçiliyinə dair milli strategiyanın yekun layihəsi hazırlanacaq və hökumətə təqdim ediləcək.
Dostları ilə paylaş: |