16.12.2015
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramına dair statistika açıqlanıb. Təhsil Nazirliyi bildirir ki, 2015-ci ildə 373 nəfər tələbənin adı təqaüdçülər siyahısına daxil edilib: “Builki müsabiqədə də üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib və 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfər isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb”.
Rəsmi hesabata görə, 9 ildə ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb: “Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland Krallığı tələbələrin təhsil almaq üçün ən çox seçdikləri ilk 5 ölkə olub. Seçimlər nəticəsində magistratura təhsil səviyyəsində daha çox tələbə təhsil almaq hüququ qazanıb. Dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələr Harvard Universiteti, Kembric Universiteti, Oksford Universiteti, London İmperial Kolleci, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Orta Doğu Texniki Universiteti, Toronto Universiteti, Nanyanq Texnologiya Universiteti, Kyoto Universiteti kimi yüksək nüfuzlu ali təhsil müəssisələrində təhsil alırlar.
İndiyədək məzun qeydiyyatından 1147 nəfər keçib. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Sonuncu təhsil alanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənir”.
Yaşıllaşdırma ilə məşğul olan ASC-nin işində nöqsanlar aşkarlanıb
16.12.2015
Hesablama Palatasının Kollegiyası dövlət büdcəsindən “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit tədbirinin nəticələrinə baxıb. Rəsmi məlumata görə, iclasda çıxış edən auditor bildirib ki, ASC büdcə proqnozlarını tərtib edərkən vəsaitə olan tələbat əvvəlki illərin icra səviyyəsi nəzərə alınmadan artıq hesablanıb, onun tabeliyində olan idarələr isə büdcə vəsaitinə tələbatın hesablanması barədə məlumatı mərkəzi idarə aparatına təqdim etməyib: “Cəmiyyətin tabeliyində olan yaşıllaşdırma idarələrinin qulluq etdiyi sahələrin qeyri-meşə fondu torpaqları olması, həmçinin qulluq göstərilən ərazilərin (sahələrin) əksər hissəsini qeyri-münbit torpaqların təşkil etməsi, bəzi yaşıllaşdırma idarələri üzrə torpağın əkinə hazırlanması işlərinin və qulluğun tələb olunan səviyyədə aparılmaması səbəbindən qeyri-meşə fondunda (yolkənarı) əkilmiş ağac və kolların bitiş norması (faizi) müvafiq qaydada qəbul edilmiş həddən aşağı olub.
ASC-nin “Maliyyə vəziyyəti haqqında hesabat”ında ilin əvvəlinə və sonuna qısamüddətli debitor və kreditor borcları və gələcək hesabat dövrlərinin gəlirləri üzrə qısamüddətli öhdəliklərin az, material ehtiyatları üzrə qalıq məbləğinin çox göstərildiyi, ilin sonuna isə yanacağa görə yaranmış kreditor borcunun hesabatda əks etdirilmədiyi, yaşıllaşdırma idarələrinin magistral avtomobil yollarının kənarında əkdiyi ağaclar və kolların (bioloji aktivlər) uzunmüddətli aktivlər kimi deyil, qısamüddətli aktivlər kimi uçota alındığı, layihə-smeta sənədlərinin hazırlanması üzrə yaranmış kreditor borcların isə maliyyə hesabatlarında göstərilmədiyi də üzə çıxıb”.
Auditor ASC-nin mülkiyyətində olmayan bəzi torpaq sahələrinin münbitləşdirilərək əkin üçün hazırlanmasına və ilbəil becərilməsinə dövlət büdcəsinin vəsaiti hesabına çəkilən xərclərin potensial olaraq səmərəsiz xərclərə çevrilməsi riskini yüksəltdiyini qeyd edib.
Tövsiyələr diqqətə çatdırıldıqdan sonra nəzarət tədbirinin nəticələri üzrə qərar qəbul olunub.
Prokuror Rauf Mirqədirova 7 il həbs cəzası istədi
16.12.2015
Dekabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun işi üzrə növbəti proses keçirilib. Musavat.com xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edib. O, Rauf Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hakim növbəti prosesi dekabrın 23-nə təyin edib.
2014-cü il aprelin 19-da tutulan jurnalist dövlətə xəyanətdə günahlandırılır. Prokurorluğun apardığı istintaqa əsasən, jurnalist Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistan xüsusi xidmət orqanlarına casusluq edib.
Bu iş üzrə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus da ittiham edilir. 2015-ci il avqustun 13-ü Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib. Onlar maliyyə cinayətlərində təqsirli bilinib. 2014-cü ilin yayında tutulan həyat yoldaşlarının dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.
Bu ay Bakı Apellyasiya Məhkəməsi onlara 5 il sınaq müddəti təyin etməklə şərti cəza kəsib. Hər iki şəxs azadlığa çıxıb. Yunuslara qarşı dövlətə xəyanət ittihamına gəlincə, onların vəkilinin verdiyi məlumata görə, bu ittiham üzrə icraat dayandırılıb.
Rauf Mirqədirov 1961-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Rauf Mirqədirov uzun illər “Zerkalo” qəzetinin siyasi icmalçısı olub, 2010-cu ildən qəzetin Türkiyədə xüsusi müxbiri postunda çalışıb.
Rauf Mirqədirov 2005-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.
Ötən ilin dekabr ayında İsveçrədə Rauf Mirqədirovun həyat yoldaşına, iki qızına siyasi sığınacaq verilib.
Cəbhənin ön xəttinə reyd olub
16.12.2015
Mod.gov.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə zonasında yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub.
Müdafiənin ön xəttindəki səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri onların döyüş hazırlığı və sosial-məişət şəraiti ilə maraqlanıb. Məlumat verilib ki, yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən şəxsi heyət qablaşdırılmış qida məhsulları, o cümlədən gündəlik olaraq küftə, üç növ dolma və digər milli xörəklərlə, əşya-əmlak, yanacaq və istiliklə tam təmin olunub.
Nazir xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırıb, onlara qiymətli hədiyyələr təqdim edib.
Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib.
Ön İdarəetmə Mərkəzində olan müdafiə naziri onun fəaliyyəti, qoşunların daimi idarə olunması, birlik və birləşmələrin qərargahları ilə bölmələr arasında qarşılıqlı operativ əlaqə, rabitə və elektron vasitələrin dayanıqlığı və əhatə dairəsi, eləcə də döyüş və ya əməliyyatların idarə olunması imkanlarını yoxlayıb.
Dostları ilə paylaş: |